Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubalı fermer: Hamımız möhtərəm Prezidentin bölgələrə göstərdiyi qayğıdan razıyıq

Azərbaycan Prezidenti İlham Əliyev son bir neçə həftə ərzində Quba, Lənkəran və İmişli rayonlarına səfər edərək, bir çox mühüm obyektlərin açılışında iştirak etmiş, sakinlərlə görüşmüşdür. Dövlət başçımızın regionların sosial-iqtisadi, mədəni inkişafına göstərdiyi böyük diqqət və qayğı ölkə vətəndaşları tərəfindən dərin razılıq hissi ilə qarşılanır. Quba rayonunun Birinci Nügədi kənd sakini, fermer Ramiz Kərimov bu barədə dedi: 
– Möhtərəm Prezidentin bölgələrə hər bir səfəri yaddaqalan, əlamətdar bir hadisəyə çevrilir. Bu il oktyabrın 22-də dövlətimizin başçısı İmişli rayonuna səfər edib. Mən bu səfəri televiziyadan dərin maraqla izlədim. İmişlidə görülən işlərin miqyası məni yaxşı mənada heyrətə gətirdi. 
Fəxrlə deyə bilərəm ki, son illər təkcə İmişli deyil, Azərbaycanın bütün bölgələri sürətlə inkişaf edir, gözəlləşir. Bizim Quba da indi gündən-günə abadlaşan, tərəqqi edən bölgələrdən biridir. 
Dövlətimizin başçısı bir müddət əvvəl Quba rayonuna da səfər etmişdi. Möhtərəm Prezidentimiz burada keçirilən tədbirlərdəki çıxışı zamanı Qubanın inkişafını daha da sürətləndirmək üçün çox dəyərli tapşırıq və tövsiyələr vermişdir. Biz başa düşürük ki, Azərbaycan dövləti, şəxsən cənab İlham Əliyev hər vəchlə çalışır ki, xalqımız daha firavan, xoşbəxt yaşasın. Buna görə də Qubada hamı möhtərəm Prezidentin bölgələrə, o cümlədən Qubaya göstərdiyi qayğıdan çox razıdır. 
Quba, ilk növbədə ənənəvi meyvəçilik rayonudur, bağlar diyarıdır. Mən bütün ömrümü bağbançılığa həsr etmişəm. Ailəmə düşən pay torpağında məhsuldar meyvə bağı salmışam. İndi ailə üzvlərim, yaxınlarımla bərabər burada həvəslə çalışırıq. Son illər bağdan bol məhsul toplayırıq. Dolanışığımız da, əhvali-ruhiyyəmiz də çox yaxşıdır. 
Mənim meyvə bağımdakı ağacların əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilib. Bunlar dünyada məşhur olan “Fuci”, “Sakuray” və “Ramzes” alma sortlarıdır. Çox dadlı almalardır. Ətirli və şirəlidir. Meyvələr soyuducu anbara qoyulmadan da mart-aprel aylarınadək xarab olmadan qalır. 
Yaponiyalı mütəxəssislər tez-tez bizim kəndə gəlirlər, qonağım olurlar. Onların dilindən dəfələrlə paytaxt Bakının, ölkə regionlarının sürətlə inkişaf etməsi barədə müsbət rəylər eşitmişəm. Təbii ki, əcnəbilərdən Vətənim barədə xoş sözlər eşidəndə çox sevinirəm. 

Söhbəti yazdı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

24 Oktyabr 2018 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə