Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllı: Uğurlar üçün böyük potensial vardır

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş ümumrayon toplantısındakı hesabat məruzəsinə ilin ən yaddaqalan hadisəsini xatırlatmaqla başladı:
“2018-ci ilin 9 ayı İsmayıllı üçün də yaddaqalan hadisələrlə zəngin olub. Avqustun 25-26-da cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın İsmayıllıya tarixi səfərinin təəssüratlarını hələ də yaşayırıq. Səfər çərçivəsində cənab Prezident və birinci xanım Keyvəndi kəndindəki “AZZA AGRO” MMC-nin istifadəyə verilən müasir heyvandarlıq kompleksinin, Keyvəndi–Bəhliyan avtomobil yolunun, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, "Azərxalça” ASC-nin İsmayıllı filialının, yenidənqurma və bərpadan sonra istifadəyə verilən Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun, İsmayıllı şəhərində yenidən qurulmuş 110/35/10 kilovoltluq yarımstansiyanın, avqustun 26-da isə yeni salınan 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yolunun, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və Lahıc qəsəbəsinə təbii qazın verilməsinin açılışında iştirak ediblər”. 
Rayon rəhbəri əlavə etdi ki, cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqlar 2018-ci ilin ötən dövrü ərzində İsmayıllıda uğurla həyata keçirilib. Doqquz ay ərzində faktiki qiymətlərlə 193 milyon 33 min manat məbləğində ümumi məhsul istehsal olunub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 994 min manat çoxdur. Sənayedə 51,5 faiz, kənd təsərrüfatında 2,2 faiz, tikinti-quraşdırma işlərində 55,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 0,2 faiz, informasiya və rabitədə 10,3 faiz, ticarətdə 4,9 faiz artım əldə edilib. 
Qeyd edildi ki, hesabat dövründə əsas kapitala 60 milyon 296 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 976 min manat və ya 1,4 dəfə çox investisiya qoyulub. İnvestisiyanın 28,4 milyon manatı özəl sektorun payına düşür. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 milyon manat artıqdır. Qeyd etmək lazımdır ki, investisiya qoyuluşunun çox hissəsi yol tikintisinə, qaz xəttinin çəkilməsinə, elektrik enerjisi təsərrüfatının inkişafına, sosial təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur ki, bu da investisiya qoyuluşunun sosial yönümlü olduğunu göstərir.
Xüsusilə vurğulandı ki, 2018-ci ilin doqquz ayında rayonda dövlət vəsaiti və sahibkarlar tərəfindən geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülüb. Belə ki, yaşayış evləri, istehsal və sosial təyinatlı obyektlər inşa olunub, şəhərdaxili küçələr abadlaşdırılıb, yollara asfalt örtük vurulub, ictimai yaşayış binalarında təmir işləri aparılıb.
Əvvəlki illərdə inşasına başlanılmış bir sıra obyektlərin tikintisi başa çatdırılıb. Hazırda rayon ərazisində bir neçə iri həcmli istirahət-turizm obyektlərinin, o cümlədən İsmayıllı şəhərində 4 ulduzlu otel binasının, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində “Bədo əyləncə istirahət mərkəzi”nin, Talıstan kəndi ərazisində “İstirahət Kompleksi”nin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir. Rayon ərazisində 60 yaşayış evinin, 9 obyektin inşasına razılıq, 6 obyektin istismarına icazə sənədi verilib.
Kənd təsərrüfatının əsas sahələrindən olan taxılçılıq, üzümçülük, tütünçülük, tərəvəzçilik, baramaçılıq, heyvandarlıq, arıçılıq və digər sahələrdə qazanılmış uğurlardan söz açan Mirdaməd Sadıqov vurğuladı ki, bu sahələrin hər birində daha böyük nailiyyətlərə imza atmaq üçün potensial vardır və həmin potensialdan istifadə ediləcək.
Əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışan natiq qeyd etdi ki, hesabat dövründə rayonun xidmət idarə və təşkilatları qənaətbəxş fəaliyyət göstərib və öhdələrinə düşən vəzifələrin icrasına, əsasən, nail olublar. Əhalinin təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması məqsədilə Lahıc qəsəbəsi, Ərəgit, Namazgah, Gəndov və Qaraqaya kəndləri qazlaşdırılıb. Ümumilikdə bu yaşayış məntəqələrində 978 abonent təbii qaz yanacağı ilə təmin olunub. Hazırda Qalacıq kəndinə qaz çəkilişinə başlanılıb.
Rayonun elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilib, enerji təsərrüfatında əsaslı və cari təmir işləri aparılıb. Belə ki, açılışında cənab Prezidentin iştirak etdiyi 110/35/10 kilovoltluq İsmayıllı yarımstansiyası yenidən qurulub. 2 ədəd 16 meqavat gücündə transformator quraşdırılıb, bütün avadanlıqlar məsafədən idarəetmə sxemi ilə təchiz edilib. Yarımstansiyanın ümumi gücü 6 meqavat artırılaraq 32 meqavata çatdırılıb. 
Təhsil, səhiyyə, mədəniyyət sahələrindəki uğurlardan söz açan natiq qeyd etdi ki, bu sahələrdəki göstəricilər nə qədər yaxşı olsa da, hələ görüləcək işlər də bir o qədər çoxdur.
Natiq sonda qeyd etdi ki, ölkəmizin sürətli inkişaf tendensiyasına özünəməxsus töhfələr verən İsmayıllı rayonu da bu inkişaf və yüksəlişin önündə addımlayır. Rayon sakinləri cənab Prezidentin tövsiyə və tapşırıqlarını uğurla həyata keçirir, ölkənin sürətli inkişafına qoşulur. Rayonumuz inkişaf etmiş bölgələrdən birinə çevrilmək üçün bütün imkanlarını səfərbər edir, qarşıdakı illərin yüksəliş yollarına qədəm qoyur. İsmayıllılılar cənab Prezidentin rayonumuza diqqət və qayğısından ruhlanaraq, gələcəyə, sabaha daha böyük ümid və inamla baxır, onun ətrafında daha sıx birləşirlər.
 
İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri
24 Oktyabr 2018 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə