Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağsu: il uğurlu göstəricilərlə başa çatdırılacaq

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin 2018-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon toplantısında səsləndirdiyi hesabat çoxsaylı fakt və rəqəmlərlə zəngin idi. 
Rayon rəhbəri qeyd etdi ki, 2018-ci ilin doqquz ayı ölkənin hər yerində olduğu kimi, Ağsuda da uğurlu nəticələrlə başa vurulub, iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafa nail olunub. İlin 9 ayında rayon üzrə umumi məhsul buraxılışının həcmi 141 milyon 266,4 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Ümumi məhsul buraxılışının 51,0 faizi kənd təsərrüfatında, 28, 4 faizi ticarətdə, 12, 7 faizi tikintidə olub. 
 Bildirildi ki, ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi 7 milyon 965,0 min manat, sənaye məhsulunun qeyri dövlət bölməsində həcmi isə 6 milyon 282,9 min manat olub. Sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 78,9 faiz təşkil edib. 
Qeyd edildi ki, Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası ilə əlaqədar kənd təsərrüfatı bitkiləri əkib becərən 8129 nəfər istehsalçıya əkib becərdikləri 
34 min 643 hektar sahəyə görə 2 milyon 402558 manat yardım hesablanaraq Respublika Komissiysının qərarına əsasən, istehsalçılara bank vasitəsi ilə ödənilib. 
Bu il kümçülər tərəfindən 10 min 935 kiloqram barama yetişdirilərək “Şəki İpək” ASC-yə təhvil verilib. Bu 2017-ci illə müqayisədə 5443 kiloqram çoxdur. Rayon üzrə 2600 hektar sahədə pambıq əkilib və məhsuldarlıq istənilən səviyyədədir.
Hesabat dövründə Ağsu şəhərində bir sıra keçici obyektlərdə tikinti-quraşdırma işləri davam etdirilib. Şəhər mərkəzindəki 2 mərtəbəli Mədəniyyət sarayında yenidənqurma işləri başa çatdırılıb. Tikintisinə ötən ilin sonlarında başlanılmış Bayraq meydanı, Bayraq muzeyi və Uşaq Gənclər yaradıcılıq mərkəzinində işləri davam etdirilir. 
Hesabatda qeyd edildi ki, 2014-2018-ci illərdə Regionların sosial iqtisadi inkişafı ilə əlaqədar olaraq balansda olan yerli əhəmiyyətli – 15 kilometrlik Dilman-Xatman avtomobil yolu “Dövlət Proqramı”na salınmışdı və indiyədək həmin avtomobil yolunda 2556,1 min manatlıq təmir işləri aparılıb. 
Rayon əhalisinə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən danışan natiq qeyd etdi ki, ilin 9 ayı ərzində Ağsu Elektrik Şəbəkəsinin balansında olan 110/35/10 Ağsu yarımstansiyasında 560 kvadratmetr sahədə asfalt örtüyü döşənib, Ərəbmehdibəy yarımstansiyasına 1 ədəd 10 mVa gücündə transformator quraşdırılıb. İlin 9 ayı ərzində şəbəkəyə 16 ədəd yeni transformator, 10 ədəd təmirdən çıxan transformator gətirilərək kəndlərdə quraşdırılıb.
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər həyata keçirilir. Belə ki, bu il rayonun Nüydü, Nuran, Hinqar və Xanbulaq kəndlərinə qaz xətti çəkilib. Bundan əlavə 213 fərdi mənzilə qaz açılışı təmin edilib.
Pambıq sahələrinin suvarılması üçün 152 metrdən artıq su arxları idarənin daxili imkanları hesabına lildən təmizlənib və ya yenidən qazılıb. İmkanlardan maksimum istifadə etməklə pambıq və digər əkin sahələrinin suvarılması tam təmin edilib. Suvarma mövsümünün başa çatmasıyla, eyni vaxtda, yeni mövsümə hazırlıq işlərinə başlanılıb. Belə ki, Bəyimli, Sarvan, Çiyni, Növcü, Malikçobanlı, Ərəbmehdibəy, Xalilli, Mustafalı, Qaravəlli, Hacıqədirli, Qaraqoyunlu, Musabəyli, İlxıçı və digər kanallarda suvarma arxlarının lildən təmizlənməsi işlərinə başlanılıb. 
Rayonun təhsil müəssisələrinin uğurlarından danışan icra başçısı dedi ki, Dövlət İmtahan Mərkəzinin 30 iyun 2018-ci il tarixdə keçirdiyi buraxılış imtahanına XI sinif üzrə 530 şagirddən 526-sı buraxılıb. Muradlı kənd tam orta məktəbi ən yüksək – 100 faiz göstərici əldə edib. Natiq qeyd etdi ki, 2010-cu ildən başlayaraq, hər il ali məktəblərə qəbul olan məzunların sayı artmaqda davam edir. Ali təhsil müəssisələrinə qəbul 2010-cu ildə 35 nəfər, 2017-ci ildə 115 nəfər olmuşdusa, bu il həmin göstərici 135 olub. 15 nəfər 500-dən, 4 nəfər isə 600-dən çox bal toplayıb .
Hesabat müəllifi rayonda işsizliyin aradan qaldırılması haqqında danışarkən dedi ki, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi işinin gücləndirilməsində aktiv məşğulluq tədbirlərinin böyük əhəmiyyəti var. Bu məqsədlə avqust ayının 30-da rayonda növbəti “Əmək yarmarkası” keçirilib. Yarmarkanın nəticəsi olaraq 51 nəfər vətəndaş işlə təmin olunub.
Natiq qeyd etdi ki, ilin sonunadək rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, özəl sektorun inkişafına köməklik göstərilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, abadlıq-quruculuq işlərinin aparılması, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək. Rayon ərazisində avtomobil yollarının əsaslı təmiri və körpülərin yenidən qurulması istiqamətində tədbirlər davam etdiriləcək. 
Hesabatın sonunda söylənilən fikirlər isə daha böyük nikbinlik yaradırdı: “Əmin edirəm ki, ağsulular Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşərək ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə dövlətimizin geniş miqyaslı iqtisadi strategiyayasının həyata keçirilməsinə öz töhfələrini verəcəkdir”. 

İlqar HƏSƏNOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

24 Oktyabr 2018 22:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə