Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Arşın mal alan” operettasının ilk tamaşasından 105 il ötür

Dahi Üzeyir Hacıbəylinin əsərlərinin milli-mənəvi dəyərlərimizin daşıyıcısı kimi mədəniyyət tariximizdə məxsusi yeri var. Onun əsərləri arasında “Arşın mal alan” operettası sonrakı bütün dövrlərdə teatrlarımızın repertuarından düşməmişdir. Operettanın səhnəyə qoyulmasından 105 il ötür. Əsərin premyerası 1913-cü il oktyabrın 25-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur. İlk tamaşanın yaradıcı heyətinə H.Sarabski, Ə.Ağdamski, Ə.Hüseynzadə, H.Terequlov, Gülsabah xanım, Olenskaya daxil idi. Əsərin rejissoru H.Sarabski, dirijoru isə M.Maqomayev idi.
 Operettanın ilk tamaşası cəmiyyətdə böyük rezonans yaratmışdı. Bir ilin içərisində “Arşın mal alan” yalnız Bakı teatr səhnələrində 150 dəfədən çox oynanılmış, tezliklə bir sıra dillərə tərcümə edilmişdir. Elə mətbuatda da ilkin rəylər tamaşanın uğurlu olduğundan xəbər verirdi. Məsələn, 1913-cü il noyabrın 3-də “Sədayi həqq” qəzet yazmışdı: “Müsəlman bəstəkarı Üzeyir bəy Hacıbəylinin təzə operettası “Arşın mal alan” camaata çox xoş gəlib, təkrar oynanılmasını xahiş etdiklərinə görə, cümə günü – noyabrın 8-də ikinci dəfə oynanacaqdır. Soltan bəy rolunda camaatın hüsni-təvəccöhünü qazanmış Ələkbər Hüseynzadə çıxış edəcəkdir”.
Üzeyir bəy 1938-ci ildə “Arşın mal alan haqqında qeydlərim” adlı məqaləsində yazırdı: “Bu əsər 1913-cü ildə Peterburq konservatoriyasında oxuduğum zaman yazılmışdır. Onun süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır.”Arşın mal alan”ı yazıb qurtardıqdan sonra mən çar senzurasından əsərin çap edilməsi və oynanılması üçün icazə almağa çox vaxt sərf etdim, çox əziyyət çəkdim.”
 Bu əsəri Bakıya göndərməzdən əvvəl Üzeyir bəy məşhur aktyor Hüseynqulu Sarabskiyə məktub ünvanlamışdı. Yazırdı ki, əsəri tamamlamaq üzrədir və yaxın vaxtlarda onu Bakıya göndərəcək: “İstəyirəm ki, bizim də nəinki təkcə Bakıda, Qafqazda, bəlkə hər bir yerdə və hər bir şəhərdə teatr verməyə imkanımız olsun”.
Operetta rus dilində ilk dəfə 1916-cı ilin 10 və 11 iyun tarixlərində tamaşaya qoyulmuşdu. Tamaşaya dirijorluğu Üzeyir Hacıbəylinin özü etmişdi. Həmin ildə bəstəkar Bakıda operettanın gürcü dilində tamaşasına da dirijorluq etmişdir.
Bu operettanın çox uğurlu taleyi oldu. “Arşın mal alan” dünyanın 80 dilinə, o cümlədən fransız, alman, polyak, ingilis, ərəb, fars, Çin, gürcü, bolqar, Ukrayna, Belarus və sair dillərə tərcümə olunub. Komediya 76 ölkənin 187 teatrında, Nyu-York, Paris, London, Sofiya, Berlin, İstanbul, Tehran, Qahirə, Varşava və Pekin kimi şəhərlərdə nümayiş etdirilib. Operetta ABŞ-ın 13 ştatında, Gürcüstanın 16, Bolqarıstanın 17, Polşanın 17 (1500 dəfə), Rusiyanın 28, Çinin 8 şəhərində oynanılıb.
UNESCO hələ 2011-ci ildə operettanın 100 illiyini yubileylər sırasına daxil edərək onun beynəlxalq səviyyədə qeyd edilməsinə yardımçı olmuşdur. Operettanın 100 illiyi münasibətilə dünyanın bir sıra ölkələri genişmiqyaslı tədbirlər keçirmişlər.
“Arşın mal alan” operettası dəfələrlə ekranlaşdırılmışdır. “Üzeyir ömrü” filmində bu operanın ilk tamaşası ilə bağlı maraqlı məqamlar vardır.
İllər ötsə də, “Arşın mal alan” xalqımızın mənəvi yaddaşından heç zaman silinməyəcək.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

24 Oktyabr 2018 22:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə