Ən son xəbərlər
ABŞ hökuməti yaşı 65-dən yuxarı və sağlamlıq problemləri olan amerikalıları peyvənd etmək üçün ikinci doza kimi saxladığı milyonlarla COVID-19 peyvəndinin dozasını istifadəyə buraxıb. Bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Səhiyyə və Sosial Xidmətlər naziri Aleks Azar populyar “ABC” telekanalına verdiyi müsahibədə bildirib ki, “ştat administrasiyalarının diqqəti məhdud istiqamətə yönəlib. Lakin hökumət inanır ki, istehsalı proqnozlaşdırmaq mümkündür və davam edən istehsal ilə insanlar üçün ikinci dozaların verilməsi tamamilə təmin edilə bilər. Beləliklə, artıq hər şey həm ştatlar, həm də səhiyyə provayderləri üçün əlçatandır”.
Qeyd edək ki, federal hökumət ştatları iki dozalı peyvəndlə təmin etdiyi halda, hər ştat onları öz planına uyğun olaraq paylayır. Əksər ştatlarda səhiyyə işçiləri və qocalar evlərinin sakinlərinə üstünlük verilib. Hökumət isə peyvənd istehsalının kifayət qədə sürətlə aparıldığını və narahatçılığa heç bir əsas olmadığını bəyan edir.
“Artıq səhiyyə işçilərimiz və qocalar evlərindəki insanların sayından daha çox peyvənd paylamışıq”, -deyə A.Azar bildirib. Onun sözlərinə görə, indi əsas vəzifə peyvəndlərin paylanılması üçün daha artıq imkanların tapılması, peyvəndlərin apteklərə, icmalardakı səhiyyə mərkəzlərinə vaxtında çatdırılmasıdır.
Nazir, həmçinin federal hökumətin “əgər istəsələr, kütləvi peyvəndləmə aparan ştatları dəstəkləmək üçün qruplar göndərəcəyini” vurğulayıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərindən verilən məlumatlara görə, artıq 10 milyona amerikalıya COVID- 19-a qarşı peyvəndin ilk dozası vurulub.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə