• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron: dinamik inkişaf geniş vüsət alır

Abşeron: dinamik inkişaf geniş vüsət alır

 Abşeron rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. 
Yığıncağı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bidirdi ki, oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı tədbirdə ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açmış, qarşıda duran vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini vermişdir. RİH başçısı bildirib ki, abşeronlular öz öhdələrinə düşən bütün vəzifələri uğurla həyata keçirmək əzmindədirlər. 
 Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyevin geniş məruzəsi dinlənilib. O bildirib ki, hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Onun sözlərinə görə, Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunub. 
2018-ci ilin ötən dövrü ərzində yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara, ümumilikdə, 9111 kubmetr çınqıl tökülərək yayılmış, 81220 kvadratmetr sahə asfaltlanmışdır. Uzunluğu 18 kilometr olan Hökməli-Qobu-Lökbatan yolu əsaslı yenidən qurulmuş, Güzdək-Buta yolunda 4,6 kilometr uzunluğunda yolun birinci qat asfalt örtüyü verilmişdir. Mehdiabad-Pirşağı yolunun kənarında 1500 metr uzunluğunda səki çəkilmiş, 500 metr uzunluğunda sıradan çıxmış 159 millimetrlik su borusu yenisi ilə əvəz olunmuş, hazırda asfalt yolun təmiri işləri aparılır. 
Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 2017-ci ilin iyul ayından başlanılmış işlər davam etdirilmiş, ötən müddət ərzində 107 kilometr uzunluğunda içməli su, 60 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdir.
Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Qobu, Hökməli yaşayış məntəqələrində müxtəlif diametrli 13,9 kilometr uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, rayon üzrə ümumilikdə 7500 ədəd sayğac quraşdırılmışdır. 
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 24 investisiya layihəsi üçün 17 milyon 896 min manat güzəştli kredit verilmişdir ki, həyata keçiriləcək bu layihələr üzrə 242 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevin 22 mart 2018-ci il tarixli sərəncamına əsasən, dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0,7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikintisində son tamamlama işləri görülmüşdür. Müəssisənin fəaliyyətə başlaması ilə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur. 
2018-ci ilin əvvəlindən rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə, ­bitkiçilik məhsulları istehsalının artımına nail olunmuşdur. Rayon ərazisində 1413 hektar sahədə taxıl biçini itkisiz başa çatmışdır. 9 ay ərzində 759 hektar tərəvəz sahəsindən 69078 ton məhsul yığılmışdır. Hesabat dövrü ərzində 28014 sentner ət, 227748 sentner süd istehsal edilmiş, yumurta istehsalı isə 105.7 milyon ədəd olmuşdur. 
 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndiriməsi ilə bağlı işlər davam etdirilmiş, Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı 210 hektar sahədə badam əkilərək damcı üsulu ilə suvarma şəbəkəsi quraşdırılmış, 16,3 km uzunluğunda su xətti çəkilmiş, 140 min kubmetrlik 3 su hovuzu tikilmiş, 30 ədəd müxtəlif təyinatlı texnika alınmışdır. Artıq salınmış badam bağından məhsul yığımına başlanılmışdır. 
2018-ci ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir. Yeni dərs ilində rayonun Mehdiabad qəsəbəsində 1200 şagird yerlik müasir məktəb binası istifadəyə verilmişdir. 
Ali məktəbə qəbulun nəticələrinə görə rayonun ümumtəhsil məktəbləri ötən illərin nailiyyətlərini daha da artıraraq yüksək nəticə əldə etmişlər. Ali məktəbə sənəd verənlərin 1306 nəfəri və ya 74,4 faizi tələbə adını qazanmış, onlardan 94 nəfəri 600-dən, 209 nəfəri 500-dən yuxarı bal toplamış, Xırdalan 9 saylı tam orta məktəbin məzunu Elgün Zamanlı və Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Rüstəm Qarayev maksimum nəticə əldə edərək 700 bal toplamışdır.

Səməd HÜSEYNOĞLU, 
“Xalq qəzeti”nin bölgə müxbiri 

23 Oktyabr 2018 01:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin