Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı strategiyası hazırlanır

Azərbayacanda son illər turizmin inkişafı istiqamətində böyük işlər görülsə də, ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ və ətraf rayonları indiyədək işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan bu diyar artıq yağı tapdağından azad olunub. Bu gün müzakirə olunan əsas mövzulardan biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, hal-hazırda Dövlət Turizm Agentliyi işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və siyasətini hazırlayır. Onun sözlərinə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq: “Bunun üçün isə bir neçə komponent təmin edilməlidir. Bunlardan ən başlıcası təhlükəsizliyin təmin edilməsidir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq. Digər məsələ bu bölgəyə investisiyaların cəlbidir. İlkin olaraq nəqliyyat infrastrukturunun, mülki infrastrukturun yaradılması və investisiyalar üçün şəraitin qurulması nəzərdə tutulur. Bizim qənaətimizə görə, işğaldan azad edilmiş ərazilərdə bir neçə turizm klasteri yaradıla bilər.

Bu, ilk növbədə Füzuli-Xocavənd-Şuşa-Laçın istiqamətidir. Digər klaster paralel olaraq Füzuli-Cəbrayıl-Zəngilandır. Zəngilan-Qubadlı üçüncü, dördüncü klaster Kəlbəcər-Laçındır, beşinci klasterə Bərdə-Ağdam daxildir. Regionların ayrı-ayrılıqda turizm potensialında Şuşa yüksək qiymətləndirilir. Burada mədəni tədbirlərin təşkili, festival turzim məhsulları təqdim edilə bilər. Laçın-Kəlbəcər istiqamətində təbiət, qış turizmi və sağlamlıq turizmi, Qubadlı-Zəngilanda mədəniyyət və təbiət, Füzuli- Ağdam-Cəbrayılda isə mədəniyyət və işğalın nəticələrini göstərmək üçün bəzi tikililər saxlanılmaqla turistlər üçün nümayiş etdirmək lazımdır. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, tanıtım tərəfi də var”.

K.Quluzadə deyir ki, bu bölgəyə turist axını üçün də əlverişli coğrafi şərait var. Xudafərin vasitəsilə İrandan, Naxçıvan üzərindən isə Türkiyədən turistlərin gəlməsi mümkün olacaq. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını gözlənilir. Azərbaycan turizminin prioritet bazarı var ki, bu istiqamətdə də işlər aparılacaq. Bu ərazilərə turizm marşrutları ilə bağlı müxtəlif ideyalar var ki, bunlar hazırlanan strategiyada öz əksini tapacaq.

M.MÜKƏRRƏMOĞLİU,
“Xalq qəzeti”

12 Yanvar 2021 12:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə