Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır

Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. 
Onların arasında, əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur. İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında nitqindən.
29 sentyabr, 2016-cı il

 

 

Heydər Əliyev siyasi kursunun inkişaf yoluna çıxartdığı, Prezident İlham Əliyevin regionun lider dövlətinə çevirdiyi müasir, qüdrətli  Azərbaycan Respublikası artıq bir neçə cəhətdən dünya ölkələrinə nümunə  göstərilir. Həmin nümunələrdən biri də ölkəmizin beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsidir. Elə bir il olmur ki, Azərbaycan paytaxtında siyasətçilərin, iqtisadçıların, hərbçilərin, diplomatların, din, mədəniyyət, elm xadimlərinin və xüsusən, idmançıların iştirakı ilə  beynəlxalq tədbirlər keçirilməsin.  
Azərbaycan  və Rusiya  prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildən etibarən keçirilən və artıq  ənənəvi hal alan Bakı Beynəlxalq Humanitar  Forumu dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır. İndiyədək ölkəmizdə keçirilən Humanitar forumlarda kifayət qədər nüfuzlu şəxs --  siyasətçilər, alimlər, Nobel mükafatçıları, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər. Bu gün öz işinə başlayan VI Forumda da həmin ənənə davam etdirilir.
Bu gün və sabah  paytaxtımızda davam edəcək  VI Bakı Beynəlxalq Humanitar Forumu  “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunu əhatə edəcək. Forum çərçivəsində maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq. Təşkilatçılar bildiriblər ki,  forum çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən davamlı inkişafla bağlı beynəlxalq konfrans keçiriləcək: "Bu konfrans forumun əsas platformalarından biri kimi təşkil olunacaq və bu tədbirdə də nüfuzlu şəxslər, dövlət və hökumət rəsmiləri təmsil olunacaq, maraqlı mövzular müzakirə ediləcək".
Əlavə edilir  ki, VI Bakı Beynəlxalq Humanitar Forumu, həmçinin Azərbaycan dövlətinin insan kapitalının inkşafına dəstəyi kimi qəbul ediləcək. Çünki 97 ölkədən təqribən 580 nəfərin iştirak edəcəyi forumda dünyanı narahat edən məsələlərə toxunulacaq. Yəni  bu forum ölkəmizin təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bir müqayisə aparaq. Prezident İlham Əliyev V Forumun açılışında söylədiyi nitqində demişdi ki, builki forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir. Yuxarıda qeyd etdiyimiz kimi, VI Forumun təşkilatçıları isə mətbuat konfransında deyiblər ki, növbəti tədbirdə 97 ölkədən təqribən 580 nəfər iştirak edəcək. Yəni 17 ölkə forumda ilk dəfə iştirak edəcək. Nümayəndələrin sayı isə daha çox – 180 nəfər artıb ki, bu da  beynəlxalq aləmdə Bakı Forumuna olan inam və etimadın göstəricisidir. Bu, kiçik göstərici deyil. Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. 
Dövlət başçımızın dediyi kimi, bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir sıra  məqsədlər var. İlk növbədə, bu, bizim ölkəmizə lazımdır: “Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün,  əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər”.
Xatırladaq ki, Bakı beynəlxalq humanitar forumları 2011-ci ildən etibarən keçirilsə də, onun təməli 2010-cu ilin yanvarında  Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan--Rusiya Forumunda qoyulmuşdu. Məhz bu iki ölkə təmsilçilərinin iştirakı ilə keçirilən həmin tədbirdə qəbul edilmiş qərara əsasən, sonrakı il  Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu. Forumun əsas məqsədi --  humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarət idi. Bu məqsədlə  “dəyirmi masalar vasitəsilə dialoqlar qurulur və hamını maraqlandıran məsələlər üzrə geniş müzakirələr aparılırdı. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv  müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Bu fəaliyyətin  nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur.
İki qonşu dövlətin prezidentlərinin təşəbbüsü ilə, bilavasitə Bakının ev sahibliyi ilə keçirilən forumun müzakirə etdiyi məsələlər və iştirakçılar barədə bəzi statistik materiallara nəzər salaq.
2011-ci ilin 10-11 oktyabr tarixlərində keçirilən I Bakı Beynəlxalq Humanitar Forumu “XXI Əsr: ümid və çağırışları” adlanırdı və  forum çərçivəsində dünyanın 20-dən çox ölkəsindən qonaqlar  yeddi sahə üzrə “dəyirmi masa”larda iştirak ediblər. İlk məsələ “Multikulturalizm” idi.                                                  
 2012-ci il oktyabrın 4-5-də keçirilən  II Bakı Beynəlxalq Humanitar Forumunda 74 ölkəni və 10 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak etmişdir. Onlardan 2 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru, 63-ü görkəmli ictimai və siyasi xadim idi. Forum çərçivəsində 8 mövzu üzrə “dəyirmi masa”lar təşkil edilmişdi. İlk məsələ “Multikulturalizm və mədəni özünüdərk” mövzusu idi. 
2013-cü il oktyabrın 31-də Heydər Əliyev Mərkəzində keçirilən III Bakı Beynəlxalq Humanitar  Forumunda 70 ölkəni və 5 mötəbər beynəlxalq təşkilatı təmsil edən 800 nəfər iştirak etmişdir. Onlardan 7 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 7-si dünyanın nüfuzlu fəxri professoru, 107-si görkəmli ictimai və siyasi xadim idi. Səkkiz mövzu üzrə “dəyirmi masa”lar təşkil edilmişdi və ilk məsələ “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” idi. 
2014-cü il oktyabrın 2-3-də   keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunda 63 ölkəni və 4 mötəbər beynəlxalq təşkilatı təmsil edən 500 nəfər iştirak etmişdir. Onlardan 4 nəfəri sabiq dövlət başçısı, 14-ü Nobel mükafatı laureatı, 41-i görkəmli ictimai və siyasi xadim idi. Səkkiz mövzu üzrə təşkil edilən “dəyirmi masa”larda müzakirə edilən ilk mövzu belə idi: “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”.                                                   
2016-cı il sentyabrın 29-da Heydər Əliyev Mərkəzində keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunun işində dünyanın 80-nə yaxın ölkəsindən 400-dən çox nümayəndə, o cümlədən 15 Nobel mükafatı laureatı iştirak edirdi. Forumda altı mövzu üzrə təşkil edilən “dəyirmi masa”larda müzakirə edilən ilk  məsələ belə adlanırdı: “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”.
Təbii ki,  bu forumlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün atılan ən uğurlu addımlardandır və onların müsbət nəticələrini  daim görürük. Məhz bu qəbildən olan tədbirlərin nəticəsidir ki, bu gün “Dağlıq Qarabağ  Azərbaycanın tarixi əraziləridir və erməni silahlıları oradan çıxarılmalıdır” – qənaətini az qala dünyanın bütün ölkələrindən, planetimizin bütün qütblərindən eşidirik. Biz öz haqq səsimizi daha geniş auditoriyada yaydıqca, ikili standart müəlliflərinin at oynatdığı meydanlar da sürətlə daralmaqdadır.

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti” 

24 Oktyabr 2018 23:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə