Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlilabad: inkişafın üfüqləri genişlənir

Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Cəlilabadda keçirilmiş geniş şura iclasında icra hakimiyyətinin başçısı Namiq Zeynalov məruzə ilə çıxış edib. Məruzəçi aqrar sahənin uğurlarına daha çox diqqət ayrıldığını, eləcə də, abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını bildirib. 
Natiq deyib ki, aqrar bölmənin əsasını təşkil edən taxılçılıqda yüksək məhsuldarlığa nail olunmuş, zəmilər qısa müddətdə və heç bir itkiyə yol verilmədən biçilmişdir. Nəticədə, rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilmişdir. Həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 480 ton günəbaxan, 480 ton qarğıdalı, 8,4 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 9,9 min ton üzüm, 4 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunmuşdur. Əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 
5 min hektara çatdırılmışdır. Kənd əməkçiləri 102,5 min ton yüksək keyfiyyətli kartof istehsal etmişlər ki, onun da 80 faizi xarici ölkələrə ixrac olunmuşdur. Ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür. Bu il rayonda 505 hektar sahədə pambıq əkilmiş, indiyədək 545 ton məhsul istehsal edilmişdir. Barama becərilməsi məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5 min, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 10 min ədəd tut tingi əkilmişdir. Cari ildə 1172 kiloqram yaş barama istehsal edilmişdir.
Ötən müddət ərzində Cəlilabad şəhərində 34 çoxmənzilli binanın dam örtüyü dəyişdirilmiş, Heydər Əliyev seyrəngahı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları isə əsaslı təmir olunmuşdur. Mehdi Hüseyn, Azərtürk, Fərid Əhmədov, Qudrət İsmayılov və Nizami küçələrinə, habelə Cavadxan küçəsinin bir hissəsinə asfalt vurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən, 35 kilometrlik Maşlıq – Muğan – Kazımabad – Göytəpə – Privolnoye – Ağdaş-Soyuqbulaq avtomobil yolu çəkilmiş, Cəlilabad şəhər 8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilmişdir. Hazırda 9,4 kilometrlik Cəlilabad–Uzuntəpə avtomobil yolunda, Cavadxan və Qurtuluş küçələrində yenidənqurma işləri görülür. Möhtərəm ­Prezidentimizin 2018-ci il 4 oktyabr tarixli sərəncamına əsasən, ayrılmış 551 min manat vəsaitlə Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanılacaq.
Təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə rayonun landşaftına uyğun olan 25 min ədəd bəzək ağacı və gül kolları əkilmişdir. Hazırda Cəlilabad–Uzuntəpə yolunun kənarlarında 10 min ədəd sərv ağacı əkilir.
 Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə 8046 iş yeri açılmışdır ki, onun da 756-sı daimidir. Sentyabrın 28-də keçirilən əmək yarmarkasında 22 idarə tərəfindən əhaliyə 654 vakant iş yeri təklif olunmuş, onlardan 74-nə göndəriş verilmişdir. Eyni zamanda, özünüməşğulluq proqramına 193 nəfər cəlb edilmişdir. Sahibkarlığın inkişaf etdirilməsi məqsədilə rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 10 min 398 nəfərə 21 milyon manat, Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 19 nəfərə 186 min manat məbləğində kredit verilmişdir.
 Ötən müddətdə 32 transformator təmir olunmuş, 10 transformator yenisi ilə əvəz edilmiş, 503 ədəd dəmir dayaq basdırılmışdır. Bundan başqa, Göytəpə şəhərində, Seyidbazar və Günəşli kəndlərində SİP kabellər çəkilmiş, Smart tipli elektrik sayğacları quraşdırılmışdır. Tikintisi yenicə başa çatmış yarımstansiyanın istifadəyə verilməsi əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində mühüm rol oynayacaq. Ölkə başçısının tapşırığına əsasən, rayon üzrə 45 min 360 ev təsərrüfatının 30 min 858-i və ya 68 faizi qazlaşdırılmışdır. Bu il 681 abonenti olan Xəlilabad kəndinə və 130 abonenti olan Cəlayir kəndinə ilk dəfə təbii qazın verilməsi əhali tərəfindən böyük razılıq hissilə qarşılanmışdır. Yaxın günlərdə Göytəpə şəhərinin 515 abonenti də təbii qazdan istifadə edəcək. 
Şura iclasında Cəlilabad rayon maliyyə idarəsinin rəisi Əlinazim Quliyev və rayon poçtamtının rəisi Vüsal Kazımov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə məlumat verib və qarşıda duran vəzifələrdən danışıblar.

Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

24 Oktyabr 2018 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə