Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRTAC Yaponiya–AzərbaycanDostluq ilinə informasiya dəstəyi göstərəcək

Yaponiya səfiri Tokioda Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dağıntıları əks etdirən fotosərginin təşkili barədə təşəbbüsü dəstəkləyib

AZƏRTAC Yaponiyanın Azərbaycandakı səfirliyi ilə birlikdə Yaponiya-Azərbaycan Dostluq ilinə informasiya dəstəyi göstərəcək.

Bu məsələ və ikitərəfli əməkdaşlığa dair digər məqamlar yanvarın 13-də AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Yapo­niyanın Azərbaycandakı səfiri Cuniçi Vadanın görüşündə müzakirə olunub.

Səfirliyin təşəbbüsü ilə keçirilən görüşdə qeyd olunub ki, AZƏRTAC Yapo­niyanın aparıcı Kyodo və JiJi Press xəbər agentlikləri ilə sıx tərəfdaşlıq edir. Əməkdaşlıq həm ikitərəfli formatda, həm də Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) və digər beynəlxalq informasiya qurumları çərçivəsində həyata keçirilir. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Təşkilatına və OANA-ya sədrlik edən AZƏRTAC hazırda bu qurum­ların idarəedici orqanlarında təmsil olunur.

Bildirilib ki, Azərbaycanın 30 ilə yaxın işğal altında qalan torpaqları Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində azad edilib. Erməni işğalçıları tərəfindən dağıdılan bu ərazilərdə bərpa-quruculuq işlərinə start verilib. Ölkəmizdə mədəniyyət və incəsənət sahələrinin inkişafına da xüsusi önəm verilir və Birinci vitse-prezident Mehriban Əliyevanın geniş fəaliyyəti sayəsində bu istiqamətdə böyük uğurlar qazanılıb.

Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələri ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edən səfir Cuniçi Vada bildirib ki, iki ölkə arasında əlaqələr bü­tün sahələrdə uğurla inkişaf edir. 2022-ci ildə diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran səfir deyib: “Bununla bağlı Yaponiya-Azərbaycan Dostluq ili çərçivəsində mədəniyyət, təhsil, iqtisadiyyat və digər sahələrdə qarşılıqlı tədbirlərin keçirilməsi planlaşdırılır. Bu tədbirlərə hazırlıq olaraq Yaponiyanın Azərbaycanda daha geniş tanıdılması istiqamətində AZƏRTAC ilə əməkdaşlıqdan məmnun olardıq”.

İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, AZƏRTAC əməkdaşlıq etdiyi aparıcı informasi­ya agentlikləri ilə birgə yaxın gələcəkdə bir sıra ölkələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən dağıdılmış abidələri, ibadətgahları və yaşayış yerlərini əks etdirən fotosərgilər təşkil etməyi planlaşdırır. Çox istərdik ki, belə bir sərgi ilk dəfə olaraq Kyodo və JiJi Press ilə əməkdaşlıq çərçivəsində Tokioda təşkil olunsun. Bu təşəbbüsü dəstəkləyən səfir Yaponiyada sərginin təşkilinə məmnuniyyətlə kömək göstərməyə hazır olduğunu bildirib.

Görüşdə səfirə AZƏRTAC-ın informasiya, vi­deo və foto xidmətləri barədə məlumat verilib, səfirliyin fəaliyyətinin işıqlandırılma­sı, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı ma­raq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

14 Yanvar 2021 00:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə