• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türkiyə jurnalistin qətli ilə bağlı sübutları təqdim edəcək”

“Türkiyə jurnalistin qətli ilə bağlı sübutları təqdim edəcək”

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Numan Kurtulmuş səudiyyəli jurnalist Camal Qaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə əlaqədar aparılan araşdırmanı şərh edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
 

N.Kurtulmuş Türkiyənin Camal Qaşıkçının qətlində müqəssirləri və sübutları gizlətməyəcəyini bəyan edib: “Səudiyyə Ərəbistanı administrasiyası, günahı sübut olunacağı təqdirdə, yaxasını kənara çəkə bilməyəcək”. N.Kurtulmuşun sözlərinə görə, Türkiyə hökuməti Qaşıkçının qətlinin sübutlarını bütün dünyaya təqdim edəcək. O bildirib ki, istintaq artıq başa çatmaq üzrədir.
İki gün əvvəl isə Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıkçının ölüm hadisəsinin qısa vaxtda, hərtərəfli və şəffaf surətdə araşdırılmasının vacib olduğunu bildirib. 
Yeri gəlmişkən, bu günlərdə Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Qaşıkçının İstanbuldakı Baş konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Qaşıkçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub.
Baş prokuror hazırda faktla bağlı araşdırmanın aparıldığını, cinayət işi üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşının istintaqa cəlb olunduğunu açıqlayıb.
Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Qaşıkçı sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan çıxaraq gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

M.HACIXANLI, 
“Xalq qəzeti” 

22 Oktyabr 2018 23:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin