Ən son xəbərlər
Yanvarın 13-də İndoneziyada koronavirusa qarşı ilk peyvənd Prezident Coko Vidodoya vurulub. Bununla da dövlət başçısı ölkədə kütləvi şəkildə peyvənd vurulmasına start verib.
Bu prosedura milli televiziyanın efirində birbaşa yayımlanıb.
İndoneziya prezident administrasiyasının rəhbəri Heru Budi Hartono bildirib ki, bu gün peyvənd yalnız dövlət başçısına vurulub. Nazirlərə və hökumətin digər üzvlərinə peyvənd başqa günlərdə vurulacaq və bunun üçün xüsusi cədvəl tərtib olunub.
Qeyd edək ki, İndoneziyada Milli Ərzaq Məhsullarının və Dərman Vasitələrinin Keyfiyyətinə Nəzarət Agentliyinin bəyəndiyi ilk peyvənd Çinin “Sinovac” şirkətinin məhsuludur. Agentliyin məlumatına görə həmin peyvəndin ilkin sınaqları 65,3 faiz səmərəlilik nümayiş etdirib. İndoneziya Çindən sonra həmin peyvəndi bəyənən birinci dövlətdir.
İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin yanvarın 12-də parlamentdə bildirib ki, yaxın iki ayda ölkədə təqribən 1,5 milyon səhiyyə işçisipeyvənd olunacaq. Ümumilikdə isə İndoneziyanın 181 milyon sakininə peyvənd vurulması planlaşdırılır. Qeyd edək ki, hazırda İndoneziyada əhalinin sayı 270 milyon nəfər təşkil edir.
Köhnə versiyamızdan xəbərləri izlə