Ən son xəbərlər
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşməsi haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsinin yaradılması qərara alınmışdır. Son 2 ildə ölkəmizdə aparılan hərtərəfli, dərin islahatların davamı olaraq atılan bu addım demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmağa xidmət edir.
Fərmanın əvvəlində Azərbaycan dövlətinin media siyasətinin bu vaxtadək əldə edilmiş uğurlarına nəzər salınaraq bildirilir ki, müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesi çevrəsində müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaradılmışdır: “Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür”.
Ölkə rəhbərliyinin həyata keçirdiyi zəruri tədbirlər, KİV-in davamlı inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ötən illərdə milli jurnalistikamız önəmli inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bunlarla yanaşı, həyatın hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu çağdaş dövrdə ölkənin KİV sferasında da yeniləşmə və təkmilləşməyə tələbat yaranmışdır.
Sənəddə daha sonra göstərilir ki, beynəlxalq informasiya mühitinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ehtiyac duyulur. Odur ki, milli mediamızın şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, xalqın obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə zəriri və əsaslı islahatlar aparılmalıdır.
Bütün bunlar nəzərə alınmaqla, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutulmaqla, dövlət başçısı İlham Əliyevin müvafiq fərmanı ilə ölkəmizdə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” yaradılmışdır. Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında yaradılan “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” də təsdiq olunmuş, ləğv edilmiş Fondun hüquq və öhdəlikləri, habelə əmlakı onun hüquqi varisi olaraq agentliyə həvalə edilmişdir.
Sənədin sonrakı maddələrində qeyd edilmişdir ki, yeni agentliyin nizamnamə fondu 2 yüz 85 min 405 manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Müəyyən edilmişdir ki, yeni qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və azad etdiyi sədr və 6 üzvdən ibarət Müşahidə Şurası, cari rəhbərliyi isə dövlət başçısının vəzifəyə təyin və azad etdiyi icraçı direktor həyata keçirir. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşəcək.
Fərmandan irəli gələn zəruri tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının “Media haqqında” yeni qanunun layihəsini 2 ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməsi və digər məsələləri həll etməsi, Nazirlər Kabinetinin Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində dövlət başçısına təqdim etməsi yer alıb. Sənəddə digər icra qurumlarının da həll etməli olduğu məsələlər əksini tapmışdır.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş nizamnaməsində yeni yaradılan qurumun məqsəd və vəzifələri, səlahiyyət və fəaliyyət istiqamətləri aydın, konkret şəkildə müəyyən edilmişdir. Nizamnamədə qeyd edilir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (qısaldılmış halda – MEDİA) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Medianın İnkişafı Agentliyi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Agentliyin fəaliyyət istiqamətlərinə müvafiq sahənin inkişafını təmin etmək; dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin vəzifələri və hüquqlarını müəyən edən nizamnamədə göstərilir ki, yeni qurum öz fəaliyyətini media sahəsində normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq; media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək; dövlət qurumları ilə media subyektləri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yaratmaq; jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək istiqamətlərində qurmalıdır.
Bunlardan əlavə, agentlik medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər həyata keçirəcək, sahə mütəxəssislərinin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirəcək, media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsini stimullaşdıracaq. Agentlik əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş verəcək və onların mediada yayımlanmasını təmin edəcək.
Sonrakı maddələrdə isə, Medianın İnkişafı Agentliyinin audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək; cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək səlahiyyətləri təsbit olunub.
Nizamnamədən aydın olur ki, agentlik media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini də təşkil edəcək, media subyektləri və jurnalistlərlə bağlı layihələrin həyata keçirilməsi ilə əlaqədar hesabatları nəzərdən keçirəcək və qiymətləndirmə aparacaq.
Agentliyin media subyektlərinin fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək; dövlət orqanları ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək; media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, ictimai rəyin öyrənilməsini təşkil etmək əlaqələndirmək kimi bir sıra önəmli vəzifə və hüquqları da dürüst ifadəsini tapmışdır.
Medinın inkişaf istiqamətləri ilə bağlı qurum çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlər görəcək; onlayn mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət edəcək; çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görəcək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verəcək; dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirəcək.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi xüsusi bülletenlər və digər nəşrlər buraxmaq; media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq, onların nəticələrini dərc etmək və bu istiqamətdə tövsiyələr hazırlamaq; media sahəsində peşə etikası (etik davranış) məsələləri ilə bağlı media subyektləri, jurnalist təşkilatları və müstəqil ekspertlərlə əməkdaşlıq etmək; agentliyin maliyyələşdirdiyi layihələr üzrə müqavilə şərtlərini pozan media subyektlərini belə layihələrdə iştirakdan məhrum etmək; nizamnamə ilə müəyyən edilmiş digər hüquqları da həyata keçirmək səlahiyyəti var.
Prezident fərmanına uyğun olaraq agentliyin idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur. Müşahidə Şurası agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 üzvdən ibarət olacaq və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək.
Nizamnamənin sonrakı bölmələrində agentliyin fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, uçot və hesabat, qurumiun ləğvi və yenidən təşkili məsələlərinə də aydınlıq gətirilmişdir.
Yuxarıda qeyd edilənlərə əlavə olaraq, bildirək ki, Prezident fərmanında göstərildiyi kimi, Azərbaycan jurnalistikası, bütövlükdə, demokratik əsaslar üzərində inkişaf edir. Medianın maliyyə və peşəkarlıq problemləri sürətlə həllini tapır. Müstəqillik illərində yenidən formalaşmış, cəmiyyətdə mövqeyini və nüfuzunu möhkəmləndirmiş azad medianın ən mühüm nailiyyətlərindən biri odur ki, ölkədə informasiyanın maneəsiz yayılması, obyektiv ictimai rəyin formalaşması təmin edilmiş, hamının öz sözünü demək və yazmaq imkanı gerçəkləşdirilmişdir. Azərbaycanın hərtərəfli yüksəlişi prosesinə KİV-in köməyi getdikcə artmaqdadır. Bütün bunlar dünyanın demokratik dairələrində yüksək dəyərləndirilir.
Azərbaycanın dövlət müstəqilliyi bütün maddi sərvətlərimiz kimi, milli-mənəvi dəyərlərimizi, məfkurə irsimizi də xalqımıza qaytardı. Milli jurnalistikamızın ideoloji buxovları qıraraq öz demokratik ənənələrini bərpa etməsi sovet dövrünün son illərində gerçəkliyə çevrilsə də, yeni azad media dövlət müstəqilliyinin ilk illərində bir sıra obyektiv və subyektiv səbəblərdən çətinliklərlə üzləşmişdi. Cəmiyyətdə hökm sürən siyasi və iqtisadi böhran isə vəziyyəti daha da ağırlaşdırırdı.
Belə bir dövrdə – 1993-cü ilin yayında xalqın tələbi və dəstəyi ilə hakimiyyətə qayıdıb ölkəni sabitlik, inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyev demokratik dövlətdə azad medianın inkişafı üçün zəruri olan əsaslı tədbirləri də vaxtında həyata keçirdi. Qısa müddətdə kütləvi informasiya vasitələrinin demokratik cəmiyyətdə fəaliyyətini təmin edən hüquqi baza yaradıldı. 1998-ci ilin avqustunda Prezident Heydər Əliyevin ölkəmizdə senzuranı ləğv etməsi milli jurnalistika tariximizdə yeni bir dövr açdı.
Sahənin maddi-texniki bazasını yeniləşdirmək, maliyyə-sosial problemlərini aradan qaldırmaq üçün real təminatlar da işə salındı. Həmişə KİV-in himayədarı olmuş Heydər Əliyevin iradəsi ilə ədəbi-bədii və uşaq nəşrləri dövlət himayəsinə götürüldü, müvafiq tədbirlərlə digər nəşrlərin də bazar şəraitində fəaliyyətinə əlverişli şərait yaradıldı. Qəzetlərin borclarının dondurulması və silinməsi onların dirçəlməsinə kömək etdi.
Dövlətin medianın fəaliyyətini tənzimləməkdən imtina edərək, demokratik mexanizmlərə meydan açması ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması ölkəmizdə qəzet-jurnal redaksiyalarının həyatında sivil prinsiplərin bərqərar olmasını təmin etdi. Bizdə yaranmış Mətbuat Şurası keçmiş sovet məkanı üçün model forma kimi qəbul edildi. Bütün bunları dəyərləndirən KİV kollektivləri ulu öndər Heydər Əliyevi “Jurnalistlərin dostu” elan etdilər.
Zəmanəmizdə medianın gücündən bəhrələnməklə böyük əməli nəticələr əldə etməyin nadir örnəyini yaratmış dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev isə son illərdə KİV-ə dövlət dəstəyinin demokratik nümunəsinə həyat vermiş ölkə rəhbəri kimi tanınmışdır. Azərbaycan jurnalistlərin üzərinə heç bir öhdəlik qoymadan onlara pulsuz mənzil verən dövlət kimi də diqqəti cəlb edir. Jurnalistlər bu təmənnasız xidmətlərə görə Prezident İlham Əliyevi də dalbadal 3 dəfə özlərinin dostu elan etdilər.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin KİV-in inkişafına dövlət himayəsi və jurnalistlərə dost münasibətini davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son 18 ildə jurnalistikamızın problemləri ardıcıl olaraq aradan qaldırılır, KİV demokratik cəmiyyətdə öz rolunu maneəsiz olaraq icra edir. Bu gün söz azadlığı, plüralizm ölkəmizin tarixi nailiyyəti kimi insan hüquqlarının, inkişafının xidmətindədir. Prezident İlham Əliyev KİV-ə dövlət dəstəyinin demokratik nümunəsini gerçəkləşdirmiş ölkə rəhbəri kimi tanınmışdır.
Prezident İlhm Əliyevin ötən il imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam dövlətin demokratik medianın önəmli hadisəsinə yüksək diqqətinin təzahürü olaraq ölkə jurnalistlərinin və azad mətbuatın dostlarını ürəkdən sevindirdi. Cəmiyyət bir daha görüb yəqin etdi ki, Azərbaycan dövləti və onun ali rəhbəri son əsr yarımda xalqımızın tarixi nailiyyətlərində misilsiz rolu və töhfələri olan anadilli mətbuatımızın dünəninə necə yüksək sayğı ilə yanaşır, onun çağdaş inkişafını necə qayğı ilə stimullaşdırır.
Müstəqil Azərbaycan dövləti KİV-in inkişafına hər cür qayğı göstərir və onun sərbəst, qəyyumsuz fəaliyyətini təmin edir. Bu gün Azərbaycan mətbu nəşrlərin dövlət icazəsi olmadan fəaliyyət göstərdiyi az sayda ölkələr sırasındadır. Hər bir vətəndaş öz sözünü cəmiyyətə maneəsiz çatdırmaq və ətraf aləm barədə operativ, obyektiv məlumat almaq hüququndan tam istifadə edir. Bütün bunlar dünyanın demokratik dairələrində yüksək dəyərləndirilir.
Beləliklə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması barədə prezident fərmanı müstəqil Azərbaycan dövlətində azad medianın inkişafına, onun cəmiyyət həyatına daha çox yaxınlaşmasına, ümummilli maraqların KİV-də ən yüksək səviyyədə əksini tapmasına geniş meydan açan dövlət siyasətinin növbəti mərhələsinə start vermişdir. Bu zəruri və gərəkli addım ümummmilli lider Heydər Əliyevin ölkəmizdə müstəqil KİV-in problemlərinin ardıcıl olaraq aradan qaldırılması, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli medianın daha da inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin cəmiyyətə və jurnalistikamıza yeni layiqli töhfəsidir.
Tahir AYDINOĞLU,“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə