Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələrinə və müharibə əlillərinə yeni sosial dəstək paketinin icrasına başlanılıb

Azərbaycan Prezidenti  İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Təkcə 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsaitin 5 milyard 264 milyon manat təşkil etməsi bu fikrin bariz ifadəsidir.   
Xatırladaq ki, hesabat dövründə pensiyaların orta aylıq məbləği 14 faiz artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6 faiz indeksasiya edilərək artırılıb, 1,2 milyon artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 milyon manat əlavə vəsait ödənilib.
Vətəndaşlara ödənilən sosial müavinətdə 2020-ci ildə 18 faiz artım qeydə alınıb, ötən ilin 11 ay ərzində isə 494 min nəfərə 563 milyon manat həcmində sosial müavinət ödənilib. Hesabat dövründə ünvanlı sosial yardım alan ailələrin sayı 9 min ailə (58 min ailə üzvü) artaraq ümumilikdə 74,4 min ailə (312 min ailə üzvü) təşkil edib. Hər bir ailəyə düşən orta aylıq məbləğ 2019-cu illə müqayisədə 15 faiz artaraq 238 manata çatıb.  
Yeri gəlmişkən, qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək, torpaqlarımızdan qovub çıxardı. Dəmir yumruqla başı əzilən düşmən Azərbaycan əsgəri qarşısında diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsində qazanılan parlaq qələbə, təbii ki, qəhrəman şəhid və qazilərimizin canı-qanı bahasına əldə edildi. Elə buna görə də postmüharibə dövrü başlanan kimi, müharibə əlilləri və şəhid ailələrinə dəstək layihələrinə start verildi.  
Hazırda  bu tədbirlər Vətən müharibəsi şəhidlərinin və itkin düşmüş hərbçilərin ailələrini, yaralanmış hərbçiləri, erməni terrorundan zərər çəkənləri və müharibə iştirakçılarını – ümumilikdə 6 minədək şəxsi əhatə edir. Yeri gəlmişkən, indiyədək 750 şəhidin 1850-dən çox ailə üzvünə pensiya, müavinət, təqaüd təyin edilib. Hazırda bu proses davam edir.
Şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillərlə təmin edilməsi istiqamətində aparılan işlər də diqqət mərkəzində saxlanılıb. Belə ki, 2020-ci il ərzində şəhidlərin və itkin düşmüş hərbçilərin ailələrinin, yaralanmış hərbçilərin məşğulluq və özünüməşğulluq məsələlərinin istiqamətində tədbirlər həyata keçirilib. Özünüməşğulluq proqramına 1400 nəfər, o cümlədən şəhid ailələrinin 750 üzvü, haqqı ödənilən ictimai işlərə 200 nəfər (o cümlədən, şəhid ailələrinin 50 üzvü) cəlb edilib.
Vətən Müharibəsindən sonra “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na dəyişiklik  olunub və şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də aid edilib.
Milli Məclisə təqdim edilən büdcə paketi çərçivəsində yeni layihələrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə şəhid ailələri, müharibə əlilləri, “Azərbaycanın Milli Qəhrəmanı” və “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər və digər qruplara bir sıra ödənişlərdə artımlar nəzərdə tutulub.
Prezident İlham Əliyevin bu gün imzaladığı yeni fərmanlar dövlət başçısının şəhid ailələrinə, müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, Milli qəhrəmanlara, İkinci Dünya müharibəsi iştirakçılarına, əlilliyi olan şəxslərə xüsusi qayğısının növbəti əyani təzahürüdür.
Qeyd edək ki, şəhid ailələri və əlilliyi olan şəxslər Prezidentin təqaüdü ilə yanaşı, aylıq əsasda müavinət və ya pensiya ilə də təmin olunurlar.
Dövlət başçısının müvafiq fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 20 faiz  artırılaraq 1500 manatdan 1800 manata çatdırılıb.  
İkinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizin qazanılmasına mühüm töhfələr vermiş Vətən müharibəsi qəhrəmanlarının sosial müdafiəsi də Prezidentin diqqətindədir. Dövlət başçısının imzaladığı müvafiq fərmanla sosial təminat sistemində yeni təqaüd növü kimi, Vətən Müharibəsi Qəhrəmanı üçün Prezidentin aylıq təqaüdü (2 min manat) də təsis olunub.
Artımlar artıq 2021-ci il yanvarın 1-dən tətbiq edilib.  
Ümumilikdə qəbul olunan yeni normativ hüquqi aktlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində növbəti əhəmiyyətli addımlardır. Eyni zamanda, bu sənədlər sosial təminat sisteminin optimallaşdırılmasına, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin gücləndirilməsinə, sosial ödənişlərin təyinatlarının elektron icrasının sürətləndirilməsinə xidmət edir.
Göründüyü kimi, Prezident İlham Əliyevin çevik və praqmatik iqtisadi siyasəti, vaxtında görülmüş qabaqlayıcı tədbirləri dünya iqtisadiyyatındakı mənfi proseslərin ölkəmizə təsirlərinin minimuma endirilməsinə imkan yaradır. Bu da bir daha təsdiq edir ki, Azərbaycanın uğurlu sosial siyasəti var, cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar qəbul edən dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətdə isə vətəndaşların mənafeyi öndə gəlir.
V.BAYRAMOV,
“Xalq qəzeti”

13 Yanvar 2021 00:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə