Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU həkimləri uşağın ürəyini dayandırdılar: – Uğurlu əməliyyat üçün

ATU həkimləri uşağın ürəyini dayandırdılar: – Uğurlu əməliyyat üçün

Azərbaycan Tibb Universitetində (ATU) anadangəlmə ürək qüsuru olan körpə uğurla əməliyyat olunub. Əməliyyat Daun sindromlu, ürəyində 2 ədəd qulaqcıqarası, 1 ədəd geniş mədəcikarası çəpər defekti olan 10 aylıq 7 kq çəkisi olan körpə üzərində aparılıb.

Əməliyyatı icra edən ATU -nun Tədris Cərrahiyyə Klinikasının Uşaq Ürək Cərrahı Ramal Həsənov bildirib ki, bu qüsur hələ uşaq ana bətnində ikən ürək çəpərinin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalması səbəbindən yaranır: “Uşaq doğulduqdan sonra pediatr- kardioloq Elşən Rzayevin nəzarəti altında olub. Uşaq medikamentoz müalicə ilə 10 aya qədər təqibimizdə saxlandıqdan sonra artıq ürək boşluqlarında genişlənmənin başlanması, təngənəfəslik və çəki ala bilməməsi səbəbindən əməliyyat qərarı verdik”.

Bütün zəruri müayinələr icra edildikdən sonra anesteziologiya şöbəsinin müdiri  Cavid Paşayev tərəfindən uşaq əməliyyat üçün hazırlanıb.

2 saat davam edən əməliyyat zamanı ürəyin sağ qulaqcığına və Aortaya yerləşdirdiyimiz pediatrik kanyullar vasitəsilə bədəndəki bütün venoz qanı süni ürək -ağciyər aparatına verilib və oksigenlənmiş qan geri qaytarılıb: “Uşağın bədən temperaturunu 32 dərəcəyədək soyudub, ürəyi dayandırdıq. Ürəyin sağ qulaqcığında kiçik bir kəsik edərək hər 3 defekti buradan bioloji material vasitəsilə bərpa etdikdən sonra ürəyi yenidən çalışdırmağa başladıq. Uşağı süni ürək-ağciyər aparatından ayırdıq və əməliyyatı başa çatdırdıq. Reanimasiyada 1 gecə və palata şəraitində 3 gün izləyib 4-cü gün evə buraxdıq. Bu əməliyyatı icra etməkdə mənə dəstək olan başda şöbə müdirimiz Mirəli Məcidova, ürək-damar cərrahı Elçin İsmayılova və peşəkar orta tibb personalı heyətimizə təşəkkürümü bildirirəm”.

Həkim ürək qüsurlarından xəbər verən -- göyərmə, təngənəfəslik, yenidoğulmuşlarda qidalanma çətinliyi, çəki ala bilməmək kimi əlamətlərə sahib olan uşaqlara ciddi yanaşmağı və kardioloji müayinədən keçirməyi məsləhət görür. Çünki ürək qüsurları simptomsuz keçsə də, bir müddət sonra ürək çatışmazlığı əlamətləri ilə qarşımıza çıxır. Odur ki, bütün uşaqların doğulduqdan sonrakı ilk günlərdə pediatr- kardioloqun müayinəsindən keçməsi zəruridir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Oktyabr 2018 11:29 - SƏHİYYƏ
SƏHİYYƏ
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə