Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət”

Bakı Konqres Mərkəzində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA-nın birgə təşkilatçılığı ilə reallaşan konfransda 30 ölkədən 150-dək xarici qonaq iştirak edir.

www.science.gov.az saytı yazır ki, tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə İslam aləmində ən uzunmüddətli hakimiyyətə malik Şirvanşahlar dövlətinin tarixinin öyrənilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıb. Bu gün qədim və orta əsrlərdə yaşayıb yaratmış ədiblərimizin yaradıcılığının alimlərimiz tərəfindən geniş şəkildə araşdırıldığını deyən AMEA rəhbəri Şirvanşahlar dövlətinin bütün atributlara sahib dövlətçilik ənənələri ilə tanındığını və hər zaman dahi şair və alimlərin yaşadığı bir mərkəz rolunu oynadığını vurğulayıb. O, Şirvanşahlar dövründə Bakı, Şamaxı və Dərbənddə çox böyük mədəniyyət nümunələrinin yaradıldığını diqqətə çatdırıb.

Sonra çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, konfransın keçirilməsi dövlətçiliyin dərk edilməsi istiqamətində çox böyük addımdır. Tarixən Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb. Şirvanşahlar Asiya ilə Avropanın kəsişdiyi bir coğrafiyada öz dövlətini yaradaraq inkişaf etdiriblər. Nazir qeyd edib ki, müasir Azərbaycan hər zaman tarixinə, mədəniyyətinə həssaslıqla yanaşır. Ulu öndər Heydər Əliyevin dövründə İçərişəhər UNESCO-nun Mədəni İrs Siyahısında yer alıb. 

Şirvanşahlar dövlətinin tarixi haqqında iştirakçılara məlumat verən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQ) rəisi Əsgər Ələkbərov deyib ki, o dövrdə inşa edilmiş memarlıq abidələri, yazılmış ədəbi əsərlər dünya irsinin mükəmməl nümunələri sırasında xüsusi yer tutur. Ə.Ələkbərov bu yaxınlarda Azərbaycanda Heydər Əliyev Fondu tərəfindən fondun vitse-prezidenti Leyla xanım Əliyevanın şəxsi təşəbbüsü ilə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş "Şeir, incəsənət və mənəviyyat" şüarı altında birinci Nəsimi Festivalının keçirildiyini də xatırladaraq, Nəsiminin adının bu gün hamımız üçün mənəviyyat və ziya simvolu olduğunu bildirib.

Tədbir çərçivəsində tanınmış elm adamları Şirvanşahlar dövlətinin (VI-XVI əsrlər) minillik tarixi, memarlığı, arxeologiya, etnoqrafiya, ədəbiyyat, epiqrafiya və fəlsəfəsinə dair müxtəlif mövzularda məruzələrlə çıxış edəcəklər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
          

24 Oktyabr 2018 18:09 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə