• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələcəyin ekoloji ultimatumu

Fantastik publisistika

Gələcəyin ekoloji ultimatumu

Bağban gecəli-gündüzlü qulluq edib becərdiyi gürşad ağacların araları ilə irəlilədikcə dodaqaltı zümzümə də edirdi. Təbiətin oyanması, ağacların tumurcuqlanıb canlanması onun könlünü açmışdı. Sevib-əzizlədiyi qol-budaqları bir-bir nəvazişlə nəzərdən keçirirdi. 
Badam ağacları hər il olduğu kimi ərkyanalıqdaydı. Tumurcuqları yenə digər ağaclardakından erkən açılırdı. Çırtlayıb duvağından çıxmış alyanaq çiçək ləçəkləri səmaya boylanıb pardaxlanırdı. Budaqdakı bəzi tumurcuqlar ləng dirçəlirdi. Elə bil kimdən, nədənsə həyalanır, ləçək çöhrəsini aşkara çıxmaqdan çəkinirdi. Bəyazlığın bu utancaq mənzərəsi Bağbana özünün gənclik illərini, gəlinlik örpəyinə bürünmüş sevgilisinin məsum baxışlarını xatırlatdı... 
Kövrək xatirədən xeyli təsirləndi Bağban. Ötən payızda üzümlükdə şövqlə əkdiyi meynə tinglərinin, onlardan bir az aralı sahədə isə baramaçılıq üçün təzə cərgələdiyi fidan çəkil tinglərinin halını-durumunu yoxlamaq amalı ilə yoluna davam elədi. ­Dodaqaltı zümzüməsi də onunla yanaşı, aramla irəliləyirdi: “Bəsləsən atlas olar tut yarpağından...” 
Birdən qulağına qəribə bir səs gəldi. Nəzərini qaldırıb yan-yörəyə baxanda qarşıda naməlum, heyrətləndirici bir obyekt gördü. Diksindi, çaşqınlıq, həyəcanla yerində dönüküb durdu. Heyrət-ürpəniş keçdi canından... Qarşısında gördüyünü yadplanetli məxluq sandı. 
Gördüyü obyekt kürə şəklində idi. Sonradan yastılanıb qoltuq qovluğu kimi oldu. Üzərində işıq gözcükləri gah sayrışır, gah qırpım vurur, gah da aramsız yanırdı. Bir anda monitora çevrildi. Anlaşılmaz lisanda, robot tərzində qırıq-qırıq kəlmələr səsləndirirdi. Sözləri handan-hana aydınlaşdı. 
Bağbanın daxilində əmələ gəlmiş heyrət, təlaş hissi azaldı, canındakı donuqluq çəkildi, bir qədər irəliyə yeriyib, ona yaxınlaşmaq istədi. Naməlum varlıq dilləndi: 
– Mənə yanaşma, əl uzatma, tuta bilməyəcəksən məni. Narahat da olma. Görürəm, duyuram, heyrətdəsən. Ürəyindən keçəni də anlayıram. Fikirləşirsən ki, gördüyün yuxudur, qarabasmadır, ya nədir. Sən nə yuxudasan, nə də hipnozda. Məni heç vaxt görmədiyin üçün təəccüblənirsən. Sizin danışıqlarda az hallarda işlədilən bir söz var – “Ərəz”. Mən həmin o varlığam – əvvəllər olmayıb, sonradan əmələ gələnəm. Canlı deyiləm. Xətakar da deyiləm, kimsəyə zərər yetirmərəm. Mən gələcəyin elektronikasıyam. Birinci kərədir insanın gözünə görünürəm. 
Bu zaman ətrafda xəfif, ruhoxşayan meh əmələ gəldi. Özünü “Ərəz” adlandıran varlıq danışığına davam eləyirdi:
– Bax, ağaclar sənin gəlişinə, mənimlə görüşünə necə şadlanırlar! Budaq-budağa verib yellənir, şellənir, bizə alqış yollayırlar. Sən onların sevimlisisən. Səndən çox razıdırlar. Amma ümumi insanlıqdan narazı, gileylidirlər, incikdirlər. 
Bağban ona nəsə demək, müraciət etmək istəyəndə qarşısındakı naməlum varlıq Bağbanı qabaqladı: 
– Sənin danışmağına ehtiyac yoxdur. Nə demək istədiyin mənə dərhal məlum olur. Mən qarşımdakı insanın nə fikirləşdiyini duya, anlaya bilirəm. Düşüncənin onun zehnində əmələ gətirdiyi səs kimi tanınan daxili neyroəzələnin siqnalını sözlə əlaqələndirib öyrənir, lazım olduqda nitqə-sözə çevirirəm. Odur ki, intizar keçirmə. Elə bu saat sənin düşüncəndə olan fikrə aydınlıq gətirim. Bilmək istəyirsən ki, mənim gəlişim nədən ötrüdür? 
Belə deyib monitorunun ön örtüyünü teatr pərdəsi sayaq siyirdi, yerini rahatlayırmış kimi azca fasilə verib, davam elədi: 
– Məni buraya gətirdiblər ki, ağacların sevimlisi olan sən Bağbanla söhbət eləyim. Ağaclar deyirlər ki, sən hər bir ağacın qədrini, qiymətini bilirsən, onlara səylə, ürəkdən qayğı göstərirsən. Ağacları dəcəl uşaqlardan hifz eləyirsən, onları baltayla, mişarla basqın edənlərdən qoruyursan. Ona görə səni xoşniyyətli bağban bilirlər. Amma dilləri anlanşılmadığından ərk eləyib sənə öz dərdlərini, meşələrin fəryadını açıb deyə bilmirlər. 
Danışıq davam eləyirdi: 
– Ağaclar haqlı olaraq incikdirlər. Gileylənirlər ki, indi  nankorluq eləyir, meşələrə – ağaclar nəslinə qənim kəsilirlər. Meşələr köməksiz durumdadır. Gah qəsdən yandırılır, gah da naqisliklər, biganəliklər ucbatından məhvedici oda-alova məruz qalırlar. Meşə yanğınları ilbəil çoxalır, fəlakət həddinə çatıb. Ağaclar, meşələr sual eləyirlər: “Niyə insanlar unutqan olublar? Bilmirlər ki, ibtidai insan – ikiayaqlı məxluq atı əhliləşdirməkdən, iti ram etməkdən min illər öncə ağaclara, ormanlara güvənib? Bizim dilsiz-ağızsız nəslimiz yaranışın təməl günündən bəşər övladının ən vacib qida mənbəyi, silahı, əmək aləti, hələ sığınacağı da olub?” 
Ağaclara inanmırsınız, şəkk edirsinizsə buyurun “Eramızdan milyon il əvvəl” filminə birlikdə baxaq, – dedi. 
Bu məşhur fantastik kino əsəri Bağbana tanış idi. On illər qabaq həmin filmə baxmışdı, yenidən seyr etməkdən də boyun qaçırmadı. 
Gələcəkdən gələn elektronika sinəsindəki ekranda təsvirləri dəyişdirib başqasını aşkarladı: Nəhəng dinozavrların kütlə halında yaşayan qədim insanlara hücum səhnələrini, qorxunc qanadlıların adamları caynağına alıb havaya qalxmasını əks etdirən təsvirləri təkrar seyr etdi. 
Gələcəkdən gələn ötkəm qaydada bildirirdi:
– Yüz minlərlə il qabaq ibtidai insan, sizin ulu əcdadlarınız yaşamaq uğrunda mübarizədə oxdan, kamandan, nizədən, qılıncdan, tüfəngdən yox, daşdan, qaya parçasından, əsasən də ağacdan düzəltdiyi alətlərdən istifadə edirdi. Ağac budaqlarından, kötüyündən paya, dəyənək, çomaq düzəldir, qorxunc-vəhşi heyvanlarla vuruşur, qidalanmaq məqsədilə cürbəcür canlılar ovlayırdılar. O dövrdə ağac alətləri əvəzolunmaz silah idi. Qədim insan hələ bilmirdi dəmir nədir, odu necə əldə eləmək olar. Amma ağacı bilirdi. Ağacı görür, ona sığınırdı. 
“Ərəz”in monitorundakı təsvirlər pərdə-pərdə dəyişib bir azman ağacın görüntüsü üzərində dayandı. Qaşları düyünlənmiş yenilməz pəhləvana bənzəyən, yaşı bilinməz, nəhəng çətirli ağac qat-qat cadarlanmış yoğun gövdəsini təmkindən uzaq tərzdə yırğalayırdı. “Ərəz” bildirdi ki, rəncidə olmuş bu qocaman ağac deyir: “Biz olmasaydıq, indi Yer kürəsini çalın-çarpaz bürüyən dəmir yolları da olmazdı. Həmin yollar bizlərin gövdəsindən hazırlanmış tirlərin üzərində qurulub. Aramsız taraq-taraqla irəliləyən saysız-hesabsız qatarlar bizim dözümlü kürəyimizdən rahatlıqla adlayıb sağa-sola min kilometrlərlə yol qət edirlər...”
Sizin indiki yaşayışınızda da ağaclar--meşələr müstəsna əhəmiyyətlidir. Diqqət yetirsəniz, görərsiniz ki, yaşadığınız aləm, ətraf mühit, Yer üzünün havası əvvəlki dövrlərdən daha sürətlə çirklənir. Nüvə enerjisi ilə çalışan stansiyaların tullantıları, ümumi istilik effekti, havada hidrogen oksidlərinin, kükürdlü qazın, xlor və azotun insan ömrünə balta vuran digər zəhərli maddələrin miqdarı durmadan artır. Yenə də ağacların, meşələrin varlığı hər vasitədən çox kara gəlir. 
Əvəzsiz iş görür meşələr, yaşıllıqlar. Atmosferi təmizləyir, zəhərli qazları udub, ətrafa canlı aləmin həyatı üçün zəruri olan oksigen yayır, insanlara nəfəs verir. Qarşılığında insanlardan sevgi, hörmət, qayğı umur. Lakin onlardan mərhəmət deyil, qədirsizlik, nankorluq, qəddarlıq görür. Deyəsən, indiki şəraitdə insanlar meşə yanğınları törətmək sahəsində ölkələr, qitələr arasında bir-birləri ilə bəhsə girib, öcəşirlər?! 
Qəribə obyekt bu fikirləri dilə gətirdikdən sonra bildirdi:
– İndi, ayrı-ayrı amillər səbəbindən törədilmiş fəlakətli meşə yanğınlarının məkanlarını, coğrafiyasını göstərəcəyəm. Son vaxtlar dünyada, elə sizin ölkədə də meşə yanğınları o dərəcədə şiddətli, amansızlıqla baş verir ki, həmin ərazilərin çoxunda bir daha meşə bərpa etmək mümkün olmayacaq!.. 
Sonra qəribə qurğu iri bir xəritəyə çevrildi. Amerika qitəsinin cizgiləri peyda olanda dedi:
– Görürsən? Burada meşələr tonqallarla işarələnib, meşə yanğınlarının törədildiyi məkanları göstərir. Ən təhlükəli, amansız yanğınlar Amerikada baş verir. Odur ki, böyük tonqallarla işarələnib. Bütün meşə yanğınları göstərilsə, bir atlasa sığmaz. Əks olunanlar təkcə 2017-ci ildəkilərdir. Ötən il Avstraliyada, Avropada da meşələr yanğınlardan ağır tələfatlara məruz qalıb. Bu isə 2018-ci ilin əvvəlinin yanğınıdır. 8 Mart bayramını qeyd edənlər Hindistanda Tamiland ştatında meşə yanğını törədiblər. Min hektarlarla orman məhv olub. Ölən, xəsarət alan sakinlərsə, bir-birinə qarışıb. 
Elektron qurğu başqa ölkələri də növbəylə görüntüyə gətirdi. Avropaya adlayanda daha çox Niderlandın üzərində dayandı. Orada da alovlanan xeyli iri tonqal təsviri vardı. Digər ölkələrin əraziləri üzərində də meşə yanğınlarının yerlərini bildirən çoxlu alov dilləri şölələnirdi. 
Gələcəkdən gəlmiş aparat Bağbana müraciətlə dedi: 
– Ürəyindən keçəni, Qafqazdakı durumu da göstərim, seyr elə.
Həmin andaca qocaman Qafqaz dağları üzərində irili-xırdalı tonqal nişanları göz qırpmağa başladı. Robot dilində danışıq davam edirdi:
– 2017-ci idə Gürcüstanda dalbadal güclü meşə yanğınları baş verib. O səbəbdəndir həmin ərazilərdə gördüyün çoxlu alov dilləri dalğalanır. İndi keçək Azərbaycana. Burada tək-tük, şam şöləsi işarələri ilə yanğın yerləri göstərilir. Başqa ölkələrə nisbətən burada vəziyyət elə də təhlükəli deyil. Amma diqqət lazımi səviyyədə olsa yanğınlar da olmaya bilərdi. Azərbaycanda hələ irəliləyişlər, təqdir olunası işlər də var. Naxçıvan diyarını nümunə göstərmək olar. Ərazicə kiçikdir. Amma orada geniş sahələrdə meşələr – yaşıllıqlar salınıb. Müqayisə eləyək: 1990-cı illərdə bu mahal ərazisinin yalnız 0,6 faizi yaşıllıqla örtülü olubsa, hazırda həmin göstərici 12 faizə çatdırılıb. Əkilənlərin xeylisi meyvə ağaclarıdır. 
Abşeronda da geniş sahələrdə yaşıllıq, meşəliklər salınıb. Bakıdan aeroporta uzanan həm əvvəlki, həm də Zığ kəndi tərəfdən inşa olunmuş yeni yolların ətrafında əkilmiş on minlərlə ağacın əmələ gətirdiyi cavan meşəliklər torpağın nəhəng zümrüd boyunbağına oxşayır. Bakı-Qazax, Bakı-Astara avtomagistrallarının ətəkləri bir vaxtlar qupquru boş səhraydı, indi cavan meşəliklərdi. Oralarda təkcə həmişəyaşıl zeytun, şam, küknar ağacları deyil, çoxlu başqa ağaclar da əkilib. Azərbaycanın bölgələrində heç vədə olmayan qədər hektarlarda fındıq, qoz, nar, badam ağacı plantasiyaları salınıb. Saysız-hesabsız tut çəkəlikləri əkilməsi də xoş niyyətdən xəbər verir. Bunlar ölkənizin zümrüd libasını rəngarəng edəcək... 
Bağban dinib-danışmadan gələcəyin informasiya texnologiyasını diqqətlə seyr edir, onu dinləyirdi. Düşünürdü: görəsən, bu cihaz-qurğu necə, haradan idarə edilir, qidası, gücü-enerjisi hansı mənbədən alır? Ağlına gələn fikri dilə gətirmək istəyirdi ki, “Ərəz” dərhal dilləndi: 
– Anladım. Düşünürsən ki, gələcəyin elektronikası necə idarə edilir? Söyləyim. Bizim nəsildən olan elektronika işıqdan, havanın hərəkətindən, dəniz dalğalarından, su şırıltısından güc alıb, qüvvə toplayır. Biz sözlə, şüa ilə işə düşür, idarə olunuruq. Verilən tapşırıq radio dalğasının yayımı tezlikləri ilə bizə, ənginliklərə ötürülür. Biz hava boşluğunda da fəaliyyət göstəririk. Mənə verilən tapşırığı yerinə yetirdim. Daha geri qayıtmalıyam. 
Yaxındakı ağacların budaqları kimləsə xudahafizləşir, nəyəsə əl edirmiş sayaq yelləndi. Bol bəhərdən müjdə verən, tumurcuqları çırtdamaqda olan budaqlar Bağbanın çiyinlərinə, sinəsinə sallandı. Bağban onları itələmədi, özündən kənarlaşdırmadı. Sevgi-istəklə özünə daha da yaxınlaşdırdı. Sanki, qundaqdakı çilləli nəvəsini köksünə basırdı. Nəvazişlə yanağına tərəf qaldırdı, elə bil, onları öpəcəkdi. Nəzərini yönəldib özünü “Ərəz” adlandıran naməlum qonağa əlavə nəsə demək istədi. Onu yerində görmədi. Qeyb olmuşdu gələcəkdən gələn qurğu. Özü yoxdu, ancaq haradansa qırıq-qırıq, bir qədər də hikkəli kəlmələri eşidilirdi:
– Ağacları qoruyun!.. Qoru-yun!!!..
Robotun söylədiyi kəlmələr gələcəyin bu günə ciddi xəbərdarlığı, ultimatumu kimi səslənirdi.
Rafiq HƏSƏNOV,
 veteran jurnalist

8 2018 22:16 - EKOLOGİYA
EKOLOGİYA

Ən son xəbərləri səhifəmizdən də izləyin