Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: çərçivələr daralır

Ermənistanda siyasi proseslərin inkişaf məntiqi göstərir ki, 2018-ci ilin sonuna qədər də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ciddi addım atmaq mümkün olmayacaq.
Bu il aprelin 13-dən Ermənistanda başlayan güclü etiraz hərəkatı günü-gündən genişlənərək aprelin 17-də baş nazir vəzifəsinə seçilən Serj Sarkisyanın cəmi 6 gün sonra – aprelin 23-də məcburi istefasına gətirib çıxartdı, Dağlıq Qarabağ şovinist erməni güruhunun ölkəni bərbad vəziyyətə salan siyasətinə qarşı ümumxalq hərəkatına başçılıq edən Nikol Paşinyan aşağıların dəstəyi ilə mayın 8-dən baş nazir vəzifəsini tuta bildi. Lakin o vaxtdan keçən 5 aydan artıq zaman kəsiyi nə daxili sabitləşməyə gətirib çıxarmış, nə də ölkənin yeni hakimiyyətinin xarici siyasətində prinsipial aydınlığa yol açmışdır. O cümlədən, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu barədə İrəvanın siyasi konsepsiyasında əvvəlki hakimiyyətin xəttindən fərqli əlamətlər aydın sezilmir. Hələlik isə ölkənin daxili siyasətində keçmiş rejim tərəfdarlarına qarşı getdikcə sərtləşən tədbirlər -- həbslər, məhkəmə prosesləri, xarici siyasətində isə ənənəvi müttəfiqi və möhkəm arxası olan Rusiya ilə münasibətlərin xeyli dərəcədə soyuması, Qərbə meylin getdikcə artması diqqəti cəlb edir.
N.Paşinyanın köhnə hakimiyyət təmsilçilərini hökumət strukturlarından uzaqlaşdırması, onların yerinə Qərbdə təhsil alan, ümumiyyətlə Qərbə meyilli siyasətçiləri təyin etməsi Moskvanı xüsusilə narahat edir. Hətta N.Paşinyan bu yaxınlarda Rusiyanı Ermənistanın əbədi dostu hesab etməklə yanaşı, Qərbin ona qarşı sanksiyalarına qoşulmaq ehtimalını əsla inkar etməmişdir. Buradan belə bir nəticə çıxarmaq mümkündür ki, onun hakimiyyətə gəlişində Qərbin nəinki marağı, həm də fəal iştirakı var. Ehtimal etmək olar ki, Ermənistan kimi kiçik dövlətə bu maraq onun özündən çox Rusiya ilə bağlıdır, Moskvanın nüfuz dairəsini maksimum daraltmaq strategiyasının tərkib hissəsidir. Ukraynanı Rusiyanın düşməninə çevirə biliblər, Ermənistanı nə üçün belə bir yola çəkməsinlər?
Rusiyanın ictimai-siyasi dairələri Ermənistanın indiki rəhbərliyinə çatdırmaq istəyirlər ki, Moskvanın hərbi yardımı olmadan Dağlıq Qarabağı əldə saxlaya bilməyəcək. Nə demək olar, gerçəklik dar məqamda etiraf olunur. Yeri gəlmişkən, Rusiyanın nisbətən sağlam düşüncəli siyasətçiləri təkidlə bildirirlər ki, regionun lideri olan Azərbaycan Moskva üçün əvəzsiz tərəfdaşdır. Ən azı, İranla tranzit əlaqələrinin müntəzəm davam etməsində.
Ermənistanın indiki rəhbərliyi Qərbin dəstək və rəğbətini qazanmaq üçün gizli sövdələşmələrlə yanaşı, açıq siyasi-mədəni tədbirlərdən də istifadə etməyə çalışır. Fransız dilli ölkələrin mədəni birlik qurumu olan Frankofoniyanın oktyabrın 11-12-də İrəvanda keçirilən növbəti 17-ci sammiti bunun üçün göydəndüşmə oldu. N.Paşinyan tədbirin açılışında fransız dilində nitq söyləməklə, musiqiçilər demiş, “sarı simə” toxundu. Sammitdə iştirak edən Fransa Prezidenti E.Makron erməni xalqı ilə dostluqdan bolluca danışaraq, demokratiya və tərəqqi yolunda bu ölkəyə uğurlar arzuladı.
Bununla belə, Qərbin Ermənistana, onun yaxın qonşuları olan Türkiyə, Azərbaycan, hətta Gürcüstan barədə ərazi iddialarına münasibət heç də İrəvanın istəkləri ilə üst-üstə düşmür. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mills oktyabrın 8-də baş nazir N.Paşinyanla vida görüşündə bu ölkənin dostu olaraq qalacağını söyləməklə yanaşı, EVN Report portalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivini nədə gördüyünü açıqlamışdır. Onun fikrincə, bu münaqişənin həlli “status müqabilində torpaq” deyil, “sülh naminə torpaq” prinsipinə əsaslanmalı, “işğal olunmuş ərazilərin bir hissəsi” qaytarılmalıdır.
Burada diqqəti xüsusilə cəlb edən anlayış məhz “işğal” termini ilə bağlıdır. Hər dəfə təkidlə bildiririk ki, bu münaqişənin həlli yolu konflikt iştirakçılarının hər birinin öz adı ilə çağırılmasından – işğalçı və təcavüzə məruz qalanın hər birinin siyasi-hüquqi müstəvidə düzgün qiymətləndirilməsindən asılıdır. Ermənistanın öz adı ilə – “işğalçı-təcavüzkar dövlət” kimi tanınması ilə yanaşı, Azərbaycanın təcavüzə məruz qalan ölkə, əraziləri işğal altında olan dövlət kimi bütün beynəlxalq birlik tərəfindən etirafı da son dərəcə vacibdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təkcə bu il 12 xarici ölkəyə səfəri, 15 ölkənin dövlət və hökumət başçılarının Azərbaycana gəlişi dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndiyini əyani əks etdirir. İyulun 10-12-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə onun Brüsselə səfəri, burada iyulun 11-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla danışıqları, Aİ ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin imzalanması xarici siyasətimizin növbəti sanballı uğurudur. Bu sənəddə qarşılıqlı maraqlarımızın ədalətli təmin edilməsi müddəası ilə yanaşı, bir-birinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə hörmət və dəstək ifadə olunmuşdur. Elə həmin günlər keçirilən NATO-ya üzv olan dövlətlərin Zirvə toplantısının yekun bəyanatında da respublikamızın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi qeyd edilmiş, Ermənistan-Azərbaycan münaqişəsinin həmin prinsiplər əsasında həllinə dəstək ifadə olunmuşdur.
Ölkəmizə səfərlər arasında Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin avqustun 25-də Bakıda Prezident İlham Əliyevlə görüş və danışıqlarını, eləcə də AFR hökumətinin Almaniya Bundestaqından ona ünvanlanan suala cavabında işğal altında olan Dağlıq Qarabağı və yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi hesab etdiyini bildirməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bir daha bəyan etməsi də xarici siyasət aktivimizə mühüm töhfədir.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin yeni təyin olunmuş köməkçisi Corc Kentin oktyabrın 9-da Azərbaycana səfəri zamanı mətbuat konfransında BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad etməsi ATƏT-in Minsk qrupunun həmsədri olan bu dövlətin mövqeyində obyektivlik olduğunu deməyə əsas verir. Bundan əlavə, ABŞ-ın daha yuxarı vəzifəli nümayəndəsi – prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton oktyabrın 22-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gəlmişdir. Dünən onu Azərbaycan Prezidenti İlham Əliyev qəbul etmişdir. Onun dediyinə görə, bu səfərin gedişində Cənubi Qafqaz Respublikalarının regionda roluna, o cümlədən, İran, Rusiya və Türkiyə ilə münasibətləri məsələsinə diqqət yetirəcək. Hesab edirik, onun bu tanışlıq səfəri də regionumuzda siyasi gerçəkliyin obyektiv dərkinə kömək edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə vaxtından əvvəl parlament seçkilərinə yol açmaq üçün oktyabrın 16-da vəzifəsindən istefa vermişdir. Ölkə konstitusiyasına görə, yaxın iki həftə ərzində yeni baş nazir seçilməsə, parlament buraxılmalı, növbədənkənar seçkilər təyin olunmalıdır. Onun dediyinə görə, parlamentdə əksəriyyət təşkil edən keçmiş rejim tərəfdarları “qisas almağa” çalışmayacaqlarına söz veriblər. Əgər hər halda öz sıralarından kimisə baş nazir seçsələr, etiraz hərəkatının misilsiz həddə çatacağı, siyasi xaosun daha da dərinləşəcəyi bildirilir. Bizim üçün isə vacib olan budur ki, ilin sonuna qədər keçiriləcəyi güman edilən həmin seçkilər baş tutsun, yeni hakimiyyət formalaşsın, onun siyasi xətti, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli probleminə münasibəti qəti müəyyənləşsin.
Azərbaycanın mövqeyinə gəldikdə, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında onu belə ifadə etmişdir: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq”.

Yasin QARAMƏMMƏDLİ, 
siyasi icmalçı

24 Oktyabr 2018 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə