Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci il yaddaşlara Zəfər ili kimi əbədi həkk olundu

Azərbaycan müstəqiliyini bərpa etdikdən sonra ölkəmizin ictimai-si­yasi həyatında baş verən hadsələrin bəziləri acı, bəziləri isə şirin xatirə kimi yaddaşlara əbədi həkk olunub. Bu müddət ərzində ölkəmizin beynəlxalq aləmdəki rey­tinqi getdikcə yüksəlib. Postsovet ölkələri ilə müqayisədə Azərbaycanın dünya birliyində qazandığı uğurlar daha yaddaqa­lan olmuşdur. Qısa müstəqillik tarixində bir sıra nüfuzlu beynəlxalq qurumlara sədrlik etmək, kosmik klubun üzvü olmaq, orbitə süni peyk buraxmaq, dünyanın ən qüdrətli 50 ordusundan birini formalaşdırmaq hər ölkəyə nəsib olmur. Azərbaycan isə bu uğurları əldə edib.

Müstəqilliyimizin bərpasından sonra xalqımızı ən çox narahat edən məsələ Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli olub. Ancaq dünyada baş alıb gedən ikili standartlar, ədalətsizlik, islamofobiya müaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə problem yaradıb. Digər tərəfdən ermənipərəst qüvvələrin Azərbaycana təzyiq və təhdidləri də işğalçı ölkəni getdikcə qu­duzlaşdırıb. Nəhayət, 30 il davam edən ədalətsizlik Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və ölkəyə rəhbərlik etdiyi müddətdə formalaşdır­dığı müzəffər ordumuzun qəhrəmanlığı sayəsində öz həllini tapdı. 2020- ci il noyabrın 10- da Ermənistan təslim oldu­ğunu rəsmən elan etdi və kaputilyasiya aktını imzaladı. Bir ay sonra isə – dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirən Azərbaycan bu Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bununla da Azərbaycan XXI əsrdə Zəfər paradı keçirən ilk və hələlik yeganə dövlət kimi dünya tarixinə düşdü.

2020- ci il xalqımızın, eləcə də dünya azərbaycanlılarının yaddaşına Qələbə ili kimi əbədi həkk olundu. Yanvarın 6-da Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformat­da keçirilən müşavirədə də dövlətimizin başçısı bunu xüsusi olaraq vurğuladı. Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekununun torpaqlarımızın işğaldan azad edilməsi olduğunu diqqətə çatdıran möhtərəm Prezidentimiz Azərbaycanın 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdiyini, düşmənə sarsıdıcı zərbələr endirdiyini, Ermənistanı məğlub etdiyini bir daha bildirdi. Bu məğlubiyyətin nəticəsində Ermənistanın məcbur olub kapitulyasiya aktına imza atdığını, təslim olduğunu vurğulayan dövlət başçısı, hətta 3 rayonumuzun bir güllə at­madan, bir şəhid vermədən siyasi yollarla geri qaytarıldığını bildirdi.

Qeyd olundu ki, Ermənistanın 30 il da­vam edən işğalçılıq siyasətinə son qoyuldu və bu münaqişə hərbi yollarla həll edildi. Halbuki, beynəlxalq vasitəçilər, o cümlədən bütün aparıcı beynəlxalq təşkilatlar uzun illər idi ki, münaqişənin hərbi həllinin olmadığını iddia edidilər. Dövlətimizin başçısı isə deyirdi ki, əgər belədirsə, onda münaqişə sülh yolu ilə həll olunsun, biz də bunun tərəfdarıyıq. Ancaq işğalçı ölkə öz təxribatlarından, terror aktları törətməkdən, günahsız insanları qətlə yetirməkdən əl çəkmirdilər. Son vaxtlar isə sərhədboyu ərazilərimizi mütəmadi olaraq ağır artilleri­ya atəşinə tuturdu. Bunun isə sonu olmalı idi. Torpaqlarımız əbədi olaraq işğalda qala bilməzdi.

Ölkə Prezidenti 2020-ci ilin yekunları­na həsr olunmuş videoformatda keçirilən müşavirədə bir daha xatırlatdı ki, müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək və xarici kütləvi informasi­ya vasitələrinə müsahibələr verərək deyirdi ki, Ermənistan tərəfi bizə tarix versin, onlar nə vaxt bizim torpaqlarımızdan öz silahlı qüvvələrini geri çəkirlər və biz dayanırıq: “Əks-təqdirdə, axıra qədər gedəcəyik və bunu etdik. Beləliklə, şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Mən dəfələrlə demişdim ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu”.

Şanlı qələbəmizin qazanılmasında mühüm amillərdən biri də siyasi həmrəylik, xalqın dövlət başçısının ətrafında sıx birləşməsi oldu. Bu, ötən ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə də diqqətə çatdırıldı. Onu da qeyd edim ki, bu birlik, iqtidar- müxalifət münasibətlərində yeni mərhələ 2020-ci ilin fevral ayında ölkəmizdə keçirilən parlament seçkiləri zamanı özünü daha qabarıq şəkildə büruzə verdi. Parlament seçkiləri demokratiya istiqamətində atıl­mış növbəti ciddi addım oldu. Bunu Milli Məclisin rəhbər orqanlarının yenilənməsi də təsdiqlədi. İlk dəfə olaraq parla­mentin sədr müavini müxalifət partiya­sının nümayəndəsi seçildi. Parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi də demokratik proseslərin inkişafına verilən önəmin göstəricisi did. Bu, həm də yeni siyasi mədəniyyətin təzahürü idi.

Bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş bu ciddi addım sentyabrın 27- də iğalçı Ermənistanın başladığı müharibə zamanı özünü daha aydın şəkildə büruzə verdi. Həmin vaxt ölkəmizdə qeydiyyatdan keçmiş 52 siyasi partiyanın 50- si birgə bəyanat imzalaya­raq Prezident İlham Əliyevin siyasi kursunu dəstəklədiklərini və dövlət başçısının ətrafında sıx birləşdiklərini bəyan etdilər. Möhtərəm Prezidentimiz öz nitqində bu məsələni də diqqətə çatdırdı və qeyd etdi ki, keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək, siyasi dialoqa qoşuldular. Ha­zırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. Dövlət başçısı siyasi dialoqda iştirak etməyənlərə kəskin iradını bildirdi. Qeyd etdi ki, onlara siyasi qüvvə deyə bilmərəm: “Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaş­ma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər, birmənalı olaraq, bizim haqq işimizə öz dəstəyini verdi. An­timilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qar­şı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır”.

2020- ci il xalqımızın yaddaşında əbədi olaraq Qələbə ili kimi qalacaq. 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimiz azad edilib. İndi həmin ərazilərdə abadlıq-quruculuq işlərinin başlanılmasına hazırlıq görülür. İşğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış başlanacaq.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

14 Yanvar 2021 00:21 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə