Ən son xəbərlər
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin və bütövlükdə son 30 ilin ən əsas yekunu Ermənistanın işğalı altındakı torpaqlarımızın azad olunmasıdır. Dünyanın imansız, ermənipərəst siyasət dəllallarının oyunbazlıqları hesabına 1440 həftə uzana-uzana gedən problemin həllini vur-tut 6 həftəyə gerçəkləşdirdik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Milli Ordumuz bu salnaməni 44 gün ərzində saatbasaat, sətirbəsətir yazdı. Şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına qazanılan Böyük Qələbə bizim əsrlərə bərabər Zəfər oratoriyamızdır.
Gec oldu - güc oldu. Ədalət və sabitlik bərqərar edildi. Vətənpərvər əzmimizə, qətiyyətimizə, bəzi bədxahlarımız etiraf etməsələr də, dünya heyran qaldı.
Ötən ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Böyük Qayıdış konsepsiyasını elan edib. Bu, həm də xilaskar missiyasını yerinə yetirmiş, xalqın inamını özünə qaytarmış Ali Baş Komandanın hesabatı idi. Çünki Qələbə epopeyasının əsas müəllifi Prezident, qəhrəmanları isə xalqımız və ordumuz olub. Müşavirədə səslənən proqram xarakterli nitqin ana xəttini Böyük Qələbə ilə vurduğu möhür, hərbi nailiyyətin şanlı davamı olaraq isə Qarabağın bütün bölgələrində Azərbaycanın yurisdiksiyasının möhkəmləndirilməsi, ərazilərin bərpası və qayıdış məsələləri təşkil edir. Cənab Prezident nitqində bütün bu məsələlərə geniş yer verib, əsas hədəfləri göstərib. Təzminat davası üçün dəymiş ziyanın hesablanması, qiymətləndirmə və xərclər, minalardan təmizlənmə, şəhərsalma, zərər çəkmiş 9 mindən çox binanın bərpası, ermənilərin ballistik raketlərlə vurduğu çoxmənzilli evlərin tikilməsi, hərbçilərin ev təminatı və sosial müdafiənin gücləndirilməsi, yolların çəkilişi, dağ-mədən sahəsinin yaradılması, su resurslarının istifadəyə yönəldilməsi, enerji təminatı, aqrar sektorun inkişafı bu sıradandır.
Dövlət başçısı mənfur qonşuların nankor davranışlarını bir daha diqqətə çatdırıb: “Ermənistana o rayonlardan çıxmaq üçün vaxt verildiyi müddət ərzində onlar oranı da dağıtmışlar, bütün dünyaya öz vəhşiliklərini göstərmişlər. Bütün dünyanın gözü qarşısında evləri yandırıb, meşələri kəsib, qırıb, vandalizm aktları törətmişlər. Bütün dünya gördü ki, biz kiminlə üz-üzə idik. Bu vəhşiliyin, bu qəddarlığın bəlkə də tarixdə analoqu yoxdur. Heç İkinci dünya müharibəsində işğalçı qüvvələr bu qədər qəddarlıq törətməmişlər. Onlar hesab edirdilər ki, biz bu bölgələrə qayıtmayacağıq, amma biz qayıtmışıq və qayıdırıq”.
Prezident vurğulayıb ki, döyüş cəbhələrində möhtəşəm qalibiyyətimiz, danışıqlar masası arxasında söz sahibi olmağımız Qarabağ çöllərində (bəli, vandallar oraları dağıdıb boş çöllərə döndəriblər) əzəmətli quruculuq işlərimizlə daha da möhkəmlənməlidir.
Artıq torpaqların dirçəldilməsinə hərtərəfli start verilib. Sərhədlərimiz demarkasiya olunur, nəzarətimizə keçən hər yerə üçrəngli bayrağımız sancılır, Azərbaycan hakimiyyəti haqqı olan hər qarış yerdə qanunauyğun şəkildə bərpa edilir. Ayrı-ayrı nazirlik, komitə və digər qurumların nümayəndələri planlı şəkildə Qarabağa yollanaraq, görüləsi işlərin konkret həlli üzrə tədbirlər görür, yaxın perspektiv üçün geniş inkişaf və tərəqqi layihələri hazırlayırlar.
Artıq Qarabağda həyat özünün saf, halal toxumları ilə cücərib boy göstərir. Bunun ilk əlamətləri könlümüzü açır. İşğaldan qurtarmış ərazilərə işıq xətlərinin, su kəmərlərinin çəkilməsi, mağazaların, çörək sexlərinin açılması, yaşıl fidanların əkilməsi, infrastruktur yaradılması yuxu deyil, gerçəklikdir. Jurnalistlərimizin gündə bir bölgədən reportajlar təqdim etməsi, hətta Cıdır düzündə ilk konsertin təşkili ruhumuza sonsuz nikbinlik aşılayır.
Sanki bu qış qar da Şuşaya, Laçına, Kəlbəcərə həmişkindən gözəl yağdı. Qarabağda heç kəs üşümədi. Sevgi, vüsal, qovuşma duyğuları qızdırdı bizi. Bütün bunların fonunda Ermənistanın sərhəd kəndlərində susuz, çörəksiz qalan bəzi erməni ailələrinin Azərbaycan televiziyalarına verdikləri müsahibələrdə güzəran ağlaşmaları daim gözü onun-bunun əlində, qapısında, yurdunda olan nankor qonşu dövlətin nə qədər düşkün, necə miskin durumda olduğunu təsdiqləyir. Onların dərdini çəkmək əvəzinə, atəşkəs qüvvəyə minəndən 16 gün sonra revanş niyyəti ilə ərazilərimizə, postlarımıza hücum edərkən ələ keçirilmiş 62 nəfərlik erməni diversant qrupunu istintaqdan qurtarmaq üçün utanmaz xahişlər edirlər. Keçməz! Elə yanvarın 11-də Moskva bəyanatı imzalanan zaman Nikol Paşinyan bu barədə məxsusi bir təvəqqe səsləndirsə də, onun istəyi bir kəlmə sözlə belə sənəddə öz əksini tapmadı. Ermənistanın baş nazirinin status barədə danışıqlara hazır olduğunu söyləməsi də yersiz təsir bağışladı və cavabsız qaldı. Daldan atılan daş topuğa dəydiyi üçün Moskva onun göz yaşlarına inanmadı.
Əslində, Azərbaycanın ədalətli, məsuliyyətli, humanist siyasəti, Ermənistandan fərqli olaraq, hətta, döyüş əməliyyatları dövründə ordumuzun yalnız hərbi hədəfləri nişan alması, dinc əhalinin hədəfə götürülməməsi, ərazilərin boşaldılması üçün düşmənə vaxt verilməsi qarşı tərəfin bu insanpərvər siyasətdən nəticə çıxarmasını şərtləndirir. Amma təəssüf... Ermənilər sanki nəzərə almırlar ki, Azərbaycanın icazəsi olmadan xarici vətəndaşların, rəsmi şəxslərin, Dağlıq Qarabağa səfərləri qanunsuz sayılır. Əgər belə təxribatçı addımlar davam edəcəksə, Azərbaycan sərt cavab verəcək. Anadoluların dediyi kimi, “Gələcəyi olsa, görəcəyi də olar”.
Azərbaycanın prinsipial mövqeyi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsaslanır. Bizim torpaqlarımızda həmin bəyanatda təsbit olunmamış heç bir fəaliyyət həyata keçirilə bilməz. Ya da Azərbaycanın buna prinsipial icazəsi olmalıdır. Azərbaycan hazırda ərazidəki vəziyyəti başa düşür və humanitar məsələlərin həllinə razılığını verib. Lakin budan sui-istifadə yolverilməzdir. Ermənistan ərazisindən silahlıların Azərbaycan ərazisinə keçərək qudurğanlıq etməyə cəhd göstərmələrinə nə ad vermək olar? Onlar terrorçu və diversantlardır. Lakin Azərbaycan yenə də humanizm göstərərək onları məhv etmədi, əsir götürdü. Nəticə çıxartmaq hələ də gec deyil. Ermənistan daha böyük problemlərlə üzləşmək istəmirsə, addımlarına fikir verməlidir.
Vətən müharibəsində qələbəmizin ilkin tarixi əhəmiyyəti ərazi bütövlüyünün bərpa edilməsidir. Bu, 30 illik sülh danışıqları vasitəsilə baş tutmayana son çıxış kimi, hərbi yolla nail olmağın mümkünlüyünü sübuta yetirdi. Ötən illər ərzində cənab İlham Əliyevin möhtəşəm siyasi-diplomatik səyləri sayəsində haqq işimiz ədalətsiz hakimlərin beyinlərinə yeridildi, yaratdığımız möhkəm siyasi zəmin əks-hücum əməliyyatlarımızın haqlı qərar olduğunu hamıya göstərdi. Necə deyərlər, “ələkçinin qılverənləri” belə bir söz deyə bilmədilər. Bu, həm də Prezident İlham Əliyevin sözü ilə əməli arasında heç bir fərq olmaması kontekstində əvvəlki illərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair xalqa verdiyi vədin yerinə yetirilməsi oldu.
Bizim heç kimin torpağında gözümüz yoxdur. Özümüzün olanlar bəsimizdir. Elə bu amalla da işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərimizin kütləvi qayıdışı üçün möhkəm əsaslı zəmin hazırlayırıq. Ürək sözlərini dinlədiyimiz məcburi köçkünlərsə birağızdan deyirlər ki, əslində, bununla əlaqədar onların çox böyük əksəriyyətinin arasında müvafiq təbliğat aparmağa bir elə də ehtiyac yoxdur.
Sumqayıtda məskunlaşmış Birinci Qarabağ müharibəsi qazisi, şair Ədalət Nicat:
– Otuz ilə qədər yurd yerlərinin həsrətini çəkmişik, oraları yuxularımızda görmüşük. İndi, şükür, qayıtmağa hazırlaşırıq. Doğma Qubadlını öz əllərimizlə yenidən gülüstana çevirməyə hamılıqla can atırıq. Nə qədər qayğı ilə əhatə olunsaq da, biz burada sudan qırağa atılmış balıq kimiyik. Çünki yurd yerlərimizin havası başqadır, qardaş! Yubana bilmərik!
Laçınlı məcburi köçkün Yusif Lətifov:
– İllərdir ki, Novxanı ərazisindəki Sarıqaya deyilən yerdə, keçmiş pioner düşərgəsində qalırıq. Laçını şirin xəyallarımızda yaşatmışıq. İndi də, nəhayət, xəyalın gerçək olan vaxtıdır. İcazə veriləndən sonra burada bir gün qalsam, elə bilərəm ki, doğma Malxələf kəndinə, dağlara, ərazimizdən axan Həkəri çayının sularına xəyanət edərəm.
Hazırda yolumuzu gözləyən o yerlərdə mühüm məsələlərdən biri ərazilərin minalardan təmizlənməsidir. ANAMA-nın yenidən təşkil edilməsi gündəmdədir, Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilə də bilər. Yeni yaradılacaq qurum ən müasir texnika ilə təchiz ediləcək. Onu da deyək ki, ərazilərin mina və partlamamış mərmilərdən təmizlənməsi müddəti ilə bağlı bəzən yersiz fikirlər səsləndirilir. Burada hər hansı meyar, yaxud əmsal ola bilməz. Çünki mənfur düşmən hər tərəfi minalayıb və xəritələri Azərbaycana verməyib. Müdafiə Nazirliyində ərazilərin minadan təmizlənməsi ilə bağlı ilkin mərhələdə iki istehkamçı tabor yaradılacaq. Türkiyədən 130 nəfərdən ibarət böyük heyət gəlib. Rusiyadan da bir qrup istehkamçı bu fəaliyyətlə məşğuldur.
Prezidentin 2020-ci il 24 noyabr tarixli sərəncamına əsasən işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı əlaqələndirmə qərargahı yaradılıb. Qərargahın nəzdində idarələrarası mərkəz, onun da nəzdində16 işçi qrup var. İşçi qruplarında 55 dövlət qurumunun 160 nümayəndəsi iştirak edir. Bütün şəhərlərin, kəndlərin bərpası vahid konsepsiya ilə həyata keçiriləcək. İlk növbədə böyük yaşayış məntəqələri bərpa olunmalıdır. Aidiyyəti qurumlar kəndlərin optimal say tərkibini müəyyən edəcək, ərazilərdə infrastruktur, məşğulluq və s. məsələlər planlı surətdə nəzərə alınacaq. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizm sahələri nəzərdə tutulacaq. Bərpa işləri, o cümlədən şəhərsalma yüksək səviyyədə aparılacaq. İnfrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verəcək.
Son bir ay ərzində gündəlik məsələlərlə və qəbul olunmuş qərarlarla yanaşı, strateji fəaliyyət planı və həmin planın əsasında tədbirlər planı hazırlanaraq, bütün aidiyyəti qurumlarla razılaşdırılıb. Bir sıra beynəlxalq və xarici ölkə şirkətləri ilə işgüzar əlaqələr qurulmağa başlanıb. Şuşa şəhərinin baş planının hazırlanması üzərində iş gedir.
Daha geniş mənada baxsaq, beynəlxalq yol-nəqliyyat infrastrukturunun bərpası iqtisadi imkanların miqyasını xeyli artıracaq. Prezident İlham Əliyev Moskva görüşündə bu perspektivi aydın müəyyənləşdirib: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.
İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımlarla bağlı üç hökumətin -- Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yaradılacaq. Azərbaycan Prezidenti, eyni zamanda, əmin olduğunu bildirib ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar.
Hazırda qarşıda duran vəzifə Qələbəni siyasi yolla möhkəmləndirmək, iqtisadi rıçaqlarla genişləndirməkdir. Elə etməliyik ki, erməni faşizmi bir daha baş qaldıra bilməsin. Xariqələrimizdən beynəlxalq müstəvidə hamı xəbərdar olmalıdır. Keçmiş münaqişə və indiki reallıqla bağlı əsl həqiqətləri dünya bilməlidir. Dünyaya göstərməliyik ki, nəinki əzəli torpaqlarımızı alıb bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə