Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qara Qarayevin 100 illiyi münasibətilə Moskvada “Yeddi gözəl” baleti nümayiş olunacaq

“Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli Sərəncamı”na uyğun olaraq hazırlanmış Tədbirlər planına əsasən fevral ayından başlayaraq bir çox ölkədə dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Yubiley tədbirləri çərçivəsində Rusiya Federasiyası Mordova Respublikasının Dövlət Musiqili Teatrının təşəbbüsü və Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Saransk şəhərində Qara Qarayevin “Yeddi gözəl” baleti səhnələşdirilmişdir. Tamaşanın premyerası 16 sentyabr 2018-ci il tarixində baş tutmuşdur. Baletsevərlərin marağına səbəb olan tamaşa gənc və istedadlı azərbaycanlı dirijor Orxan Həşimovun rəhbərliyi ilə Saransk tamaşaçılarına yenidən təqdim olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, 4 noyabr 2018-ci il tarixində Moskva şəhərində dünya şöhrətli balet ustası, SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərlik etdiyi “Русский балет” Dövlət Teatrının ifasında “Yeddi gözəl” baleti bir daha nümayiş olunacaqdır. Tamaşanın yeni redaksiyasını görkəmli baletmeysterlər, Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədova məxsus quruluş əsasında Azərbaycanın Əməkdar artisti Vitaliy Axundov hazırlamışdır. 

Qeyd edək ki, ilin sonunadək Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbirlərin davamı olaraq bəstəkara həsr olunmuş konsertlər, sərgilər, tədbirlər və yubiley gecələrinin keçirilməsi nəzərdə tutulmuşdur.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 Oktyabr 2018 12:18 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə