Ən son xəbərlər
Bəziləri uca səslə çıxış etmələri, açıq danışmaları və “heç nədən çəkinmədikləri” ilə fəxr edirlər. Ancaq unudurlar ki, onların fikirləri yalan, böhtan və iftiradan ibarətdirsə, üç quruşluq dəyəri yoxdur.
Robindranat TAQOR
Azərbaycan dövlətinin və Silahlı Qüvvələrimizin XXI əsrdə möhtəşəm Qələbəyə imza atması və ilk Zəfər paradı keçirməsi dünyanın ən mötəbər tribunalarından təqdir edilsə də, bəzi dairələr hələ də həmin faktı həzm edə bilmir və o səbəbdən də müxtəlif yerlərdə şər, böhtan və iftira yaymaqla təsəlli tapırlar. Onlar Azərbaycan Ordusunun rəşadətinə, Şanlı Qələbəmizə, Ali Baş Komandanımızın bəyanat və müsahibələrinə şər atmaqla yanaşı, Rusiya, Türkiyə, Pakistan, İran, İtaliya və digər onlarca dövlətin rəsmi siyasi mövqeyinə də şübhə ilə yanaşmaqdan utanmırlar.
İş o yerə çatıb ki, öz adını dəfələrlə bədnam eləmiş Mixail Qorbaçov da hələ ermənilərin borcunu qaytara bilməmiş adam kimi danışır. Söhbətin hansı borcdan getdiyini artıq bilməyən yoxdur. Qərəz, yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada üçtərəfli müzakirələrin aparılacağını eşidən “Arminfo.am” erməni xəbər portalı dərhal SSRİ-nin ilk və sonuncu prezidentinə müraciət edib. Mixail Qorbaçov isə həmin portala müsahibəsində utanmadan Vladimir Putinə dərs verməyə çalışıb: “Dağlıq Qarabağ münaqişəsi elə həll edilməlidir ki, kimsə qalib, kimsə məğlub olmasın”.
Nəinki keçmiş siyasətçiyə, heç o yaşda olan istənilən ağsaqqala da yaraşmayan məntiqdir. Ölkə ərazisinin 20 faizi 30 il işğal altında qalan və çoxsaylı şəhər və kəndləri yerlə-yeksan edilən Azərbaycan işğalçı və qaniçən Ermənistana necə güzəştə gedə bilər? Xatırladaq ki, bu Qorbaçov 1990-cı ildə Bakıya qoşun yeridərək qanlı qırğın törətmiş və altı ildən sonra İstanbulda etiraf etmişdi ki, mən o zaman səhvə yol vermişəm. Bəs indi öz xələfinə dərs verməyə onun haqqı çatırmı?
Həmin “Arminfo.am”ın 12 yanvar tarixli xəbər bülletenində Mixail Qorbaçovun səhvindən də “ağır gələ biləcək” bir “yekəbaşlıq” göründü. Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan videokonfransda şərəfi, namusu bir yana ataraq bəyan etdi ki, “Dağlıq Qarabağ problemi heç yana getməyib və o, hələ gündəlikdədir”.
İskəndəryan bunu Vladimir Putinin “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” ifadəsindən qəzəblənərək dilə gətirmişdir. Neyləyək? O özü bilər, Rusiya siyasi dairələri bilər.
Ancaq bizə dəxli olan, hətta narahat edən başqa bir məqam var. Belə ki, ermənilər türkcə yaydıqları “Ermeni haber” “Facebook” səhifəsində sevinclə yazırlar ki, İlham Əliyevin Dağlıq Qarabağda qələbə qazanmasına inanmayan “azərbaycanlı ziyalılar” da az deyil. Maraqlıdır, bu adamlar nədənsə Əli Kərimli, Cəmil Həsənli və “Milli Şura”nı siyasətçi kimi deyil, məhz ziyalı kimi təqdim edirlər. Yəqin burada da bir erməni hiyləgərliyi gizlənir.
Yeri gəlmişkən, ermənilərin siyasətçi kimi tanımadığı həmin “ziyalılarımız” həqiqətən bizim qələbəmizdən çox məyus olublar. Bu da səbəbsiz deyil. Bilirlər ki, həmin şanlı qələbədə onların payı yoxdur. Çünki ötən ilin fevralında keçirilən parlament seçkiləri ərəfəsində də, sentyabrın 27-dən dərhal sonra da ölkədəki bütün siyasi partiyalar milli dövlətçiliyə dəstək vermək məqsədilə Prezident İlham Əliyevin siyasəti ətrafında birləşdilər. Əli Kərimli və “Milli Şura” isə nəinki dövlətimizin haqq işinə dəstək vermədi, hətta görülən işə “mız qoymağa” başladılar. Nəticədə təkləndilər və gözdən düşdülər. Onların hansı yuvanın quşu olduğunu dəfələrlə yazdığımıza görə indi öz fikirlərimizdən deyil, daha mötəbər imzalar altında deyilmiş arqumentlərdən istifadə edirik.
Məsələn, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov yanvarın 12-də“Facebook” səhifəsindəki paylaşımda yazır: “Müharibədə böyük şücaət nəticəsində qazanılan Zəfər xalqımızın qürur və iftixar mənbəyi kimi hər birimiz üçün əziz və qiymətlidir. Lakin müharibə başa çatar-çatmaz Əli Kərimli --Cəmil Həsənli cütlüyü və onların ətrafındakılar qələbəmizi təftiş etməyə, onun üzərinə kölgə salmağa başladılar. Qələbə sevincinin yaratdığı izdihamı, yüz minlərin iştirak etdiyi küçə yürüşlərini öz gözləri ilə görən sözügedən cütlüyün davranışını anlamağa insan çətinlik çəkir. Əvvəla, bütün xalqın və onun dostlarının bayram etdiyi qələbəyə sevinməmək özünü həmin xalqın nümayəndəsi kimi dərk etməmək nümunəsidir.
İkincisi, heç kimə sirr deyildir ki, Ermənistan və onun havadarları tərəfindən Qarabağın işğal olunmasında AXC--Müsavat hakimiyyətinin ərazilərimizi qoruya bilməməsi əsas amillərdən biri olmuşdur. Dövlətin və xalqın bütün imkanlarını erməni təcavüzkarlarına müqavimət göstərmək naminə səfərbər etmək əvəzinə, cəbhəçi – müsavatçıların hakimiyyətdaxili çəkişmələr aparması ölkəyə baha başa gəldi. Ermənistanın işğalçı siyasətinə, hərbi cinayətlərinə və törətdiyi vəhşiliklərə heç bir halda haqq qazandırmadan, AXC --Müsavat hakimiyyətinin ölkənin ərazisini qoruya və əhalinin təhlükəsizliyini təmin edə bilməməsi də açıq qeyd edilməlidir”.
Başqa bir arqumentə nəzər salaq. Eynulla Fətullayev bu il yanvarın 2-dəki qeydlərində Əli Kərimli və onun ətrafındakılara çoxsaylı suallar ünvanladı: “Əli Kərimli bilirmi ki, 1997-ci ildən bəri Ter-Petrosyanın məcburi istefasından sonra Ermənistanın bütün sonrakı hökumətləri işğal altındakı iki bölgənin -- Laçın və Kəlbəcərin Azərbaycana qayıtması məsələsini müzakirə etməkdən imtina edərək, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizlərin – nəqliyyat arteriyalarının müstəsna əhəmiyyətlərində israr edirdilər?! Bilir, amma susur”.
“Əli Kərimli bilirmi ki, 2021- ci ildə Ermənistan Dağlıq Qarabağın paytaxtını Şuşaya köçürməyi və Azərbaycanın mənəvi paytaxtında qanunsuz məskunlaşmanı başa vurmağı planlaşdırırdı? Və şəhərin Azərbaycanın nəzarətinə qaytarılması 1992-ci ildən bəri ATƏM (ATƏT) daxilində beynəlxalq vasitəçilərin tərəfindən heç vaxt müzakirə gündəminə gətirilməyib? Bilir, amma susur”.
“Əli Kərimli bilirmi ki, 1992- ci ildən bəri Qərb vasitəçiləri erməni əhalisi arasında yekun statusa dair referendumun keçirilməsindən sonra Qarabağda 30 kilometrlik Laçın dəhlizinin yaradılmasında israr edirdilər ki, bu da Laçın rayonunun Azərbaycandan mexaniki şəkildə ayrılması deməkdir? Bilir, amma susur”.
“Əli Kərimli bilirmi ki, Qərbdən fərqli olaraq, Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdı, sülhməramlı qüvvələri davamlı və sistemli sülhün sabitləşdirici qarantı kimi təqdim etdi? Əli Kərimli bilirmi Rusiya Prezidentinin Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunaraq bitmiş münaqişə elan etdiyini? Bilir, amma susur”.
Yaxud, milli həmrəylikdən tamamilə uzaq olan bu adamlara Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynovun yanvarın 12-də mənim “Facebook” ünvanıma göndərdiyi “Bizim siyasi camiədəki bəzi ağzıgöyçəklərimiz...” adlı materialın bəzi cümlələrini xatırlatmaq istərdim.
“Ağzıgöyçək və nihilist-pessimist “ekspert”lərimizin hər nə qədər cığal fikirlər səsləndirməsindən asılı olmayaraq, Moskva görüşünün nəticələri Azərbaycan tərəfini tam qane edir. Qane olmayan, narazı qalan tərəf isə həmişəki kimi yenə də Ermənistan tərəfi oldu. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki görüşün sonunda mətbuat üçün verilən açıqlama zamanı əsirlər məsələsinin öz həllini tapmaması və “Dağlıq Qarabağın statusu” məsələsinin açıq qalması barədə gileylənməsi, şikayətçi düşməsi üçtərəfli görüşdə onun təkliflərinin qulaqardına vurulduğunu sübut edir. Paşinyan “status” məsələsi ilə çığır-bağır salsa da və münaqişənin sonacan nizamlanmadığını bildirərək şikayət etsə də, sonda başa düşdü ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Bunu Azərbaycan və Rusiya prezidentlərinin görüşün yekunları ilə bağlı çıxışlarından da görmək olur. Elə Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskinin bununla bağlı ”30 ildir davam edən Dağlıq Qarabağdakı münaqişə indi getdikcə daha çox tarixə çevrilir və bu torpaqlara dayanıqlı sülh gətirir”, -- deyə əminliklə söylədiyi fikir də bizim bu mövqeyimizi təsdiqləyir”.
Partiya sədri Moskva görüşü barədə fikir və təəssüratlarını ümumiləşdirərək yazır ki, mən bu görüşün nəticələrini ölkəmiz üçün irəliyə doğru atılmış böyük bir addım kimi dəyərləndirirəm: “Bu görüş 44 günlük müharibə dövründə döyüş meydanında, 10 noyabrda isə siyasi müstəvidə qazandığımız qələbələri daha da möhkəmləndirdi və görüşün sonunda imzalanmış üçtərəfli bəyanat faktiki olaraq 10 noyabr bəyanatının 9-cu maddəsinin icra mexanizmini təsdiqlədi. Bu isə bir daha onu göstərir ki, 10 noyabrda əldə edilmiş razılaşmalar kağız üzərində qalmayacaq. Həmin razılaşmaların hər bir bəndi zamanla icra olunacaq, həyata keçəcək. Bu isə Azərbaycanın maraqlarına tam cavab verir. Yetər ki, sadəcə bir az səbirli olaq”.
Bəli, səbirli olmalıyıq. Çünki biz 44 günlük müharibədəki möhtəşəm Qələbəmizə də məhz müdrikcəsinə nümayiş etdirdiyimiz mükəmməl səbrin nəticəsində nail olduq. O səbrin ki, Əli Kərimli və ətrafındakılar daim bizə məhz səbrimizi irad tuturdular. İndi də nəyi irad tuturlarsa, tutsunlar. Qələbəmiz də tarixdə öz yerini tutdu, səbrimizin mahiyyəti də, beynəlxalq aləmdə qazandığımız “Qalib xalq” statusu da.
İttifaq MİRZƏBƏYLİ, Əməkdar jurnalist, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə