Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə doqquz aya yekun vurdu

Gəncədə 2018-ci ilin 9 ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında icra hakimiyyəti başçısının hesabatı dinlənilib. Şəhərin idarə müəssisə və təşkilat rəhbərləri hesabat yığıncağında iştirak ediblər. 
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir, qazandığı uğurlarla nəinki regionun, dünyanın qüdrətli və əsas söz sahibi olan dövlətlərindən birinə çevrilir. Şəhər icra hakimiyyətinin gələcək fəaliyyətinin əsasını da Prezident İlham Əliyevin Gəncənin gələcək sosial-iqtisadi inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələr, həmçinin Nazirlər Kabinetinin geniş iclasındakı nitqindən irəli gələn vəzifələr təşkil edir. Ölkə başçısının Gəncəyə olan diqqət və qayğısı sayəsində son illər şəhərin bütün sahələrində müşahidə olunan dinamik inkişaf 2018-ci ilin 9 ayında da davam edib.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək bildirib ki, 2018-ci ilin doqquz ayında şəhərdə istehsal edilən ümumi məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb. 2018-ci ilin yanvar-sentyabr aylarında şəhər əhalisinin gəlirləri 7,3 faiz çoxalıb. Şəhərin Nizami və Kəpəz rayon məşğulluq mərkəzlərinə işaxtaran qismində 3 345 nəfər müraciət edib. İşaxtaran vətəndaş kimi qeydiyyatda olanlardan 2 min 276 nəfəri işlə təmin olunub. Regionların sosial-iqtisadi inkişafı üçüncü dövlət proqramının həyata keçirilməsi nəticəsində şəhərimizdə işsizliyin səviyyəsi hazırda 5 faiz təşkil edir. 
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011- ci ildən bu günədək 126 sahibkara 37 milyon 30 min manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşması ilə 720 yeni iş yerinin açılmasına şərait yaradılıb. 
“Azərbaycan Dəmir Yolları” QSC-nin və Fransa Maliyyə Agentliyinin dəstəyi ilə “Gəncə Əlvan Metal Emalı” ASC-nin şimal-qərb hissəsində, 2019-cu ilin oktyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan 33 milyon avro dəyərində Gəncə lokomotiv deposunun inşasına başlanılıb. 
“NB Satınalma və Ticarət” MMC tərəfindən 54 hektar ərazidə yerləşən, illik istehsal gücü 3 milyon kvadratmetr olan süni mərmər və qranit, 60 min ton quru inşaat materialları qarışıqları olan süni mərmər və qranit, tikinti qarışıqları, metlax və sair tikinti materialları zavodlarınun tikintisi sürətləndirilib. 
 “Gəncə avtomobil zavodu” İstehsalat Birliyinə gələcəkdə istehsalın həcminin artırılması məqsədilə Türkiyədə “Belarus” traktorlarının istehsalının təşkil edilməsi ilə bağlı Kırıkkale inzibati ərazisindən 5,3 hektar torpaq sahəsi ayrılması ilə bağlı razılıq verilib.  
Hesabat dövründə Gəncə Şəhər Prokurorluğunun və Gəncə Hərbi Prokurorluğunun müasir tələblərə cavab verən yeni inzibati binaları istifadəyə verilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və Gəncə şəhərində İdman Sarayının inşası davam etdirilir. 
 Beş hektar ərazidə yeni inşa edilən, 4 min nəfər sərnişin tutumuna malik Beynəlxalq Avtovağzalda tikinti işləri başa çatdırılıb, ərazidə tamamlama işləri aparılır. 
Gəncə Telekommunikasiya İdarəsinin rəisi Əbülfəz Orucov çıxış edərək rəhbərlik etdiyi müəssisə tərəfindən aparılan yenidənqurma işlərindən danışıb. Bildirib ki, 2018-ci ilin 9 ayı ərzində rabitə şəbəkəsi tərəfindən yeni 1123 ünvana telefon çəkilib. Hazırda şəhərdə olan əsas telefon aparatlarının sayı 57 min 184 nömrəyə çatır ki, bu da ümumi montaj tutumunun 58,4 faizini təşkil edir. Genişzolaqlı internetə olan tələbatın ödənilməsi sahəsində görülən işlər nəticəsində ümumi montaj tutumu 40 min 40 porta çatdırılıb. Hesabat dövründə 448 ADSL portalı quraşdırılıb.  Hazırda Gəncədə olan ümumi internet abunəçilərinin sayı 26 min 926 nəfər təşkil edir. 
12 Saylı Ərazi Vergilər Departamentinin rəis müavini Pərviz İsmayılov çıxış edərək məlumat verib ki, 2018-ci ilin doqquz ayında şəhərin yerli büdcəsinin gəlirləri 24 milyon 470 min manat proqnoza qarşı 26 milyon 974 min manat yerinə yetirilib. Bu, ötən ilin ilk doqquz ayı ilə müqayisədə 886 min manat çoxdur. 2018-ci ilin yanvar-sentyabr aylarında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 13 milyon 392 min manat təşkil edib. 
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxışında gənclərlə iş sahəsi üzrə müxtəlif mövzularda 100-ə yaxın tədbir və layihənin həyata keçirildiyini bildirib. Qeyd edib ki, bu tədbirlərdə 15 minə yaxın gənc və yeniyetmə iştirak edib. Ötən dövrdə Gəncədə 41 idman yarışı keçirilib və bu yarışlarda 6 mindən çox idmançı iştirak edb. Bununla yanaşı, 300-ə yaxın idmançımız 23 respublika yarışında iştirak edib, onlardan 46 nəfər birinci, 32 nəfər ikinci, 40 nəfəri isə üçüncü yerə layiq görülüb.  Həmçinin 44 idmançıdan 3-ü beynəlxalq, 6-sı Avropa və 3-ü dünya yarışlarında iştirak etməklə, ümumilikdə 25 medal qazanıb. Bu medallardan 11-i qızıl, 3-ü gümüş, 11-i isə bürüncdür.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sonda çıxış edərək, qarşıda duran vəzifələrdən danışıb. O bildirib ki, əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması məqsədi ilə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılmalıdır. Mikrorayon və məhəllədaxili ərazilərin, küçə və meydanların abadlaşdırılması ilə bağlı görülən işlər surətləndirilməli, Prezident İlham Əliyevin Gəncə şəhərində yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə bağlı imzaladığı sərəncamın icrasından irəli gələn məsələlər tam yerinə yetirilməlidir. 

Hamlet QASIMOV, 
“Xalq qəzeti”nin bölgə müxbiri

24 Oktyabr 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə