Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair İslamabad bəyannaməsi imzalanıb

Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşinin dəvəti, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşün yekunlarına dair bəyannamə imzalanıb. Bəyannamədə deyilir:

“Nazirlər,

Üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi və mədəni bağla­ra, qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi əlaqələri vurğu­layaraq;

Siyasi, strateji, ticarət, iqtisa­di, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsini arzu edərək;

Pakistan, Türkiyə və Azərbaycanın öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqlarının daha geniş ərazidə bu idealları ortaq firavan­lıq və təhlükəsizlik naminə daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq;

Ölkələrinin üzləşdiyi saysız-he­sabsız təhdidləri və yeni yaranan hədələri, o cümlədən xaricdən dəstəklənən terror aktları, kiberhü­cumlar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniya­ları və bir çox ölkələrdə müsəlman azlıqların dinc yanaşı yaşaması­na təsir göstərən İslamofobiya meyillərini dərk edərək, dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insan­lıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifadə edərək;

COVID – 19 pandemiyasının ge­niş təsirlərini və müvafiq bölgələrin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı həssaslığını tamamilə anlaya­raq;

İşğaldan azad edilmiş ərazilərin bərpası və reabilitasiyası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyi ifadə edərək;

Sülh və inkişaf naminə regional konsensusun inkişaf etdirilməsinə sadiqliyi təsdiqləyərək;

Dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığı­nı mühafizə etmək və qorumaq naminə güclü və birmənalı dəstəklərini təkrar ediblər;

Xüsusilə regional və beynəlxalq müstəvilərdə İslamofobiya və müsəlman azlıqların təqibinə qarşı mübarizədə birgə səyləri artırmaq barədə razılığa gəliblər;

Asiyanın ürəyi – İstanbul Prosesinin Əfqanıstan və region­da sülh, sabitlik və iqtisadi rifa­ha verdiyi töhfəni alqışladılar və Pakistan hökumətinin bölgədəki məsələlərin siyasi həllini asanlaş­dırmaq səylərini qiymətləndirdilər və Əfqanıstana məxsus olan və Əfqanıstan tərəfindən rəhbərlik edilən sülh prosesinə dəstəklərini ifadə ediblər;

Terrorizmin bütün formala­rına, xarici dövlətlər tərəfindən himayə edilən terrorizmə, trans­milli mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlər və kiberterrorizmə qarşı mübarizə naminə müxtəlif beynəlxalq və regional sənədlərə uyğun olaraq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək qərarlarını yeniləyiblər;

2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Niameydə Cammu və Kəşmir münaqişəsi üzrə qəbul edilmiş 10/47-Pol saylı ən son qətnaməsini və İƏT Təmas Qrupunun Cammu və Kəşmir üzrə kommünikelərini təsdiq ediblər və 5 avqust 2019-cu ildə Kəşmirdəki demoqrafik qurulu­şu dəyişməyə yönəlmiş insan hü­quqlarının kobud şəkildə pozulması ilə bağlı birtərəfli fəaliyyətindən dərin narahatlıqlarını ifadə etdilər, Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müva­fiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilməsi ilə bağlı prin­sipial mövqelərini təkrar ediblər;

Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı və realist, eləcə də qarşılıqlı qəbul edilmiş həllini dəstəkləmək qərarlarını bildiriblər;

Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar ediblər;

Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, po­tensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalıblar;

COVID-19 pandemiyasının iqtisadi artım və ictimai sağlam­lığa geniş təsirlərini müzakirə ediblər, məlumat, tədqiqat, təcrübə və qabaqcıl təcrübə mübadiləsi barədə razılığa gəliblər və inkişaf etməkdə olan ölkələrin maliyyə və qabiliyyət məhdudiyyətlərini nəzərə alaraq problemin effektiv və anlaşıqlı şəkildə həll edilməsi üçün genişləndirilmiş beynəlxalq əməkdaşlıq və həmrəyliyə çağırıb­lar;

Üçtərəfli ticarət və investisi­yaların genişləndirilməsi üçün əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə qərar veriblər və üç ölkənin müvafiq nazirliklərini rüsumların azaldılması, tarif və qey­ri-tarif maneələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə və qarşılıqlı investisi­yaların qorunması ilə bağlı konkret tövsiyələri əks etdirən möhkəm bir Fəaliyyət Planı hazırlamağa çağı­rıblar;

Nəqliyyat, ticarət, enerji, in­sanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, o cümlədən müxtəlif regional forumlarda hava, dəmir yolu və avtomo­bil əlaqələri və regional bağlılıq təşəbbüslərinin təkmilləşdirilməsi və gücləndirilməsi yolu ilə regional bağlılıq üzrə əməkdaşlığı inkişaf etdirməyə qərar veriblər;

Qida və enerji təhlükəsizliyi, ətraf mühit, davamlı inki­şaf və iqlim dəyişikliyi möv­zusunda əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıblar və 2030 Dayanıq­lı İnkişaf Məqsədlərinə vaxtında cavab vermək və nail olmaq üçün daha geniş beynəlxalq əməkdaşlığa çağırıblar;

Üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırıl­masına razılıq veriblər;

Həmçinin 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər”.

14 Yanvar 2021 00:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə