Ən son xəbərlər
Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra Ermənistanın başladığı geniş miqyaslı işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları düşmən ölkənin silahlı qüvvələri tərəfindən işğal olundu, 20 mindən çox azərbaycanlı qətlə yetirildi. Ermənistandan və Azərbaycanın işğal edilən bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulub didərgin salındı. İşğalçılıq müharibəsi ilə, eyni zamanda, azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırımı cinayətləri də törədildi.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtdıqdan sonra isə düşmənə müqavimət gücləndirildi. Ordu quruculuğu və silahlı qüvvələrimizin möhkəmləndirilməsi sahəsində görülən düşünülmüş tədbirlər işğalçının hərbi birləşmələrinə ağır zərbələr endirilməsini və yağı tapdağındakı bəzi ərazilərimizin, o cümlədən Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsinin azad olunmasını şərtləndirdi. Belə bir şəraitdə, yəni Azərbaycanın əvvəlki gücsüz ölkə olmadığını anlayan Ermənistan 1994-cü ilin mayında atəşkəs imzalamağa razılaşdı. Beləliklə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışıqlara əlverişli şərait yarandı. Həmçinin həmin qurumlar tərəfindən qəbul edilən sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil etdi: BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqləndi və Ermənistan silahlı qüvvələrinin işğalı altındakı ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olundu. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İnsan Hüquqları Məhkəməsi və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərdə də düşmən ölkənin silahlı qüvvələrinin işğalda saxladığı bütün ərazilərdən çıxarılması tələb olundu, habelə torpaqlarından didərgin düşən insanların öz yurdlarına geri dönmələri hüququ bildirildi.
Münaqişənin nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, yəni Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın dövlət başçıları tərəfindən status-kvonun qəbuledilməzliyi diqqətə çatdırılmaqla bərabər, məsələnin tezliklə öz həllini tapması dəfələrlə bəyan edildi. Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul olunan Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəldildi. Ümumiyyətlə, uzun illər boyu aparılan danışıqlarda Azərbaycan tərəfi daim təmkinli davranaraq, sülh prosesinə sadiqlik göstərdi, işğalın aradan qaldırılmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına, didərgin düşən soydaşlarımızın doğma yurdlarına qayıtmalarına hər hansı şəkildə kömək göstərə biləcək bütün təkliflərə anlayışla yanaşdı. Təəssüf ki, münaqişənin həlli istiqamətində göstərilən bütün beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə vermədi. İşğalçı dövlətin rəhbərliyinin cəzasız qalması, eyni zamanda, onun bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrin dəstəyindən yararlanması səbəbindən danışıqlar prosesi heç bir nəticə vermədi.
Ötən dövrdə Ermənistan ordusu atəşkəs rejimini dəfələrlə pozdu. Aprel və Tərtər döyüşlərində isə yeni ərazilər işğal etməyə cəhd göstərdi.
Bütün bunlarla yanaşı, Dağlıq Qarabağda yaradılan qondarma rejim başçısı Şuşada özünə “andiçmə” mərasimi keçirdi. Eyni zamanda, düşmən tərəfindən oyuncaq qurumun “parlamentinin” Şuşaya köçürülməsi, qanunsuz məskunlaşdırma siyasətinin genişləndirilməsi, danışıqların formatının dəyişdirilməsi iddiaları səsləndirildi, hətta danışıqları davam etdirmək üçün Azərbaycan qarşısında üzdəniraq şərtlər qoymaqdan belə çəkinilmədi.
Ermənistanın dövlət başçısının irəli sürdüyü “Qarabağ Ermənistandır və nöqtə”, Ermənistan müdafiə nazirinin vurğuladığı “yeni ərazilər üçün yeni müharibə” iddiaları işğalçı ölkə rəhbərliyinin əsl niyyətlərini üzə çıxardı. Bu məsuliyyətsiz davranış və bəyanatlara beynəlxalq təşkilatlar, eləcə də düşməni sülhə sövq etməli olan Minsk qrupunun həmsədr ölkələri tərəfindən heç bir münasibət bildirilməməsi Ermənistanın canfəşanlığının artmasına, daha çox əl-qol açmasına gətirib çıxardı.
Ermənistan odusunun keçən il sentyabrın 27-də təxribat törədərək, ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycanı əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən müharibə gedişində möhtəşəm qələbələr qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Beləliklə, Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı.
Keçən il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimzin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Prezident İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi.
Otuz il işğal altında olan əzəli torpaqlarımız – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər yaşayış məntəqələri, strateji yüksəkliklər işğaldan azad edildi. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə qarşılandı.
Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevrildi. Düşmənin 30 ildir qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu.
Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi pozuldu, düşmən ordunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edildi.
Ötən il noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi tariximizə zəfər həftəsi kimi həkk olundu. Beləliklə, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoydu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi, eyni zamanda, Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarıldı.
Son 30 ildə olduğu kimi, Vətən müharibəsi günlərində də bir sıra beynəlxalq təşkilatlar haqq savaşımızı müdafiə etmədilər, düşmənin mülki vətəndaşlarımızı atəşə tutanda, infrastrukturumuzu dağıdanda, bir sözlə, ali bəşəri dəyərlərə zərrə qədər də olsun hörmət etməyəndə, susmağa üstünlük verdilər. Amma Vətən müharibəsi zamanı Ermənistanın havadarları işğalçını dəstəkləməkdən belə çəkinmədilər. Prezident İlham Əliyev işğaldan azad edilən Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırandan sonra etdiyi çıxışda bu barədə dedi: “Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir...”.
Təbii ki, güclü ordumuzun döyüş meydanında qazandığı zəfər diplomatik səviyyədə mövqeyimizi daha da gücləndirdi. Ermənistanın xarici dövlətlərdən imdad diləməsi isə heç bir nəticə vermədi. Siyasi təzyiqlərə sinə gərən qətiyyətli və müdrik Prezident İlham Əliyevin uğurlu diplomatik mövqeyi sayəsində bütün çətinliklər dəf edildi, siyasi üstünlüyümüz daha da möhkəmləndi.
Vətən müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq”.
Dövlətimizin başçısının bəyan etdiyi kimi, bu müharibədə qələbəmizin əsasında Azərbaycan Prezidentinin qətiyyəti, müdrik siyasəti, Silahlı Qüvvələrimizin güc-qüdrəti nə qədər mühüm əhəmiyyətə malik idisə, Xalq-Prezident-Ordu birliyi də bir o qədər önəm daşıyırdı.
Vətən müharibəsində parlaq qələbəmizdə, şübhəsiz ki, iqtisadi gücümüz də əsas rol oynadı. Belə olmasaydı, ordumuz indiki səviyyəyə gəlib çıxmazdı. Ölkəmizin 17 il ərzində keçdiyi yola nəzər salanda da, Azərbaycan iqtisadiyyatının nə qədər davamlı və dinamik inkişaf etdiyini görə bilərik. Belə ki, Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla reallaşdırılıb.
Bütün bunlarla yanaşı, son 17 ildə ölkəmizdə ümumi daxili məhsul 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatlarımız 50 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektorunun, kənd təsərrüfatının, metallurgiya sənayesinin, yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verib.
Beləliklə, dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli ordu quruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir.
Vətən müharibəsi dövründə Prezident İlham Əliyev bir çox nüfuzlu xarici media nümayəndələrinə müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanın yalanlarını ifşa etdi. Bir sıra təxribat xarakterli suallara məharətlə cavab verən dövlətimizin başçısı bir daha özünün siyasi-diplomatik bacarığını nümayiş etdirdi. Azərbaycan Prezidentinin çıxışları, müsahibələri Azərbaycanın haqq səsinin dünya ictimaiyətinə çatdırılmasında və erməni uydurmalarının ifşa edilməsində mühüm rol oynadı
Öz müsahibələrində Prezident İlham Əliyev 44 gün ərzində Ermənistanın nəinki cəbhəyanı bölgədə olan şəhərlərimizi, kəndlərimizi hədəfə aldığını, eyni zamanda döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizi vurduğunu diqqətə çatdırdı. Ölkə rəhbəri vurğuladı ki, Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə qəsdən ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə edir
Bəzi jurnalistlərin guya Azərbaycan tərəfində muzdluların vuruşması suallarına cavab olaraq Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanın 100 minlik nizami ordusu var və heç bir kənar dəstəyə ehtiyacı yoxdur. Əksinə, Ermənistan müxtəlif ölkələrdən çoxsaylı muzdlular və terrorçular çağıraraq, onlardan Azərbaycana qarşı istifadə edir. Dövlətimizin başçısı, eyni zamanda, bildirdi ki, Azərbaycan Ordusu öz yüksək texnoloji silahları ilə Ermənistandan fərqli olaraq yalnız legitim hərbi hədəflərə zərbələr endirir.
Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi. Bu savaş, eyni zamanda, bir daha Azərbaycan Prezidentinin müdrik və qətiyyətli dövlət başçısı, cəsur sərkərdə və mahir diplomat olduğunu təsdiqlədi.
V.BAYRAMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə