Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutunda mətbuat konfransı

Oktyabrın 24-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Azərbaycan Mətbuat Şurası rəhbərliyinin və üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan rektor Ceyhun Məmmədov bildirib ki, tədbirin məqsədi və mahiyyəti institutun fəaliyyəti, görülən işlərin hesabatıdır. 
Rektor qeyd edib ki, bu təhsil ocağı müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş yeni ali təhsil müəssisəsidir.
Qeyd olunub ki, Aİİ keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir. Burada dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin akademik biliyə malik olan alimlər tərəfindən aparılır. Belə ki, onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi dünyanın müxtəlif ölkələrində akademik fəaliyyətlə məşğul olmuş elm adamları var. Bundan əlavə, institut yarandığı gündən mətbuatla sıx əməkdaşlıq edir və onlara ən böyük dəstək də məhz jurnalistlərdən gəlir… 
Rektor əlavə edib ki, Azərbaycan İlahiyyat İnstitutunda qəbul üzrə ayrılmış plan yerləri 100 faiz dolub. Hazırda ali məktəbdə 103 tələbə təhsil alır. Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə islamşünaslıq və dinşünaslıq ixtisasları üzrə başlayıb. İnstitutda dünya standartlarına cavab verən tədris üçün zəruri olan tələblər yerinə yetirilib. 
Şəffaf, modern, qabaqcıl meyarlar ilə formalaşdırılan Azərbaycan İlahiyyat İnstitutu dövlətin qayğısı ilə təmin olunub. İnstitutda təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin ediliblər. Gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunacaqları planlaşdırılır.
Daha sonra Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxış edərək, institutun yaradılmasının əhəmiyyətindən söhbət açıb. Qeyd edib ki, bu gün Azərbaycanda həm milli, həm də mənəvi dəyərlərimizə, xalqımızın tarixində və kimliyində mühüm əsas təşkil edən türkçülük və İslam ideyalarının sağlam şəkildə öyrənilməsinə və təbliğinə ehtiyac var. Bu iki ideyanı Azərbaycanda bir-biri ilə vəhdətdə tutmaq çox vacibdir. Deputat əlavə edib ki, sağlam düşüncənin milli–mənəvi çərçivələrə uyğun şəkildə yayılması üçün xurafatla da mübarizə aparmaq lazımdır. Bu məsələdə İnstitutun kollektivinin üzərinə mühüm vəzifələr düşür. 
Sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş ­redaktoru, Milli Məclisin deputatı Hikmət ­Babaoğlu öz növbəsində bir sıra tarixi amillərə toxunaraq bildirib ki, Azərbaycanda bu vaxta qədər bir çox dinlər mövcud olub. Lakin İslam dini formalaşdıqdan sonra o, öz yerini möhkəmləndirib. Buna baxmayaraq, hər bir dinin tariximizdə öz izlərini tapmaq mümkündür. Ona görə də, bu gün belə bir təhsil müəssisəsinin fəaliyyəti gələcək nəslin mənəvi tərbiyəsi baxımından mühüm amildir. 
Daha sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Trend” İnformasiya Agentliyinin baş direktorun müavini Arzu Nağıyev, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və digər media mənsubları çıxış edərək ölkəmizdəki tolerant mühitdən, İlahiyyat İnstitutunun cəmiyyətə verəcəyi töhfələrdən söhbət açıblar.
Sonda institutun binasına və auditoriyalara baxış keçirilib və dəsrlərdə müşahidə aparılıb. 

Anar TURAN, 
“Xalq qəzeti”

 

24 Oktyabr 2018 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə