Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında tədbir keçirildi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin müəllimi, ehtiyatda olan polkovnik-leytenant Novruz Bəkirovun “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı”  kitabının təqdimatı keçirildi. Təqdimat mərasimini kitabxananın direktoru Oruc Quliyev  açdı.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabının əsas mövzu və ideyası haqqında geniş məlumat verdi.

Tədbirdə Novruz Bəkirovun həyatını, hərbi və ədəbi fəaliyyətini əks  etdirən video-rolik nümayiş etdirildi.

AMEA-nın Tarix İnstitutunun direktoru, Akademiyanın Rəyasət Heyətinin həqiqi üzvü, akademik, millət vəkili Yaqub Mahmudov çıxış edərək bildirdi ki, tarixi şəxsiyyətlər xalqın adını yaşadırlar. Biz o şəxsiyyətlərə sahib durmalıyıq. Tariximizə Krım tayfasının böyük oğlu kimi daxil olan, gürcü ədəbi əlaqələrinin inkişafında böyük xidmətlər göstərən aşıq Molla Cümə də belə şəxsiyyətlərdəndir.  Adı Əhməd Cavadın yanında duran aşıq  Molla Cümə  Azərbaycan xalqının əsl ləyaqətli şəxsiyyəti, çox dərin filosofu və şəhid istiqlal şairidir.

 AMEA-nın Rəyasət Heyəti Humanitar şöbəsinin rəisi, icraçı direktor, professor  Asif  Rüstəmli qeyd etdi ki, “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı” kitabı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur.  Çünki, bu kitab istiqlal, müstəqillik, şəhidlik  ruhunda yazılmışdır. Aşıq  Molla Cümənin  1928-ci ildə ərəb dilində köçürülmüş 256 səhifəlik əlyazması kitab şəklində Əlyazmalar İnstitutunda saxlanılır. Bu qiymətli əlyazma molla cüməşünaslıq üçün çox böyük töhfə, əvəzsiz sənət əsəridir.

Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin rəisi, birinci dərəcəli ədliyyə müşaviri Abdulla Yusifli aşıq Molla Cümənin anadan olmasının 160 illiyi münasibəti ilə “İsmi Pünhan” kitabının çap olunmasından danışmışdır.Abdulla Yusifli, həmçinin, klassik şerimizin görkəmli nümayəndəsi olan aşıq Molla Cümənin şerlərinə mahnılar bəstələnməsini, yaddaşlarda daim yaşadığını da vurğuladı.

Cəfər Cabbarlının  ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı şair Yəhya Paşazadəni Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının təşkilatçılığı ilə “Facebook” sosial şəbəkəsində açıq səsvermə yolu ilə keçirilən II Beynəlxalq Misra yarışının qalibi olduğuna görə “Qızıl  Misra” fəxri diplomu ilə  təltif etdi. 

Aşıq Molla Cümənin nəticəsi, filoloq Elman Əzizov təəssüflə bildirdi ki, Molla Cümənin özünün yaratdığı yeni şeir növləri  tam şəkildə araşdırılmayıb. Molla Cümə qəlblərə sığmayan əvəzsiz şairdir.

Novruz Bəkirov “Azərbaycan-Gürcü ədəbi əlaqələri və Molla Cümə yaradıcılığı”  kitabının ərsəyə gəlməsində Asif Rüstəmli, Abdulla Yusifli, Mədət Quliyevin də  xüsusi əməkləri  olduğunu, kitabda dəqiq faktlara əsaslandığını söylədi. 

Təqdimat mərasiminin sonunda “Aşıq Molla Cümə” adlı kitab sərgisinə baxış keçirildi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 Oktyabr 2018 12:15 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə