Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virusa yoluxandan sonra təşvişə düşmədən müalicəyə başlamaq lazımdır

Pandemiyanın başladığı yaz dönəminə nisbətən payız-qış fəslində səhiyyəmiz daha ağır nəticələrlə, insan itkiləri ilə üzləşdi. Həmin dövrdə gündəlik test edilənlərin hər 3 nəfərindən birinin cavabı pozitiv olurdu. Dekabrın 14-dən etibarən yenidən sərt karantin rejiminə keçid yoluxmaların sayında çox ciddi azalmaya səbəb oldu. Bu günlər test edilən hər 15-16 nəfərdən birində virus aşkarlanır. Hazırkı dövrədək Azərbaycanda 225 mindən çox insanın koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 210 minə yaxını müalicə olunaraq sağalıb, 3 mindən az insan isə vəfat edib. Hazırda aktiv xəstə sayı 11 mindən çoxdur. Ötən müddət ərzində 2 milyon 280 minə yaxın test aparılıb.

Profilaktika tədbirlərinə baxma­yaraq, yoluxma sayının artmasının səbəbi tələblərə laqeyd yanaşma ilə bərabər, həm də virusun mutasiya etməsi idi. Çünki son vaxtlar koro­navirusun mutasiyaya uğraması ilə bağlı yeni forması ortaya çıxıb. Yeni ştamm əvvəlkindən 70 faiz daha çox sürətlə yayılır. Əslində, koronavirus ortaya çıxandan sonra onun, ən azı, 4 minə yaxın mutasiyası baş verib. Bu mutasiyalar içərisində ən diqqət çəkən əlamət onun yayılma dərəcəsinin daha da artmasıdır.

Səhiyyə Nazirliyinin baş infeksi­onisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə verdiyi müsahibədə bildirib ki, vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir. Əksər ölkələrdə birin­ci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunur. Bu əhali qrup­larına ilk növbədə səhiyyə işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir.

T.Eyvazov peyvəndlərin koro­navirusdan qoruyuculuğu ilə bağlı deyib ki, hazırda bir sıra ölkələrdə yeni koronovirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilmiş­dir. Bu ölkələr ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müva­fiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin ef­fektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98 faiz) qiymətləndirilmişdir. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcəkdir. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcəkdir.

Qeyd edək ki, ölkəmizdə koronavi­rusa qarşı peyvəndlər könüllülük prin­sipi ilə həyata keçiriləcək. Bir qrup in­saların peyvənddən imtina edəcəkləri ilə bağlı xəbərlər dolaşmaqdadır. İnfeksionist vaksinasiyadan imtina edən vətəndaşların hansı təhlükə ilə üz-üzə qala biləcəyi, eyni zamanda, peyvəndləmədən sonra xəstəliyin öz təsirini saxlayıb-saxlamayacağı ilə bağlı fikirlərini belə bildirib:

“Vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında apa­rılması nəzərdə tutulur. Kütləviliyinin təmin olunması üçün əhali arasın­da peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Xüsusən vaksinasiyadan imtina edən şəxslərin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilməlidir. Vak­sinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranma­sına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksina­siya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa, epidemik proses sönəcəkdir. Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılması­dır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da, hələlik yeni koro­navirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib”.

Qeyd edək ki, pandemiya bizə həyatda, məişətdə bəzi nüanslara daha çox diqqət etməli olduğumu­zu öyrətdi. Əl gigiyenasına, yersiz ünsiyyətlərə, qucaqlaşıb öpüşməyə, qonaqlıqlara münasibətimizi dəyişdirdi. Pandemiya dövründə biz infeksion xəstəliklərdən qorunma və gigiyena qaydaları barədə çox məlumatlar əldə etdik. Bunun gələcək üçün müsbət təsirləri yəqin ki çox olacaq.

Bununla bağlı fikir bildirən həkim deyib ki, pandemiya dövrü biz hava-damcı infeksiyalarından qorunma və gigiyena qaydaları barədə bir çox məlumatlar əldə etdik, müəyyən təcrübə qazandıq. Bu qaydalara gələcəkdə də, xüsusən respirator virus infeksiyalarının mövsümi artımı müşahidə edilən payız-qış fəsillərində əhali tərəfindən əməl olunması arzuolunandır və yoluxma hallarının azalması kimi müsbət təsirlərə səbəb olacağı düşünülür.

Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdi­yev virusun yeni yayılmış ştammı ilə bağlı bildirib ki, yeni ştamm sürətlə bir neçə ölkədə yayılmağa başlayıb və böyük panikaya səbəb olub. O deyib ki, virusun yeni ştammında müəyyən dəyişikliklər ortaya çıxacaq. Yeni virus ştammı sayəsində xəstəliyin klinikası da fərqli gedə, immun sistemimiz bun­lara fərqli cavab verə bilər. Bunların heç birinin indi bəlli olmadığını, amma zaman keçdikcə özünü göstərəcəyini diqqətə çatdıran professor, xüsusilə bu dövrdə qorunma tədbirlərinə ikiqat riayət etmək lazım olduğunu bildirib. Qeyd edib ki, virus daha sürətlə yayıl­dığı üçün sosial məsafə prinsiplərinə daha ciddi riayət etmək tövsiyə olunur. Məsələn, 1,5-2 metr deyil, imkan olduqca daha çox məsafə saxlamaq məsləhət görülür.

Professorun hazırda başlanması­na hazırlıq gedən vaksinasiya ilə bağlı fikri belədir: “Bu vaksinlərin virusun yeni ştammına qarşı nə dərəcədə effektiv olması onların hansı üsul­la istehsal olunmasından asılıdır. Effektivliyi 95 faiz qiymətləndirilən vaksinlərin təsiretmə faizinin müəyyən qədər düşəcəyi gözlənilir. Tədqiqatlar nəticəsində köhnə, yəni mutasi­yadan əvvəlki vaksinlərin əmələ gətirdiyi anticisimlərin yeni ştammı nə qədər əngəlləyə biləcəyini qısa müddət ərzində öyrənmək olar. Əgər peyvənddən yeni ştamma qarşı istənilən nəticə əldə olunmazsa, vaksinlə bağlı araşdırmalar yenidən başlaya bilər”.

Sərt karantin rejiminin yenidən tətbiqindən sonra son həftələrdə koro­na-virusla bağlı statistik göstəricilərdə müsbət dinamikanın olması bizi arxayın etməməlidir. Bu tendensiya­nı nəinki qoruyub saxlamaq, hətta yoluxma sayının daha az olmasına nail olmaq üçün qorunma tədbirlərinə daha ciddi əməl edilməlidir. Çünki koronavirusa yoluxanların sayı təkrar artarsa, yenidən əvvəlki qorxulu vəziyyət yarana bilər.

“Əgər koronavirusa təkrar yolux­ma halları müşahidə olunarsa, bu, vəziyyəti mürəkkəbləşdirib arzuolun­maz nəticələrə gətirib çıxara bilər. Çünki təkrar yoluxma zamanı virusun yeni mutasiyasının əmələ gəlməsinə imkan yarana bilər”. Bunu Almaniya– Azərbaycan Radioloji və Neyroradio­loji Cəmiyyətinin sədri, Köln Universi­teti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Alim bildirib ki, virusdan sağalan şəxs yenidən yoluxarsa, bu zaman infeksiya insan orqanizmində forma­laşan immunitetə qalib gəlmək üçün özünü dəyişdirə bilir və beləliklə, viru­sun mutasiya olunmuş (escape mu­tasiya) yeni variantı yaranır. O qeyd edib ki, bu cür mutasiya artıq cənubi Afrikada rast gəlinib və mütləq olaraq Azərbayanda da ciddi nəzarətdə saxlanılmalıdır.

N.Abdullayevin sözlərinə görə, insanlar bilməlidir ki, hamını birdən vaksinasiya etmək mümkün deyil, ona görə də onlar vaksinasiyadan sonra da özlərini qorumalı və özünü təcridetmə qaydalarına əməl olunması davam etməlidir.

Rusiyada pandemiyanın 2021-ci lin payızında yekunlaşacağı ilə bağlı xəbərlər yayılıb. Onu da qeyd edirlər ki, koronavirusun yeni mutasiyası planları dəyişə bilər. Rusiya Milli Epidemiologiya və Mikrobiologiya mərkəzinin baş elmi işçisi Viktor Zuyev deyib ki, ötən ildən virusun 2021-ci ilin yayında bitəcəyini proq­nozlaşdırıb. Lakin bir çox tədqiqatçılar virusun yeni yaranmış Britaniya ştam­mına görə vəziyyətin dəyişəcəyini deyirlər. Həkimlər, həmçinin bildirirlər ki, bu mutasiya pandemiyanın yeni dalğalarını yarada bilər və bu dalğalar görünməmiş miqyasda yayıla bilər. Bu təhlükəni azaltmaq üçün yeni məhdudlaşdırmalar və bir qədər sərt tədbirlərə getmək lazım olacaq.

Rusiyalı həkim Anastasiya Povto­reyko bildirib ki, koronavirus keçirmiş xəstələrin psixikasında həyəcanverici simptomlar görünməkdə davam edir. Bu əlamətlər əsasən zehni pozğun­luqlar və demens hallarının artması ilə əlaqədardır. “Xüsusilə, demensiya hallarının ikiqat artması ciddi narahat­lıq doğurur. Həkimlər əvvəlcə bunu cəmiyyətdə bilinməyən bir xəstəlik qorxusunun artması ilə əlaqələndirdilər. Lakin sonradan Oksford Universitetinin həkimləri koronavirusu olan hər beşinci xəstədə zehni pozğunluqlara rast gəlindiyini bildirdi. Bu, intoksikasiya sindromu fonunda viral ensefalit və ya reaktiv vəziyyətin nəticələri ola bilər. Ancaq bu günə qədər həkimlər korona­virusun nəticələrini tam qiymətləndirə bilmirlər.

SARS – CoV-2-nin sinir sisteminə zərər verdiyi və beyin iltihabına səbəb olduğu müəyyən edilib. Psixi poz­ğunluqların simptomlarının nə qədər davam edəcəyini zaman göstərəcək”, – deyə həkim əlavə edib.

İndiyə qədər COVID–19-a yolux­manın ilkin simptomlarından tempera­tur, əzələ ağrıları, nəfəs darlığı, quru öskürək və s. kimi dad və iy bilmənin itməsini də göstərirdilər. Amma aparılan tədqiqatlar, elmi araşdırma­lar bunların bir çoxunun mövsümü qriplərdə olduğunu təsdiqləsə də, sonuncu əlamətin daha ağır xəstəliklə bağlı olduğu iddia edilir. Alimlər müəyyən ediblər ki, insanlarda iybilmə hissinin itməsi sinir sisteminin ən ağır xəstəliklərindən olan parkinson xəstəliyinin erkən əlamətləri sırasına aiddir.

Avropa Parkinson Fondundan verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkən pasiyentlər tez-tez bildirirlər ki, titrəmə və başqa ya­yılmış əlamətlərin inkişafından bir neçə il əvvəl onların qoxuları hiss etməsi qabiliyyəti itib. Lakin iybilmə qabiliyyətinin itməsi heç də bütün pasiyentlərdə müşahidə olun­mur. Amma tədqiqatlar göstərir ki, xəstələrin 90 faizi qoxuları hiss etmir. O da qeyd edilir ki, bəzən qoxubilmə xəstəliyin başlanmasından 10 il əvvəl də itə bilər.

Həkimlər koronavirus xəstələri və xəstəlikdən sonra insanların yuxusunu normallaşdıracaq və yuxuda delta dalğaların təsiri ilə orqanizmi bərpa edəcək rahatlandırıcı, müalicəvi, xüsusi trek musiqini tövsiyə edirlər. Delta dalğalar və binoral ritmlər yuxunu yaxşılaşdırır, beyni rahatladır, cavanlaşdırır, bədənin bioritmi və kimyəvi reaksiyalarını bərpa edir, stre­si azaldır, hüceyrələri aktivləşdirir. Hər gün yatmazdan əvvəl qulaqcıqla zəif səsdə musiqiyə qulaq asaraq yuxuya gedin. Siz yuxuda ola-ola da musiqi davam etsin.

Bütün tövsiyələrə əməl edin. Əvvəla, virusa yoluxmayın, ikincisi də, yoluxandan sonra təşvişə düşməyin, psixoloji sarsıntı keçirməyin ki, sadə antiviral dərmanlar və vitaminlərlə virusa qalib gəlib normal həyata dönəsiniz.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

14 Yanvar 2021 00:09 - CƏMİYYƏT
CƏMİYYƏT
16 Yanvar 2021 | 13:02
Sevərək yazmalı

Köhnə versiyamızdan xəbərləri izlə