Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində seminar

Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində seminar

 “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 ili çərçivəsində Mingəçevir “ASAN Peşə” Təhsil Mərkəzində media nümayəndələri üçün “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda seminar keçirilib.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda təqdimatla çıxış edərək peşə təhsili sahəsinə göstərilən dövlət qayğısı, bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Amil Əlili "ASAN Peşə" Təhsil Mərkəzinin istifadəyə verilməsinin bu qayğının bariz nümunəsi olduğunu, peşə təhsilinin əmək bazarı ilə ən sıx münasibətdə olan təhsil növü kimi ölkənin sosial-iqtisadi inkişafına təkan verdiyini vurğulayıb.

Amil Əlili qeyd edib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində,  o cümlədən peşə təhsilində müsbət dinamika müşahidə olunub. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, “Peşə təhsili haqqında” qanunun qəbulu bu sahənin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.  

Hazırda peşə təhsili sahəsində islahatların aparıldığını deyən Amil Əlili vurğulayıb ki, ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, 60 peşə təhsili müəssisəsinin 2 minə yaxın müəllim və istehsalat təlimi ustasının diaqnostik qiymətləndirilməsi keçirilib. 2018-ci ilin sonunadək bütün dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi başa çatdırılacaq.

Daha sonra media nümayəndələri mərkəzin infrastrukturu və maddi texniki bazası ilə yaxından tanış olublar.  Bildirilib ki, cari tədris ilindən fəaliyyətə başlayan mərkəz 3 mərtəbədən ibarətdir və müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Hazırda təhsil ocağında 5 ixtisas (elektrik, mexanik, santexnik, tikişçi və komputer operatoru) üzrə 100 tələbə təhsil alır.

Daha sonra qonaqlar “Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru”, “Elektrik xətlərinin quraşdırılması üzrə mütəxəssis”, “Santexnik-çilingər”, “Tikişçi” ixtisasları üzrə təhsil alanların istehsalat təlimi məşğələlərində iştirak ediblər.

 

Əlipənah BAYRAMOV,
"Xalq qəzeti”

23 Oktyabr 2018 13:17 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə