Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Torpaqların su təminatı və meliorativ vəziyyəti məhsul istehsalında mühüm rol oynayır

Ölkəmizdə meliorasiya və irriqasiya sahəsinin inkişafına xüsusi əhəmiyyət verilir. Bu istiqamətdə 2003-cü ildən geniş vüsət alan yenidənqurma tədbirləri sözügedən sistemin müasir səviyyəyə çatmasını şərtləndirib. Son illərdə həyata keçirilən mühüm layihələrdən biri olan Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi də bunun bariz ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin İmişli rayonuna səfəri çərçivəsində həmin qol-kanalın açılış mərasimində bu barədə ətraflı danışıldı. Dövlətimizin başçısı mərasimdə çıxış edərək bildirdi ki, respublikada meliorativ tədbirlərin həyata keçirilməsi prioritet məsələdir. 
Ölkə rəhbəri respublikamızda kənd təsərrüfatının inkişafında müsbət dinamikanın nəzərə çarpmasının səbəblərindən biri olaraq meliorativ tədbirlərin əhəmiyyətini xüsusi vurğulayaraq dedi: “Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq. Əlbəttə ki, bu, kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Hesab edirəm ki, builki göstəricilər də qənaətbəxşdir. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacaq. Biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək…”. 
Son 15 ildə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.
Son 15 ildə meliorasiya və su təsərrüfatı sahəsinə ayrılmış əsaslı kapital qoyuluşu da dəfələrlə artıb və maddi-texniki baza xeyli yaxşılaşdırılıb. Ölkənin su təhlükəsizliyində strateji əhəmiyyət kəsb edən Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları istifadəyə verilib, 4,1 min kilometr suvarma kanalları və 2,7 min kilometr kollektor-drenaj şəbəkələri tikilib və ya bərpa edilib, 2234 subartezian quyusu qazılıb. Həmçinin 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə ­meliorativ vəziyyəti yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.
Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin ölkənin qeyri-neft sektorunun, o cümlədən aqrar sektorun inkişafına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir. İmişli rayonunda Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi də bu inkişafın bariz nümunəsidir, eyni zamanda, möhtərəm dövlət başçımızın həyata keçirdiyi aqrar siyasətin konkret bəhrəsidir. 

İbrahimxəlil İBRAHİMOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti

24 Oktyabr 2018 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə