• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələcək inkişafa hədəflənən siyasi kurs

Gələcək inkişafa hədəflənən siyasi kurs

 Prezident İlham Əliyev son 15 ildə Azərbaycanı sürətlə inkişaf edən ölkələr sırasına çıxardı. Respublikamız Cənubi Qafqazın lider dövlətinə çevrildi. Azərbaycanın ötən 15 ildə qazandığı nailiyyətləri sadalamaqla qurtaran deyil. Abadlaşan yollar, şəhər və kəndlərin öz əvvəlki görkəmini dəyişməsi, körpülərin, keçidlərin salınması, Bakının gözəlliklər diyarına çevrilməsi... Bu ölkədə hər sahədə yeniliklər var, tərəqqi, inkişaf var. Bunun əsas səbəbi isə ulu öndərin ölməz ideyalarının cənab Prezident İlham Əliyev tərəfindən dönmədən həyata keçirilməsi, islahatların davamlı xarakter almasıdır.
Bu gün Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Hələ 2003-cü ilin oktyabrında keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən, mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” – deyən Prezident İlham Əliyev ötən müddətdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmiş, hər bir vətəndaşın həyatında önəmli dəyişikliklərlə müşayiət olunan iqtisadi, sosial islahatların müəllifinə çevrilmişdir.
Bu iqtisadi, sosial strategiya yeni keyfiyyət göstəricilərinin əldə olunması, regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi üçün sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edir.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son 15 ildə möhtərəm dövlət başçımız ulu öndərin uzaqgörən siyasi kursunu yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə davam və inkişaf etdirmişdir.
Məlumdur ki, müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan , dünyada gedən siyasi və iqtisadi prosesləri dərindən bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Möhtərəm Prezidentimiz öz Vətənini, xalqını sevən , azərbaycançılıq amalını qəlbində daşıyan rəhbərdir. Biz, bütün bunların canlı şahidləriyik.
Haqlı deyirlər ki, İlham Əliyev Heydər Əliyev siyasi məktəbinin ən uğurlu tapıntısı və çox istedadlı məzunudur. Bu məktəbin öyrətdiyi ən başlıca dərs dövlətçilik dərsidir. Son 15 ildə həyata keçirilən tədbirlərə nəzər salanda , görülən işləri, həyata keçirilən tədbirləri müqayisəli təhlil edəndə, yuxarıda qeyd edilən fikirlər bir daha öz təsdiqini tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı, Strateji Yol Xəritəsinin təsdiq olunması, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların davamlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya kimi müsbət dəyişikliklər baş vermişdir.
Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınmış, onun beynəlxalq nüfuzu getdikcə yüksəlmişdir. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir. 2019-2022-ci illər Azərbaycan Respublikasının bu hərəkata sədrlik dövrüdür. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurmuş və müvafiq sənədlər imzalamışdır.
Prezident İlham Əliyev milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafını təmin etmişdir. 2003-2018-ci illər ərzində ölkədə 220-dən çox məscid, kilsə, sinaqoq tikilmiş və ya bərpa olunmuşdur. Xüsusi dini-mənəvi və tarixi-mədəni əhəmiyyət kəsb edən Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir, Əjdərbəy, İçərişəhərdəki Cümə və Həzrət Məhəmməd məscidlərində təmir və yenidənqurma işləri aparılmışdır. Şamaxı Cümə məscidi və Gəncədə “İmamzadə” əsaslı bərpa edilmiş, Bakıda Qafqazın ən böyük məscidi olan Heydər məscidi (2014), Hacı Cavad məscidi (2018) və dağ yəhudiləri üçün sinaqoq (2011) tikilərək dindarların istifadəsinə verilmişdir. Hazırda ölkə ərazisində 2250 məscid, 14 kilsə, 7 sinaqoq sərbəst fəaliyyət göstərir.
Ölkə başçısının sərəncamları ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış (2014), 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycan sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, bir sıra qlobal təşəbbüslər irəli sürmüşdür. 2008-ci ildə Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısına İslam ölkələri mədəniyyət nazirləri də dəvət edilmişdir. Həmin forumda Azərbaycan Prezidenti sivilizasiyalar, xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı naminə “Bakı prosesi” təşəbbüsü ilə çıxış etmişdir. Sonrakı illərdə bu çərçivədə çoxsaylı beynəlxalq tədbir və layihələr həyata keçirilmişdir.
Biz, təhsil işçiləri bu dəyişiklikləri daha aydın görürük. Ulu öndərin 1999-cu ildə başladığı təhsil islahatları Prezident İlham Əliyevin hakimiyyəti illərində daha sürətlə və davamlı olaraq həyata keçirilmişdir. Hakimiyyətinin ilk illərində cənab Prezident təhsillə bağlı bir neçə sərəncam imzalamışdır. Bilik Günü, məktəblərin informasiya- kommunikasiya texnologiyaları ilə təmin olunması ilə əlaqədar Prezident sərəncamları bu qəbildəndir. İlham Əliyevin prezidentliyi dövründə təhsillə bağlı 20-dən çox dövlət proqramı qəbul olunmuşdur. Bu proqramların icrası nəticəsində təhsil sistemi əsaslı şəkildə yenilənmişdir.
Dövlətimizin təhsil siyasətinin həyata keçirilməsində, o cümlədən müəyyənləşdirilmiş strateji istiqamətlərin məqsədlərinə nail olunmasında pedaqoji kadrlar mühüm rol oynayır. Bu baxımdan ali təhsil sisteminə yeni yanaşma, beynəlxalq təcrübəyə uyğun, müasir tələblərə cavab verən müəllim hazırlığı sisteminin formalaşması və inkişafı, yeni təlim texnologiyaları və informasiya vasitələrindən professional səviyyədə istifadə yolları və prinsiplərinin müəyyənləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, pedaqoji kadr təminatı (yeni ixtisaslar üzrə kadrların hazırlanması, ixtisasartırma, yenidənhazırlanma, distant təhsil, inklüzivlik və s.) məsələlərinin həlli böyük əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb. Hazırda başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir.
Bolonya sisteminin elektron təhsil ilə bağlı tələblərinin reallaşdırılması, auditoriyaların kompüterləşdirilməsi, elektron lövhələrlə təchizi, internet şəbəkəsi sisteminə qoşulması, müəllimlərin informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə proqramları üzrə treninqlərə cəlb olunması interaktiv mühazirə və seminar məşğələlərinin keyfiyyətinə müsbət təsir göstərib. Bununla yanaşı, İKT-nin müəllim hazırlığı sistemində tətbiqi ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, rəqabətqabiliyyətli, dövlətin təhsil islahatlarını həyata keçirməyə qabil olan pedaqoji kadrların yetişdirilməsində yeni yanaşmalar tələb edir.
Son 15 ildə Azərbaycanda 3 200 yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bu göstərici ölkədə olan ümumi məktəblərin sayının 70 faizindən də çoxdur. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən 2018-ci il üçün təsdiq edilmiş dövlət investisiya proqramına uyğun olaraq, bu il ölkə ərazisində 137 modul tipli məktəbin quraşdırılması da nəzərdə tutulub. Belə məktəblər əsasən ucqar, şagirdlərin sayı az olan yaşayış məntəqələrində quraşdırılır. Bu prosesə ötən ildən başlanılıb və həmin il ölkə ərazisində 106 belə məktəb quraşdırılıb.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva təhsilin inkişafına daim böyük töhfələr verməkdədir. Belə ki, ulu öndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarca təhsil müəssisəsi tikilib və təmir olunub istifadəyə verilib. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub. 
Hazırda Azərbaycanda çoxlu sayda ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkəmizdə dövlət ali məktəbləri ilə yanaşı, özəl təhsil ocaqları da mövcuddur. Azərbaycan dövləti müəyyənləşdirir ki, hansı təhsil ocağında, hansı ixtisaslar üzrə kadr hazırlamağa imkan var və onun maliyyəsi ilə məşğul olur.
“Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul edilib. Həmin vaxtdan keçən 9 il ərzində bir sıra yeni istiqamətlər meydana çıxıb, normativ hüquqi aktlar qəbul edilib. 2013-cü ildə təhsilin inkişafı üzrə dövlət strategiyası qəbul olunub. Bütün bunlar mövcud qanuna bir sıra dəyişikliklərin olunmasını zəruri edirdi. Bu zərurətdən çıxış edərək Təhsil Nazirliyi tərəfindən təkliflər paketi hazırlanaraq, hökumətə təqdim olunub. Cari ilin iyununda Milli Məclis tərəfindən dəyişikliklər paketi qəbul edilib və dövlətimizin başçısının müvafiq fərmanı ilə qanun qüvvəyə minib. Fərmanın icrası ilə bağlı müvafiq icra strukturlarına, Nazirlər Kabinetinə və Təhsil Nazirliyinə bir sıra tapşırıqlar verilib və hazırda bu istiqamətdə iş davam etdirilir.
Dövlət başçısı gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə 2005-2021-ci illəri əhatə edən 3 dövlət proqramı təsdiq etmişdir. Eyni zamanda, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc xarici ölkələrin qabaqcıl tədris ocaqlarında təhsil almağa göndərilmişdir. Ölkə gənclərinin elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş layihələrin reallaşdırılmasına kömək göstərilməsi, onların fəaliyyətinin stimullaşdırılması məqsədilə 2011-ci ildə Gənclər Fondu yaradılmış, 2013-cü ildə gənclər üçün Prezident mükafatı təsis edilmişdir.
Dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Dövlət başçımız respublikamızın sürətli inkişafından, qazanılan nailiyyətlərdən bəhs edərkən həmişə böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır.

Əfqan ABDULLAYEV, 
Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru, professor, 

 

23 Oktyabr 2018 01:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin