Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirus iki il ərzində yavaş-yavaş təsirini azaldacaq

Müsahibim İ.M.Seçenov adına Moskva Dövlət Tibb Akademiyasının məzunudur. Təhsilini bitirdikdən sonra akademiyanın Fronşteyn uroloji kafedrasında çalışıb. Moskvanın müxtəlif xəstəxanalarında uzun müddət uroloq – androloq cərrah kimi fəaliyyət göstərib. Tibb sahəsində əldə etdiyi uğurlara və nailiyyətlərə görə dəfələrlə medal və peşə diplomlarına layiq görülüb. 26 illik peşə təcrübəsi var və müxtəlif xəstəliklərin gedişinə, müalicəsinə və profilaktikasına aid xeyli məqalənin müəllifidir. Moskvada Niarmedik Tibb Mərkəzində çalı­şan, əslən Tovuzdan olan tibb elmləri doktoru Cəfər Əhmədli hazırda koronavirus pandemi­yası ilə bağlı soydaşlarımıza xidmət məqsədilə könüllü Azərbaycana gəlib. Həkimin bütün dünyanı təhdid və təşvişdə saxlayan koronavirus pandemiyası ilə bağlı virusdan qorunma yolları, müalicəsi və profilaktikası ilə bağlı özünəxas fikirləri var. Söhbətimizi də elə bu möv­zuda qurduq.

– Məlumdur ki, koronavirus pandemiyası bir ildir ki, baş­layıb və ölkəmiz 10 aydır, bu virusa qarşı vuruşur. Pandemi­yadan daha az itkilərlə çıxmaq, insanların bu virusa daha az yoluxmaları üçün hökumət tərəfindən lazım və vacib olan tədbirlər görülüb. Sizcə, viru­sa qarşı aparılan bu mübarizə yetərlidirmi? Bildiyimizə görə, pandemiya dövründə yüzlərlə insanı koronavirusdan müalicə edərək, onların həyatını xilas etmisiniz. Daha dəqiq desək, COVID – 19 - la mübarizədə yetərincə təcrübəniz var. Yo­luxma sayının artmasının əsas səbəbini siz nədə görürsünüz?

– Öncə onu demək lazımdır ki, koronaviruslar bu il, ötən il yox, keçən əsrin 50 – 60 – cı illərində kəşf edilib. 1980 - ci illərdən bu günümüzə qədər hər gün, hər saat olub, var və olacaq. Hər il qripdən həyatını itirən minlərlə insan olub və ölüm hallarına sadəcə bu viruslar səbəb olmayıb. Tibbdə insan koronaviruslarının yeddi növü məlumdur. İlk kəşf edilmiş viruslar arasında, xəstə insanların burun boşluqlarından alınmış və insan koronavirusu 229E və OC43 olarak adlandırılmış iki virus növü yer alıb. Sonrakı zaman araların­da 2003– cü ildə meydana çıxan SARS koronavirusu, 2004– cü ildə tapılmış HCoV, NL63, 2005 – ci ildə aşkarlanmış HKU1, 2012 – ci ildə ortaya çıxan MERS – CoV və 2019– cu ildə Uhan mənşəli CO­VID – 19 virusu kəşf edilmişdir.

Beləliklə, HcoV –229E, – NL63, – OC43 və – HKU1 korona­virusları davamlı olaraq insanlarda dövr edir və dünya miqyasında böyüklər və uşaqlarda tənəffüs yolu ilə yoluxucu xəstəliklərə səbəb olur. Yoluxmanın artma­sına səbəb virusa yaxalanma səbəblərinin çoxluğudur. Koro­navirus xəstələrin öskürmə və ya asqırması ilə havaya atılan dam­lalarla ətrafdakı insanların ağız, burun və gözlərinə təması ilə, eyni zamanda, damlaların yapışdığı səthlərə toxunduqdan sonra əllərin ağız, burun və ya gözə toxunması ilə ötürülə və yoluxdurula bilər.

– Virusa yoluxmamaq üçün artıq üç qızıl qayda­ya – ara məsafəsi saxlamaq, maska taxmaq və gigiyenaya əməl etmək kimi tələblər hər kəsə məlumdur. İnsanların əksəriyyəti də bu tələblərə əməl edir. Sizcə, bunlar CO­VID – 19 bəlasından qorun­mağa yetərlidirmi? Hansı tövsiyələriniz var?

– Dəqiq əməl edilsə, əlbəttə ki, yetərlidir. Bir şərtlə ki, əllərin gigiyenasına xüsusi diqqət edilsin. Bu, o qədər də asan deyil, amma çox vacibdir. Çünki əllərimiz vasitəsilə tez - tez ağzımıza, burnumuza, üzümüzə, gözümüzə toxunmağa vərdiş etmişik. Bu məsələdə hər kəsin özünə diqqət etməsi vacibdir. Sağlamlığı qoru­maq hər kəsin öz əlindədir. Kimsə özünü bir qədər narahat, əzgin hiss etsə, mütləq dincəlməli, bol maye və vitaminli qidalar qəbul etməlidir. Digər ailə üzvlərindən ayrı bir otaqda qalmaq, özünü təcrid etmək vacibdir. Daha çox və tez-tez toxunulan, təmas edilən səthlər təmizlənməli və dezin­feksiya edilməlidir. Evdəki hər kəs sağlam həyat tərzinə özünü alışdırmalıdır. Sağlam həyat tərzi deyərkən, buraya sağlam qidalan­maq, normal yuxu rejiminə əməl etmək, orqanizmdəki dəyişikliyi izləmək, daim hərəkətdə olmaq, yaxın insanlarla telefonla və ya in­ternet üzərindən əlaqələr qurmaq nəzərdə tutulur. Belə zamanlarda uşaqlar böyüklərin sevgisinə, diqqət və qayğısına daha çox ehtiyac duyurlar.

Hər şeyə əvvəlkindən daha həssas yanaşmaq, eşitdiyi xəbərə üzülmək, özünü daha əsəbi hiss etmək, nə etmək barədə fikir dolaşıqlığı təbiidir. Belə vaxtlar­da dostlarınız, ailə üzvlərinizlə söhbət edin, ünsiyyəti artırın, fikriniz dağılsın. Çox narahat­sınızsa, həkim və ya hər hansı tibb işçisi ilə əlaqə saxlayıb vəziyyətinizi izah edin. Xəstəliyə yoluxmaqdan həyəcanlanmayın, özünüzü soyuqlamadan qoruyun. Hərarətlə başlayan xəstəlik eyni anda quru öskürəklə müşaiyət oluna bilər. Bundan bir həftə sonra təngnəfəslik, hava çat­mazlığı meydana gəlir və belə hallarda, xəstənin vəziyyətindən asılı olaraq, onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac olur. Lakin bu simptomların olması hələ koronavirusa yoluxmaq demək de­yil. Çünki soyuqlamalarda, qripdə də həmin əlamətlər özünü göstərir. Xəstəliyin ağırlaşması pnevmo­niya, bir şox organ çatmazlığına və hətta ölümə səbəb ola bilir. Öncədən astma, diabet, ürək –damar xəstəliyi olanlarda, xüsusən də, yaşlılarda xəstəlik daha ciddi nəticələr yarada bilər.

İnfeksiyaya yaxalanma və simptomların ortaya çıxması arasındakı müddət 14 gün çəkə bilər. Koronavirus, vücudunuza hava ilə nəfəs aldığınızda (kimsə öskürdükdən az sonra) və ya üzlə təmas etdikdə yoluxa bilir. Əllərinizi tez-tez təmizləyin. Sa­bun, su və ya spirt tərkibli dezin­feksiyaedici məhlullardan istifadə edin. Öskürən və ya asqıran in­sanlarla mütləq aranızda məsafəni qoruyun. Fiziki məsafəni qorumaq mümkün deyilsə, maska taxmaq mütləqdir. Çalışın ki, əlinizlə gözlərinizə, burnunuza və ya ağzı­nıza toxunmayasınız. Öskürərkən və ya asqırarkən burnunuzu və ağzınızı dirsəyinizin iç hissəsi ilə və ya bir dəsmalla tutun. Özünüzü yaxşı hiss etmirsinizsə, evdən çıxmamaq lazımdır. Temperatur, öskürək və nəfəs almaqda çətinlik varsa, tibbi yardım alın. Maskalar virusun maskanı taxan insandan digərinə keçməsinin qarşısını al­mağa kömək edər. Onu da deyim ki, yalnız maska taxmaq COVID – 19 – a qarşı qorunmaya tam zəmanət deyil. Ara məsafəsinin saxlanması və əl gigiyenasına əməl etmək də vacibdir. Bu üç va­cib qayda və tələb insanları virusa yoluxmaqdan qoruyar.

– Koronavirusun müalicəsində artıq bir neçə dərmanın effektiv təsiri ilə bağlı mediada fərqli infor­masiyalara rast gəlirik. Bəzi mütəxəssislərin müalicədə yararlı olduğunu təkidlə vur­ğuladığı preparatlar başqa infeksionistlər tərəfindən qəbul edilmir və ya onun virusa qarşı təsirsiz olduğu, ya da az faydalı olduğu iddia edilir. Siz necə düşünürsünüz?

– Koronavirusun müalicəsində ən etibarlı hesab edilən Remde­sevir preparatıdır. Bu, ABŞ – da koronavirus üçün təcili istifadə edilməsi məsləhət bilinən ilk dərmandır. Ebola və Hepatit C – yə qarşı istifadə üçün test edilən, lakin istənilən nəticənin alınmadığına görə, COVID – 19-a yoluxan xəstələrdə təcrübədən keçirilib. Nəticədə aydın olmuşdur ki, Remdesivirin tətbiqindən sonra xəstələrin xəstəxanada qalma müddəti 15 gündən 11 günə enmişdir.

Deksametazon steroidlər arasında ən ucuz və asan əldə edilməsinə baxmayaraq, immun sistemində müxtəlif reaksiyalar ya­rada bilir. Həkimlər bu dərmandan allergiya, astma və digər yoluxucu xəstəliklərin müalicəsində istifadə edirlər. Deksametazon iyun ayında COVID – 19 – dan ölüm hallarını azaltdığı təsbit edilən ilk dərman oldu. Tədqiqatçılar araşdırmalarla təsdiq etdilər ki, Deksametazon sayəsində tənəffüs cihazına bağlı xəstələrdə ölüm halları üçdə bir, oksigen dəstəyi alan xəstələrdə isə beşdə bir sayda azaldı. Digər tərəfdən isə COVID – 19 – a yolu­xanlarda ilkin mərhələdə Deksa­metazonun istifadəsi şəkərli diabet və hipertoniya xəstəliyi olanlarda faydadan çox zərər verəcəyi eh­timal edilir. Çünki preparat qanda şəkərin miqdarını 2 – 3 dəfə, qan təzyiqini isə hiss olunacaq qədər yüksəldir. Bu üzdən dərmanın respirator – tənəffüs yardımı alan insanlarda istifadəsi tövsiyə edilir.

Favipiravir, plazma transfe­ri, monoklonal antitellər sitokin inqibitorlarıdır. İnsan orqanizmi xəstəliklərlə mücadilə etmək üçün sitokin sintez edir. Amma bunun artıq sərf edilməsi zamanı müdafiə sistemi çox böyük reaksiya verib bədənin zərər görməsinə səbəb ola bilir. Araşdırmaçılar, “sitokin fırtınası” da deyilən bu hadisəyə qarşı dərmanlar tövsiyə edirlər. Fərqlı şəkillərdə təsir göstərən bir sıra dərmanların (tosilizumab, sarilumab ve anakinra, tamiflyu) bəzi hallarda zəif və müvəqqəti fayda göstərsə də, müəyyən istifadələrdə təsirsiz olduğu aşkar­lanıb. Regeneron dərman şirkəti sarilumab preparatının əsasında Kevzar adlı dərman istehsal etdi. Çox keçmədi ki, dərmanın tətbiqinin 3 – cü mərhələdə uğur­suz olduğu müəyyənləşdirildi.

– Dekabrın 14– dən etibarən sərt karantin rejiminin tətbiq edilməsi və SMS icazənin yenidən qüvvəyə minməsi bəzi insanlarda narazılığa səbəb olsa da, xəstəliyin azalmasına təsirsiz ötüşmədiyini görürük. Ötən həftələrdə test edilən hər 3 nəfərdən birinin, hazırda isə hər 10 –11 nəfər testdən keçənin birinin nəticəsinin pozitiv çıxdığını görürük. Sağalanla­rın da sayı artıb. Amma ölüm halları davam edir. Siz bunu məhz tətbiq edilən qadağalarla əlaqələndirirsiniz, yoxsa daha başqa səbəblər düşünürsünüz?

– Yaz dönəminə nisbətən payızda virusun aqressivləşməsi ilə həm yoluxmaların sayı hədsiz çoxaldı, həm də ölüm halları artdı. Hətta çox dəyərli səhiyyə işçilərimiz də həyatla vidalaşdılar. Hər şeydən öncə tibb işçilərimiz daha çox ehtiyatlı olmalıdırlar. Həkimlər maskanı gün ərzində ən az halda 3 dəfə dəyişməlidirlər. Onların qidalanmasına vərəm xəstələrinə olduğu kimi diqqət edilməli, hər 3 saatdan istirahət üçün şərait yaradılmalıdır. İşdən sonra boğazı xlorgeksidinlə (miro­mistin) yaxalamaq, sonra çay so­dası məhlulunun buxarı ilə nəfəs almaq lazımdır. Bunun üçün bir litr qaynayan suya bir xörək qaşı­ğı çay sodası tökmək, onun buxa­rı ilə 10 – 15 dəqiqə nəfəs almaq lazımdır. Bu zaman üzü buxar al­dığınız qaba çox yaxınlaşdırmaq olmaz. Əks halda çox isti buxar nəfəs yollarında problem yarada bilər. Rütubətli havalarda virusun yayılma ehtimalı artır. Quru və küləkli havada isə bu ehtimal zəifləyir. Buna görə də istənilən şəhərdə vaqonlara quru, isti hava vurmaq şərti ilə metrodan istifadə edilməlidir. Doğrudur, bunun üçün virus əleyhinə ventilyasiya sistemi qurulmalıdır. Hazırda yalnız Azərbaycanda deyil, bütün dün­yada situasiya çox pisdir. Yalnız ölkəmizdə deyil, hər yerdə çox sayda insan ölümləri var.

Bizim həkimlər ən çox qoru­yucu geyimlərdən düzgün istifadə etmədiklərinə görə, onların çirkli zona adlandırdıqları yerin qayda­sında dezinfeksiya edilmədiyinə görə virusa yoluxur və həyatlarını itirirlər. Pasientlərin ölüm səbəbləri müxtəlifdir. Onlar, ya yoluxandan sonra özünümüalicə ilə məşğul olub vəziyyətlərini ağırlaşdırıblar, ya qeyri – professional həkimin müalicəsini alıblar, ya keyfiyyətsiz dərmanlar qəbul ediblər, ya da dərmanları düzgün qəbul etməyiblər. Xəstəxanalarda ölü­mün bir səbəbi də odur ki, orada həm həkimlər, həm onsuz da immuniteti zəifləmiş xəstələr digər xəstələrdə olan fərqli viruslara da yoluxurlar. Xəstəxana daxilində infeksiya əleyhinə mübarizə tədbirlərinə nəzarət mümkün olmur. Bu barədə Moskvada 40 il DTK xəstəxanasının baş həkimi işləyən həkim – anestizioloq, infeksionist Denis Proçenkonun məqalələrini oxumaq kifayətdir. Həmin fikirləri internetdən əldə edib maraqlanmaq olar.

Koronavirusun dərmanı var və hər kəsin xroniki xəstəliklərinə görə fərdidir. Əslində belə ehtimal edilir ki, koronavirus uşaqlarda və böyüklərdə olan bütün soyuq­lamaları da, digər xəstəlikləri də üzə çıxarır. İmmun sistemindən fərqli olaraq hər kəsdə yoluxma fərqli gedir. Uşaqlarda kəskin respirator virus infeksiyaları kimi özünü göstərir. Böyüklərdə boğaz ağrısı, baş ağrısı, bəzi hallarda ishal, qanda şəkərin miqda­rının artması, təzyiqin kəskin qalxıb enməsi, qəfil halsızlıq, təngnəfəslik, boğulma tutmala­rı müşahidə edilir. Pandemiya dönəmində müalicə etdiyim 4300 – ə yaxın xəstənin əksəriyyətində “oynayan hərarət” və ya tərləmələr müşahidə etmişəm. Virusun ağciyərə düşməsinin qar­şısını almaq üçün məhz bu hallar aradan qaldırılr ki, virus pnevmo­niyası və ya bakteriya pnevmoni­yası başlamasın. Çünki bununla birgə ciyərlərdə “buzlu şüşə” görüntüsü yaranır. Həmçinin virus əvvəlki dönəmdən fərqli olaraq ürək-damar sisteminə də, mədə – bağırsaq sisteminə də təsir edərək bağırsaqların işini pozur. Orqanizmin immun sisteminin 70 faizinin bağırsaqlarda yarandığını nəzərə alsaq, bunun orqanizm üçün daha ciddi siqnal olduğunu anlayarıq.

Əminliklə deyə bilərəm ki, ən etibarlı və uğurlu müalicə profilaktikadır. Sosial məsafə və maska tələblərinə əməl etməklə, özümüzə və yaxınlarımıza zərər verməkdən qaçmalıyıq. Koro­navirus hələ iki il ərzində yavaş - yavaş təsirini azaldacaq. Bu müddətdə insanlar çox diqqətli olmalıdır. Bilindiyi kimi viruslar girdiyi vücudun ölməsi ilə birlikdə özləri də məhv olurlar. İki ilə virus orqanizmimizə, bədənimiz də ona alışacaq. İnsanlara tövsiyəm odur ki, özlərini qorusunlar, doğru həkimə müraciət edib düzgün müalicə alsınlar.

Müsahibəni qələmə aldı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

30 Dekabr 2020 05:09 - MÜSAHİBƏ
MÜSAHİBƏ
31 Oktyabr 2020 | 11:21
Qarabağın atları da şahanədir

Köhnə versiyamızdan xəbərləri izlə