Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni yollar regiona yeni nəfəs gətirəcək

Yanvar ayının 11-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistan Respublika­sının baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə ötən ilin noyabr ayının 9-da hər üç rəhbərin birgə imzaladığı Bəyannamənin regionda bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan 9-cu bəndinin icrası ilə bağlı müzakirələr keçirildi. Müzakirələrdən sonra həmin bəndin reallaşmasını nəzərdə tutan yeni bir Bəyannamə də imzalandı. Bu, Rusiya və Azərbaycanın Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının əsaslı şəkildə yenidən təşkil olunmasında daha çox maraqlı olduqlarını bir daha təsdiqlədi. Bu marağı şərtləndirən başlıca səbəb isə Rusiya, Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin əsaslı şəkildə genişləndirilmək istəyidir.

Ölkələr arasında bütün səviyyələrdən olan əlaqələrin genişləndirilməsini təmin edən əsas amillərdən biri də yoldur. İqtisadi cəhətdən sərfəli olan yol infrastrukturu ölkələr arasında mövcud olan ticarət və iqtisadi əlaqələrini daha maraqlı edir. Belə yolların yaradılması isə ikitərəfli əməkdaşlığı yeni, daha sərfəli fəaliyyət müstəvisinə çıxara bilir. Burada daşımaların həm də zaman baxımından tez başa çatması mühüm rol oynayır. Bir sözlə, yeni, daha sərfəli yolların meydana gəlməsi ilə ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin əsaslı şəkildə genişləndirilməsinə zəmin yaranır.

Beləliklə, Cənubi Qafqazda yeni yol infrastrukturunun qurulması bu yollardan istifadə edəcək hər bir ölkənin maraq dairəsində olan məsələdir. Əslində, açılacaq yeni nəqliyyat dəhlizləri bu gün fəlakət yaşayan Ermənistan iqtisadiyyatını vəziyyətdən çıxarmağın yeganə yoludur. Ermənistanda ağlını itirmiş bəzi siyasətçilər nəqliyyat infrastrukrurunun bərpa edilməsinin əleyhinə çıxış etsələr də, bu ölkənin başqa çıxış yolu qalmayıb. İşğalçı dövlətin bütün böyük müəssisələri kimi, dəmir yolları da Rusiyanın mülkiyyətindədir, onun sərhədlərini də Rusiya ordusu qoruyur. Ona görə də bu məsələdə Ermənistan deyil, Rusiya söz sahibidir. Ermənilərə qalan isə formal Ermənistan Respublikası adıdır. Onlar bu ad üçün də Rusiyaya minnətdar olmalıdırlar. Çünki bu adı da onlara vaxtılə Rusiya bəxş edib.

Hazırda regionumuzda geosiyasi vəziyyət dəyişir. Rusiya- Türkiyə münasibətləri yeni, daha sürətli inkişaf müstəvisinə çıxır. Bu iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoması ilə eyni vaxtda iki ölkəni birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılması ölduqca böyük önəm kəsb edir. Rusiya ilə Türkiyə arasında iqtisadi əlaqələrin genişlənməsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Biz bu əlaqələrin genişlənməsi və möhkəmlənməsinin gerçək tərəfdarıyıq. Çünki biri bizə qardaş, digəri isə dost olan ölkədir və hər ikisi Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 1/4 -nə qədəri bu iki ölkənin payına düşür. Rusiya ilə Türkiyə arasında illik ticarət əlaqəsi son illərdə 25 milyard ABŞ dolları səviyyəsinə qədər arta bilib. Rusiyanın ciddi sanksiyalar altında olan İranla rəsmi ticarət dövriyyəsi isə 2 milyard dolları ötür.

Beləliklə, yeni dəmir və avtomobil yolları Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistan arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə və ticarət dövriyyəsinin böyüməsinə xidmət edəcəkdir.

Moskvada üç dövlət rəhbərinin yanvar ayının 11-də imzaladığı yeni Bəyannamə ilə yaradılan işçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən reallaşdırılan, yerinə yetirilməsi zamanı Azərbaycanın və Ermənistanın ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını, habelə tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını, icrası qrafikini tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək. Hesab edirəm ki, cari ilin ikinci yarısından etibarən bu yolların istifadəsinə başlanılacaq. Otuz ilə yaxın blokada həyatı yaşayan Naxçıvan Muxtar Respublikası üzərində böyük həcmdə tranzit yüklər daşınacaq. Bütün bunlar isə Azərbaycanın iqtisadiyyatına yeni töhfələr bəxş edəcəkdir.

Fikrət YUSİFOV, iqtisad elmləri doktoru, professor

14 Yanvar 2021 00:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə