Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parlamentdə YAP-ın ilk ərazi təşkilatının tədbiri keçirilib

Yanvarın 11-də Milli Məclisdə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə 2 saylı İlk Ərazi Təşkilatının İdarə Heyətinin videoformatda geniş iclası keçirilib. 

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri Sahibə Qafarova iclasın işinə uğurlar arzulayıb, 2021-ci ildə qarşıda duran vəzifələrdən danışıb. Spiker əvvəlcə yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə videoformatda keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirəyə toxunub. Bildirib ki, həmin tədbirdə ötən ilin yekunlarını çox geniş və konseptual şəkildə təhlil edən dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə görüləcək quruculuq işləri və Ermənistan rəhbərliyinin təxribatçı davranışları ilə bağlı çox dəqiq mesajlar verib. 
Sədr vurğulayıb ki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, 2020-ci ilin ən əsas hadisəsi və ən əsas nəticəsi Vətən müharibəsində qazanılmış tarixi Zəfər, torpaqlarımızın işğaldan azad olunmasıdır. Sahibə Qafarova əminliklə bildirib ki, Vətən müharibəsində qazanılmış Zəfər nəinki 2020-ci ilin ən yaddaqalan hadisəsidir, eyni zamanda, tariximizə parlaq hərflərlə yazılmış, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq möhtəşəm qələbədir. Bundan sonra yeni bir mərhələnin – quruculuq  dövrünün başlandığını qeyd edən spiker deyib ki, bu dövrdə görüləcək tədbirlər, qarşıda duran vəzifələr müşavirədə Prezident İlham Əliyev tərəfindən aydın şəkildə ifadə edildi və əminəm ki, bu vəzifələrin yerinə yetirilməsi Azərbaycanın uğurla, inamla inkişafına töhfə verəcək. 
YAP-ın Səbail rayonu üzrə Milli Məclisdə yaradılmış 2 saylı İlk Ərazi Təşkilatının iclasında 2020-ci ildə ölkəmizdə ilk dəfə olaraq növbədənkənar parlament seçkiləri keçirildiyini xatırladan spiker bildirib ki, VI çağırış Milli Məclisin martın 10-da keçirilən ilk iclasında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında verdiyi tövsiyələr parlamentin fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən dövrdə Azərbaycan Prezidentinin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün Milli Məclisdə zəruri işlər həyata keçirilib. O cümlədən Vətən müharibəsində Azərbaycanın parlament diplomatiyasının bütün imkanları ölkəmizin haqq işi barədə dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub. 
İclasda qeyd edilib ki, ötən il VI çağırış Milli Məclisin ikisi növbədənkənar olmaqla, dörd sessiyası keçirilib. Parlamentin fəaliyyətinin səmərəliliyinin daha da artırılması, müasir tələblər çərçivəsində qurulması üçün müxtəlif addımlar atılıb.
Azərbaycanın əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının da böyük rolunun olduğunu vurğulayan parlamentin sədri bildirib ki, bu gün YAP-ın ideyaları, fəaliyyəti xalqımız tərəfindən dəstəklənir. Hazırda 760 mindən artıq üzvünün olması YAP-ın potensialını açıq şəkildə nümayiş etdirir. 
Milli Məclisin sədri çıxışında 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyasının ötən 28 ildə şərəfli inkişaf yolu keçdiyini vurğulayıb. O dövrün gərgin ictimai-siyasi hadisələri fonunda YAP-ın yaranmasını Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP bu gün Azərbaycanın aparıcı siyasi qüvvəsidir və Cənubi Qafqazın ən böyük partiyasıdır. 
Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün təbəqələrindən olan insanlar, həmçinin fəal qadınlar üçün geniş imkanlar yaratdığını söyləyən Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın sədr müavini Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin bütövlükdə Azərbaycan qadınları üçün nümunəyə və həyat məktəbinə çevrildiyini qeyd edib. Həmçinin Azərbaycan gənclərinin öz siyasi gələcəklərini məhz YAP-a bağladıqlarını deyib. Vətən müharibəsində YAP-ın üzvü olan gənclərin də torpaqlarımızın azadlığı uğrunda böyük qəhrəmanlıqlar və şücaət göstərdiyini qürurla qeyd edib.
Sonda Milli Məclisin sədri ilk partiya təşkilatının İdarə Heyətinə seçiləcək üzvlərə qarşıda duran vəzifələrin icrasında uğurlar arzulayıb. 
Sonra iclasda YAP Səbail rayonu üzrə Azərbaycan Respublikası Milli Məclisinin 2 saylı İlk Ərazi Təşkilatının (İƏT) fəaliyyətinə dair hesabat dinlənilib. Hesabatı slaydlar formatında təqdim edən ilk partiya təşkilatının sədr əvəzi, Milli Məclis Aparatının iqtisadi və sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev statistik icmal, təşkilatda təmsil olunan deputatların, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Milli Məclisin struktur bölmələri üzrə İƏT üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində İƏT-in fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər paketi barədə ətraflı məlumat verib.
Diqqətə çatdırılıb ki, təşkilat öz fəaliyyətini əsasən YAP-ın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.
İclasda YAP-ın Təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək əvvəlcə VI çağırış Milli Məclisin fəaliyyətində tətbiq olunan yeniliklərdən danışıb, həyata keçirilən islahatları yüksək qiymətləndirib. O, həmçinin təqdim edilən hesabatın və ilk partiya təşkilatının fəaliyyətinin qənaətbəxş olduğunu bildirib. 
YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxış edərək bu formatda hesabat-seçki iclasının ilk dəfə keçirildiyini bildirib. Qeyd edib ki, ilk partiya təşkilatının ötən dövrdəki fəaliyyəti uğurlu olub.
İlk partiya təşkilatının üzvü, Milli Məclisin intizam komissiyasının sədri Eldar İbrahimov çıxışında son dövrlər parlamentdə aparılan islahatların uğurlu nəticələrini qeyd edib. O, həmçinin YAP-ın yaranması, keçdiyi inkişaf  yolu haqqında geniş məlumat verərək qeyd edib ki, zamanın tələbindən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası ötən 28 ildə çox böyük inkişaf yolu keçərək Azərbaycan xalqına və dövlətçiliyinə ləyaqətlə xidmət edib.
İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Nizami Səfərov ilk təşkilatın fəaliyyəti haqqında müsbət fikirlərini diqqətə çatdırıb. 
Müzakirələr başa çatdıqdan sonra hesabat yekdilliklə qənaətbəxş sayılıb. 
Sonra gündəlikdəki ikinci məsələyə baxılıb, təşkilatın İdarə Heyətinin yeni tərkibi seçilib. Adil Vəliyev YAP Səbail rayonu üzrə Azərbaycan Respublikası Milli Məclisinin 2 saylı İlk Ərazi Təşkilatı İdarə Heyətinin sədri seçilib. İclasda, həmçinin sədr müavinləri və İdarə Heyətinin yeni tərkibi də müəyyənləşib.

13 Yanvar 2021 00:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə