Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan türkcəsi sözlüyü”nün təqdimat mərasimi

“Azərbaycan türkcəsi sözlüyü”nün təqdimat mərasimi

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda türkoloq Seyfəddin Altaylının 3 cilddən ibarət “Azərbaycan türkcəsi sözlüyü”nün Türk Dil Qurumu tərəfindən nəşrini Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha bir bariz nümunəsi və yazılı salnaməsi adlandırdı. 
“Azərbaycan-Türkiyə qardaşlığı bu gün, iki ölkənin dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin münasibətləri sayəsində özünün ən yüksək zirvəsinə çatmışdır”, – deyən akademik İ.Həbibbəyli bildirdi ki, Türkiyə vətəndaşı olan Seyfəddin Altaylının bu fundamental işi Azərbaycan elmi üçün yeni və çox sanballı bir töhfədir. Müasir dövrdə izahlı lüğətlərə böyük ehtiyac duyulduğu bir vaxtda 90 minə qədər sözü əhatə edən bu lüğətin işıq üzü görməsi Azərbaycan və Türkiyə üçün böyük bayramdır.
Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından və inkişaf perspektivlərindən danışan Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi “Azərbaycan türkcəsi sözlüyü”nün dəyərini Azərbaycanın xaricdəki ən böyük yatırımlarının dəyəri ilə müqayisə etdi və bildirdi ki, bu yatırımlar ölkələrimizin iqtisadi və strateji əlaqələri üçün nə qədər önəm daşıyırsa, belə kitablar da xalqlarımız üçün o qədər dəyərlidir. 
Türkiyədən “Azərbaycan türkcəsi sözlüyü”nün təqdimatı üçün Bakıya gəlmiş qonaq, Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin isə “Azərbaycan türkcəsi sözlüyü”nün türk dünyasının araşdırmaları üçün böyük imkanlar yaratdığını söylədi və eyni zamanda, ortaq terminoloji lüğətin, dialektoloji atlasın hazırlanmasının vacibliyini qeyd etdi.
Təqdimat mərasimində çıxış edən Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, İnstitutun şöbə müdirləri, professorlar İsmayıl Məmmədov və Sayalı Sadıqova, professor Firudin Cəlilov, BDU-nun kafedra müdiri, professor Ramiz Əsgər, Folklor İnstitutunun əməkdaşı Əli Şamil və başqaları çıxışlarında əsərin özəlliklərindən danışaraq, onu Mahmud Kaşqarinin “Divani-lüğət-it türk” əsərindən sonra ərsəyə gələn ən önəmli 10-15 lüğətdən biri kimi qiymətləndirdilər və nəşrin geniş auditoriyaya çatdırılması haqqında təklif və mülahizələrini bildirdilər.
 “Azərbaycan türkcəsi sözlüyü” kitabı üzərində 30 il çalışdığını bildirən müəllif Seyfəddin Altaylı Azərbaycan türkcəsinin zənginliyindən xüsusi şövqlə danışdı. Alim qeyd etdi ki, türk milləti bəşəriyyətin ən qədim millətlərindən biri olduğu kimi, türk dili də tarixin qədim dövrlərindən bəri geniş coğrafiyada işlədilən dillərdəndir. Kitabın 88 mindən artıq sözün qarşılıqlı müqayisəsi əsasında hazırlandığını, ancaq tədqiqatların dilimizin imkanlarını hələ tam əhatə etmədiyini vurğulayaraq, xalqımızın dilində olan sözlərin, idiomatik ifadələrin toplanılaraq nəşr olunmasının zəruriliyini diqqətə çatdırdı.
Yeri gəlmişkən onu da qeyd edək ki, Seyfəddin Altaylı 20 ildən çox “Türkiyənin səsi” radiosunun Azərbaycan türkcəsi verilişləri redaksiyasına rəhbərlik edib. Türkiyənin İğdır vilayətinin Dizə kəndində doğulan, əslən Azərbaycan türkü olan Seyfəddin Altaylı ümumtürk mədəniyyəti və tarixi ilə bağlı çoxsaylı məqalələrin, Xocalı soyqırımından bəhs edən ikihissəli “Azərbaycan faciəsi” və “Qafqaz ulduzu” filmlərinin ssenari müəllifidir.

Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”

23 Oktyabr 2018 22:31 -

Ən son xəbərləri səhifəmizdən də izləyin