• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkədə yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam edir

Ölkədə yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam edir

Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. 
Artıq neçə illərdir ki, Bakı-Ələt-Qazax, Gürcüstan Respublikası dövlət sərhədi, Bakı-Astara-İran İslam Respublikası və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yollarında rahatlıq və təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Eyni zamanda, yol inşaatçıları tərəfindən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində təkcə beynəlxalq əhəmiyyətli magistralları deyil, ölkənin rayonlarındakı kəndlərarası yollar da yenidən qurulur. Bununla da bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxır. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.
Azərbaycan Prezidentinin yol-nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqətinin nəticəsidir ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, ölkəmiz bu sahədə dünyada 36-cı yerdə qərarlaşıb. 
Onu da qeyd edək ki, dövlətimizin başçısı bu il ərzində Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi qarşısında ən azı 600 kəndi əhatə edəcək 2 min kilometrdən artıq avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyub. 
Azərbaycan Prezidentinin tapşırığının icrası ilə əlaqədar olaraq, adıçəkilən qurum tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən uzunluğu 415,2 kilometr olan respublika əhəmiyyətli 11, Bakı şəhəri üzrə uzunluğu 107,8 kilometr olan 13 və uzunluğu 1527,8 kilometr olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması və Bakı şəhərində 5 ədəd piyada keçidinin tikintisi layihəsinin yerinə yetirilməsi nəzərdə tutulub.
Bu layihələrin həyata keçirilməsi nəticəsində 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050,8 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsi təmin olunacaq. Bundan əlavə, dövlət başçısının tapşırığı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə də başlanılıb və Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən cari ilin 6 ayı ərzində uzunluğu 463,8 kilometr olan avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub, ümumi istifadədə olan avtomobil yollarında qəzalı vəziyyətə düşmüş 7 körpü təmir olunub.
Ümumilikdə cari ilin ilk yarısında möhtərəm Prezidentimizin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, respublikanın 17 rayonunda 23 layihə, o cümlədən 2 respublika əhəmiyyətli, 17 kəndlərarası, 1 Bakı şəhərinin qəsəbələrarası, 1 tunel tipli yol qovşağı və Sumqayit şəhərində 2 avtomobil yolu layihələri üzrə tikinti və yenidənqurma işləri artıq başa çatdırılıb.
Hazırda respublikada avtomobil yollarının tikintisi davam edir. Bu il plana görə yuxarıda qeyd edildiyi kimi, 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir.
Burada Prezidentinin sərəncamına əsasən, Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun salınması kimi mühüm layihə barədə də söhbət açmaq yerinə düşərdi. 
Xatırladaq ki, bu yolun tikintisi yüksək keyfiyyətlə və sürətlə aparılır. Sözügedən yol Böyükşor gölünün üzərindən inşa edilir. Uzunluğu 2,7 kilometr olacaq yeni avtomobil yolu Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir.
Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Hər bir zolağın eni 3,75 metr, hərəkət hissəsinin eni isə 15 metr təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub. İnşaat işləri əsas yolun, tunellərin və qovşaqların tikintisi olmaqla, bir neçə hissə üzrə icra edilir.
Hazırda əsas yolun tikintisi üçün ərazidə torpaq işləri bitmək üzrədir, yararsız qrunt təqribən 160 min kubmetr həcmdə qazılaraq çıxarılıb. Bundan başqa, yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılıb, hündür hissələr isə qazılaraq aşağı salınıb, tökülmüş torpaq lay-lay kipləşdirilib və 23,5 metr enində, təqribən 58 min kubmetr həcmdə yeni yol yatağının tikintisi işləri aparılıb.
Hazırda yolboyu 2 laydan ibarət yeni yol əsasının inşası işləri aparılır ki, həmin işlər də yekunlaşmaq üzrədir.
Yolboyu istiqamətləri ayırmaq məqsədi ilə 1 metr enində və 2727 metr uzunluğunda yol ayrıcının inşası da nəzərdə tutulub.
Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 metr olacaq. Bu məqsədlə əsas yolboyu dənəvər tərkibli əsasla 475 kvadratmetr sahədə səkilərin, optimal qum-çınqıl qarışığından isə 8480 kvadratmetr sahədə isə çiyinlərin tikintisi aparılacaq. Layihə çərçivəsində əsas yolboyu ayırıcı zolaq və səkilərin kənarlarına 8200 poqonmetr səki daşı düzüləcək, 16 yol nişanı və 3400 poqonmetr metal sədd çəpərləri quraşdırılacaq, qrunt sularının axıdılması üçün isə 1372 metr uzunluğunda, 300 millimetr diametrində drenaj borular çəkiləcək.
Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işlərində hazırda torpaqların alınması və müxtəlif təyinatlı maneələrin, yəni hərbi təyinatlı obyektin, biznes obyektlərinin, fərdi yaşayış evlərinin sökülməsi, həmçinin yola düşən yüksək gərginlikli hava xəttinin dayağının, əhali və sənaye obyektləri üçün nəzərdə tutulmuş 250 millimetr diametrində 2 qaz xəttinin, uzunluğu 300 metr, diametri 300 millimetr olan kanalizasiya xətlərinin və yüksək təzyiqli qaz və neft xətlərinin köçürülməsi və mühafizəsi, həmçinin 90 metr uzunluğunda və 530 millimetr diametrində yeni kanalizasiya xəttinin çəkilməsi işləri də aparılır.
Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhəri və bu istiqamətinə yerləşən digər qəsəbələrə, bundan başqa, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil və Pirşağı qəsəbələrinə rahat çıxış əldə edəcəklər.
Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə həmin istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Həmçinin sözügedən qəsəbələrin sakinlərinin Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da, həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də ki, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq.
V. BAYRAMOV, 
“Xalq qəzeti”

8 2018 22:23 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin