Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifətin milli maraqlarımıza zidd mövqeyi hiddət doğurur

Bugünlərdə dünya mətbuatının əsas manşetləri hələ də ABŞ-da Konqresin önündə Tramp tərəfdarlarının etiraz aksiyaları və bu aksiyadan qaynaqlanan olaylar olsa da, bizim üçün bundan da həyati vacib və əhəmiyyətli hadisə yanvarın 11- də Moskvada keçirilən Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin yüksək səviyyəli görüşü idi. Hər iki tarixi hadisə bir-biri ilə heç bir cəhətdən oxşar və əlaqəli olmasa da, ölkəmizdəki radikal və antimilli qüvvələrin bir daha ifşa olunması üçün ciddi bir müqayisədir.

Qeyd etmək istərdim ki, Vaşinqton­da baş verənlərə elə ilk dəqiqələrdən dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları, tanınmış politoloq, siyasətçi və ekspertlər tərəfindən müxtəlif rəylər bildirildi. Hələ də mətbuatın əsas gündəmi olan Vaşinqtonda baş verənlərə sözsüz ki, heç kəs sevinmir. Hərçənd ki, belə bir olayın cüzi hissəsi Azərbaycanda baş versəydi, ermənipərəst dünya liderləri və erməni diasporunun maliyyəsi ilə fəaliyyət göstərən bir qrup qərəzli beynəlxalq təşkilatlar bunu inqilab adlandırar, hələ üstəlik ona bir rəng də vurardılar. Əslində, Vaşinqton olayları o qədər dolaşıq və qarışıqdır ki, ona ancaq göy qurşağı adı vermək olar. Bu yerdə “başqalarına külək arzulayan­da, özündə fırtına baş verər” – atalar sözünü unutmamalıyıq. Bütün bunlara baxmayaraq, əminik ki, ABŞ dövləti və demokratiyası baş vermiş bu qaranlıq olaylardan çox güclüdür və tezliklə hər şey yoluna düşəcək, qazanan isə Amerika xalqı olacaqdır.

Məni ən çox təəccübləndirən Amerikada, bəlkə də Konqresin çox yaxınlığında yaşayan və ermənipərəst konqresmenlərlə iş birliyində olan radikal və antimilli azərbaycanlıların susqunlu­ğudur. Burunlarının ucunda baş verənlərə qarşı susqunluq göstərdikləri halda, min kilometrlərlə uzaq məsafədə baş verən hadisələrdə dil boğaza sığmır. Onsuz da onların və onlar kimilərin rəyi nə ABŞ-da, nə Avropada, nə də Azərbaycanda əhəmiyyəti olmayan gərəksiz söz yığını kimi qəbul edilir və ciddiyə alınmır. La­kin bu əbləhlər yerli-yersiz Azərbaycan hakimiyyətinin hər bir işinə və ölkədə baş verənlərə qara eynəkdən baxaraq savad­sız və qərəzli fikir yürütməklə, “qaranlıq otaqda qara pişik” axtarışındadırlar.

Xarici ekspertlərin də möhtərəm Prezident İlham Əliyevin Moskva görüşündən məmnun və Ermənistan baş nazirinin isə qanı qara qayıtmasını xüsusi vurğuladıqları halda , antimilli qüvvələr bu görüş barəsində “ağzı əyri rəy” bildirməyə çalışıblar. Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj erməni diasporunun Moskva görüşü ərəfəsindəki aksiya və etirazlarla harmoniya təşkil etməsi də hər iki qüvvənin vahid mərkəzdən– anti -Azərbaycan və anti-Turkiyə qüvvələri tərəfindən idarə olunduğunu sübut edir. Bu mənada həm Paşinya­nın, həm də Azərbaycan müxalifətinin danışıqların Minsk formatına daşınması məqsədi bütün mətləbləri ortaya qoyur. Azərbaycanın radikal müxalifətinin ölkəmizə yeni güzəştlərin qəbul etdiriləcəyi və guya, Rusiyanın hərbi mövcudluğunu gücləndirəcəyi iddiası isə Moska görüşünün nəticələri ilə daban-da­bana ziddir. Möhtərəm Prezidentimizinn Moskva səfəri çərçivəsindəki üçtərəfli görüşü, əslində, 10 noyabrda imza­lanan sənədin 9-cu maddəsinin icra mexanizminə yönəlik bir görüşdür. Mətbuata verilmiş ətraflı məlumatda da deyildiyi kimi, bu görüş regionda Ermənistanın kapitulyasıyasından sonra dayanıqlı və etibarlı təhlükəsizliyin, ticari, iqtisadi və kommunikasiya məsələlərinin müzakirəsinin həllinə həsr edilmişdir.

Düz qulaqlarının dibində, Vaşinqtonda baş verən olaylara münasibət bildirməmələrinin səbəbi isə aydındır. 5-ci kolon ilə sinxron fəaliyyətdə olan, SOROS və bu kimi ermənipərəst təşkilatlara köləlik edən radikal müxalifət ağalarına bir daha sadiqlik göstərdilər. Bu təşkilatların maliyyəsi ilə uzun illərdir ABŞ və Avropada yaşayan satqınlar, aldıqları çirkli pulları həzm – rabedən keçirmək üçün Azərbaycan hakimiyyətinə qarşı davamlı olaraq, şər- böhtan dolu açıqlamalarında demokratiya, söz azadlığı və insan hüquqlarının pozulduğunu, az qala, ağalarının gözlərinə soxurlar.

Bu gün Avropada, okeanın o tayında törədilən qanunsuzluqlara, haqsızlıqlara tətbiq edilən məhdudiyyətlərə susqun­durlar. Bizim heç bir ölkənin daxili işinə qarışmağa haqqımız çatmır. Heç bunda maraqlı da deyilik. Hər dövlət və hər xalq öz seçimində suverendir. Lakin söhbət bizim antimilli şuranın bir qrupunun Azərbaycan iqtidarının əldə etdiyi uğur­lara qərəzli və düşmənçilik mövqeyindən gedir.

Daha çox qrant almaq düşüncəsi ilə SOROS-a satılmış bu qüvvələr erməni dostlarının sifarişi ilə 2020-cı ilin iyulunda Tovuz hadisələrində, hətta koronavirus pandemiyasının karan­tin qaydalarına, demokratiyaya zidd olduğunu deyərək, Azərbaycan iqtidarını dayanmaq bilmədən, heç bir çərçivəyə sığmayan sözlərlə tənqid edirdilər. Dünyanın heyran olduğu Azərbaycanın Vətən müharibəsindəki qəhrəmanlığına və qazanılmış Zəfərə, hətta xalqın müqəddəs dəyərlərinə və duyğularına, şəhidlərimizin ruhuna toxunan antimil­li qüvvələr ermənipərəst açıqlamalar verməkdən hələ də usanmırlar...

Radikal müxalifətin xəyanətindən və satqınlığından söhbət düşmüşkən, bu gün ədalətsizlikdə və qərəzdə heç də onlardan geri qalmayan və ömrünün qürub çağını yaşayan Əli İnsanovun hazırda həmfikir olduğu həmin antimilli qüvvələr haqqın­da səsləndirdiyi tənqidi çıxışını xatırlat­maq yerinə düşərdi. İndiki silahdaşlarının satqın, cəsus adlandırıldığı bu çıxışın bir hissəsini oxucularla bölüşmək istərdim:

“...Bizim göz qabağında olan uğurları görmək istəməyənlər də var. Bəli, müxalifətə bənzərlərin bir qismi utopik sosialist Sensimon kimi nağıllarda yaşayır...Digərləri isə Şeyx Nəsurullah kimi kimyagərliklə məşğuldurlar. Onları siyasət oyunları o qədər məst edib ki, 5 nəfərlik idarəyə müdirlik etməmiş bu kəslər böyük vəzifə arzusu ilə yaşayır­lar... Qəbahət də olsa, mən bu müxalifəti iqtidara gəlmək yuxusundan oyadıb, bir sənət öyrənməyi məsləhət bilərdim... Heç nəyi bəyənməyən bu kəslərə anlat­mağa çalışardım ki,.. ucdan tutma hər şeyi qaralamayın.....Sözləri ilə ürəkləri müxtəlif qütblərdə bərqərar olmuş bu kəslər hətta ümumxalq süfrəsinə dəvət alsalar da gəlmədilər. Lakin okeanın o tayında erməni lobbisinin təşkil etdiyi bir toplatını buraxmayıblar. Görünür, casusluq çörəyi onlar üçün milli birlikdən daha vacibdir...”

Sözsüz ki, bu gün radikal müxalifətin nəyə və kimə xidmət etdiyini ictimaiyyət, bütövlükdə isə xalq çox gözəl bilir. Bu qüvvələr heç olmasa, Azərbaycan tarixi­nin ZƏFƏR səhifələrini yazmış xalqın bir gün onları mühakimə edəcəyindən qorxsunlar.

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri

14 Yanvar 2021 00:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə