Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birgə bəyanat uğurla həyata keçirilir

Bu bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib… Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik.
İlham ƏLİYEV
Azərbaycan ­Respublikasının Prezidenti

Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam. Bu məqsədlə üç hökumətin -- Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. 
Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti

Bəşər övladının yarandığı gündən bəri müharibələr, münaqişələr daim olub, indi də var və gələcəkdə olmayacağı barədə ehtimal etmək belə mümkün deyil. Qəbilə halında, evsiz – eşiksiz, hər cür mədəniyyətdən uzaq olan ibtidai insanların içməli su mənbələrinə sahib olmaq üçün başladıqları kiçik münaqişələrdən “yüzillik” savaşa, oradan isə nüvə qarşıdurmalarına qədər olan bütün müharibələr sonda barışıqla başa çatmış, gələcək nəsillərin sülh şəraitində, birgə yaşayışına zəmin yaradan anlaşmalar ortaya çıxmışdır. 
Azərbaycanın məcburən sürükləndiyi 30 illik münaqişənin də nə zamansa bitəcəyi şəksiz idi. Ancaq bizim düşmənimiz o qədər haqsız, qaniçən, qəddar, vəhşi təbiətlidir ki, onun nə zamansa ədalətli sülhə razılaşacağına inananları barmaqla də saymaq olardı. Sən demə, XX –XXI əsrlərdə feodal dövrü təfəkkürü ilə yaşayan və həmin dövrün prinsiplərindən də primitiv üsullarla müharibə aparan Ermənistanı da sülhə məcbur etmək olarmış. Bunun üçün illər boyu hazırlaşıb cəmi 44 gün qətiyyətlə və dönmədən, prisipiallıqla döyüşmək kifayət imiş. Azərbaycan həmin addımları atdı və 30 illik münaqişəni 44 günlük müharibə ilə tarixin arxivinə göndərdi. 
Qeyd etmək vacibdir ki, münaqişənin və müharibənin taleyini Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi və qətiyyəti, ordumuzun möhtəşəm maddi-texniki bazası və peşəkarlığı, eləcə də xalq --iqtidar və xalq – ordu birliyi həll etmişdir. Yəni bu amillər düşmənin tam təslim olmasına zəmin yaratmışdır. Ancaq həm öz ərazi bütövlüyünün bərpası uğrunda vuruşan Azərbaycanın, həm də işğal etdiyi əraziləri əldən vermək istəməyən Ermənistanın itkilərinin minimuma endirilməsində Rusiya Federasiyası rəhbərliyinin, xüsusən, Prezident Vladimir Putinin xüsusi rolu olmuşdur. Dövlət başçımızın da dediyi kimi, biz işğal edilmiş ən böyük və ən mühüm üç rayonumuzun bir güllə belə atmadan, bir nəfər belə itki vermədən azad edilməsinə nail olmuşuq. Bu uğura Moskvanın vasitəçiliyi ilə ötən il noyabrın 10-da imzalanan birgə bəyanat nəticəsində nail olmuşuq.
Rusiya Federasiyasının rəhbərliyi həmin vasitəçilik missiyasını bu gün də davam etdirir. Prezident Vladimir Putinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də həmin missiyanın davam etdirilməsinin nəticəsidir.
Rusiya Prezidenti xüsusilə qeyd etdi ki, əsas məqsədimiz keçən il noyabrın 9-da Dağlıq Qarabağa dair imzaladığımız üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etməkdir. Rusiya Prezidenti Putin hamı üçün maraqlı olan bir məqamı da yada salaraq xatırlatdı ki, Rusiya ötən ilin oktyabr-noyabr aylarında özünün bütün fəaliyyətində ATƏT-in Minsk qrupunda əldə edilmiş əsas qaydalara riayət etməyə çalışırdı. Yəni son günlər Ermənistandan və ona havadarlıq edən ölkələrdən gələn cır səslərin tam əksinə olaraq, münaqişə ATƏT prinsiplərinə, Minsk qrupunun müəyyən etdiyi qaydalara əsasən həll olunub. Bu isə o deməkdir ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur. İndi Qarabağda yaşayan ermənilər öz müqəddaratını ağıllı şəkildə təyin edərək, Azərbaycan vətəndaşlığını qəbul etməli və normal həyata qayıtmalıdırlar. 
Dövlət başçılarının apardığı uzun və gərgin müzakirələrdən sonra (müzakirələrin gərgin keçdiyini Nikol Paşinyanın bəyanatındakı bəzi detallar da sübut edirdi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyanat imzaladılar. Sənəddə qeyd edilir ki, 2020-ci il 9 noyabr tarixli bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaradılması barədə təklifi dəstəklənir”.
Xatırladaq ki, işçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.
Dövlət başçılarının müzakirələrdən və məlum sənədin imzalanmasından sonra mətbuat üçün verdikləri bəyanatlar regionun daha sabit və daha firavan sabahına olan inamı qat-qat artırır. Məsələn, Rusiya Prezidenti öz bəyanatında vurğuladı ki, bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzaladıq: “Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək”.
 Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatında isə xatırladıldı ki, bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi: “Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir”. 
Azərbaycan Prezidenti, eyni zamanda, əmin olduğunu bildirdi ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar: “ Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.
Bu ümidverici və nikbin ifadələrdən sonra erməni xəstəliyinin növbəti təzahürünün şahidi olduq. İnanırıq ki, həmin fakt təkcə Kremldə deyil, regionda marağı olan bütün ünvanlarda narahatlıq yaradacaq. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz bəyanatında Vladimir Putinin və İlham Əliyevin dediklərinin əksinə olaraq, həm də Rusiya Prezidentinə xitabən dedi ki, bu münaqişə hələ nizamlanmayıb: “Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir”.
Əvvəla, Ermənistan atəşkəsə nail olmayıb, kapitulyasiya aktını imzalamaqla ölümdən xilas olmaq yolunu tutub. İkincisi, Azərbaycan tərəfi Dağlıq Qarabağa ölkəmiz çərçivəsində ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu deyəndə, Paşinyan və paşinyankimilər “daha çox ərazilər uğrunda” müharibədən danışırdılar. Ona görə də indi daha çox əraziləri itirməmək üçün status məsələsini büküb… bir tərəfə atmalıdırlar. Çünki Qarabağ Azərbaycandır! Vəssalam, şüttamam!
İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

13 Yanvar 2021 00:52 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə