Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva danışıqları Cənubi Qafqazda sülhə və sabitliyə xidmət edir

“2021-ci il yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də iki ay öncə imzalanmış üçtərəfli bəyanatın müddəalarından irəli gələrək, regionda dinc həyatın və iqtisadi inkişafın təmin olunması istiqamətində atılacaq növbəti addımların birlikdə müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir”. Bunu mediaya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfede­rasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev bildirib. AHİK sədri açıqlamasının davamında deyib:

– 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını iş­ğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatmasını hüquqi cəhətdən təsdiq etməklə ya­naşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamları əks etdirir. O cümlədən bölgədə nəqliyyat əlaqələrinin bərpası və in­kişafı məsələsinə bu sənəddə xüsusi diqqət ayrılıb.

Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respubli­kasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu da o deməkdir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommuni­kasiyalarının inşası təmin ediləcək.

Moskva görüşünün nəticəsi olaraq imzalanmış yeni bəyanat sözsüz ki, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək. Görüşün mühüm nəticələrindən biri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin açılması olacaq ki, bu da, ilk növbədə, Naxçı­vana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Əlbəttə ki, bu layihələrin reallaş­ması ilə Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zaman­da, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək.

Təsadüfi deyil ki, üçtərəfli görüşdən sonra Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda bu məqamı xüsusi vurğulayaraq de­mişdir: “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açıl­ması Azərbaycan, Ermənistan, Rusi­ya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qo­şulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapma­ğa çalışmalıyıq”.

AHİK sədri sonda deyib:

– Yanvarın 11-də Moskva görüşünün nəticəsi olaraq Prezi­dent İlham Əliyev, baş nazir Nikol Paşinyan və Prezident Vladimir Putin tərəfindən imzalanmış Bəyanat Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olun­ması yönümündə tamamilə yeni perspektivlər açmış oldu.

Hazırladı: R.TAHİR,“Xalq qəzeti”

14 Yanvar 2021 00:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə