Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

C.Bayden V.Börnsü MKİ-nin direktoru vəzifəsinə irəli sürəcək

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden təcrübəli diplomat Vilyam  Börnsün Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru vəzifəsinə namizədliyini irəli sürəcəyini bildirib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 
Xəbərdə xüsusi qeyd edilir ki, 64 yaşlı V.Börns ABŞ Dövlət Departamentində işlədiyi 33 il müddət ərzində həm respublikaçı, həm də demokrat prezidentlərin dövründə diplomatik sahədə uğurla xidmət edib. 
V.Börns pillə-pillə yüksəlib və ABŞ-ın keçmiş prezidentləri Bill Klintonun dövründə İordaniyada, Corc W. Buşun hakimiyyəti dönəmində isə Rusiyada səfir olub. 2011-ci ildə prezident Barak Obamanın iqtidarı dövründə ABŞ Dövlət katibinin müavini təyin edilib. O, 2014-cü ildə təqaüdə çıxaraq Karnegi Beynəlxalq Sülh Fonduna başçılıq edib.
C.Bayden V.Börnsün namizədliyi ilə bağlı ­açıqlamasında belə bir fikri vurğulayıb ki, belə bir təcrübəli diplomatın hər iki partiyanın hakimiyyəti dövründə qazandığı zəngin iş təcrübəsi kəşfiyyata Amerikanın təhlükəsizliyini təmin edəcək "siyasətdən kənar" yanaşma və perspektiv gətirilməsini təmin edəcək. "Amerika xalqı onun Mərkəzi Kəşfiyyat İdarəsinin növbəti direktoru olduğu dövrdə rahat yata biləcək," – deyə C.Bayden bildirib.
Səfir V.Börns əmək fəaliyyəti illərində üç dəfə Prezidentin Xüsusi Xidmətə görə mükafatına, eləcə də Pentaqonun və ABŞ kəşfiyyatının yüksək mülki təltiflərinə layiq görülüb.
V.Börns ixtisasca tarixçidir. O, Filadelfiyada La Salle Universitetində tarix üzrə bakalavr, Oksford Universitetində isə beynəlxalq əlaqələr üzrə magistr və doktorluq dərəcələri alıb. V.Börnsün MKİ rəhbəri vəzifəsinə namizədliyi ölkə ictimaiyyəti tərəfindən ­razılıqla qarşılanıb. 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

13 Yanvar 2021 00:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə