Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbə sevinci və şəhid ruhlarına əbədi ehtiram

Həftələrdir ki, xalqımızın yaddaşında əbədi izlər salan ən xoşbəxt günlərimizi, bəxtəvər anlarımızı yaşayırıq. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-dək davam etmiş Vətən müharibəsində xain erməni silahlı qüvvələri üzərində qazandığımız möhtəşəm zəfərin sevinci qəlbimizə, ruhumuza, duyğularımıza hakim kəsilmişdir. Döyüş meydanlarında düşmənə sarsıdıcı zərbələr endirilmiş, qədim Qarabağımız 30 illik işğaldan sonra azad edilmiş, rahat nəfəs almağa başlamışdır.

Azərbaycan illər boyu münaqişənin dinc yollarla həllinə nail olmağa, ərazi bütövlüyünü təmin etməyə çalışsa da, buna o qədər də həvəs göstərməyən  ATƏT-in Minsk qrupunun vasitəçiliyi heç bir nəticə verməmiş, “böyük Ermənistan” xülyasını reallaşdırmağa çalışan mənfur qonşularımız isə status-kvonu saxlamaqla işğal faktına qanuni don geyindirmək üçün dəridən-qabıqdan çıxmış və hər vasitə ilə qondarma DQR-in beynəlxalq aləmdə tanınmasına nail olmağa çalışmışlar. Nəhayət, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin möhkəm qətiyyət və dönməz iradəsi, rəşadətli Milli Ordumuzun qəhrəmanlığı sayəsində diplomatiya, döyüş və informasiya cəbhələrində misli görünməmiş zəfər qazanmış, “Dağlıq Qarabağ münaqişəsi” adlanan termini birdəfəlik aradan qaldırmışıq.         
Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncamda göstərilir ki, ötən əsrin sonlarında   Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edən Ermənistan ölkəmizə qarşı hərbi təcavüzə başlamış, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu vaxt burada hökm sürən hərc-mərclikdən istifadə edərək  ərazilərimizin 20 faizini işğal etmişdir. Bunun da nəticəsində 1 milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşmüş, məhrumiyyətlərə düçar olmuşdur. 
Hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə heç bir nəticə verməmişdir. Havadarlarının dəstəyinə güvənərək, get-gedə həddini aşan Ermənistan rəhbərliyi ötən ildən etibarən daha da azğınlaşmış, bir-birinin ardınca verdiyi məsuliyyətsiz, avantürist bəyanatlarla, cəbhə xəttində törətdiyi təxribatlarla danışıqlar prosesini məqsədyönlü şəkildə pozmuşdur. Bununla da düşmən bir daha özünün mənfur niyyətinin Azərbaycan ərazilərini ilhaq etmək olduğunu aşkar şəkildə göstərmişdir. Bu il iyulun 12-də Tovuz istiqamətində törədilmiş hərbi təxribat, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırmaq cəhdləri Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan dəfələrlə bu kimi davranışların regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu bəyan etsə də, beynəlxalq qurumlar təcavüzkarı yerində oturtmaqdan ötrü heç bir tədbir görməmişlər.  
Səbr kasası daşan Azərbaycan xalqı düşmənin təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq ədalətin bərpası üçün Vətən müharibəsinə başlamışdır. Bu müqəddəs amal uğrunda 44 gün sürən əks-hücum əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini,   Qarabağın tacı sayılan Şuşanı, Hadrut Mincivan, Ağbənd, Bartaz qəsəbələrini və 300-dən artıq kəndi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Silahlı Qüvvələrimiz     addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmiş, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız azad edilmişdir. 
Azərbaycanın qələbələri, xüsusilə Şuşanın düşmən əsarətindən qurtulması   Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiya sənədinə qol çəkməsi ilə nəticələnmiş, Kəlbəcər, Ağdam və Laçın rayonları da bir güllə belə atılmadan Azərbaycana qaytarılmışdır.   
Beləliklə, Azərbaycan xalqının birliyi, artan iqtisadi gücümüz, ölkədə müasir ordu quruculuğunun reallaşdırılması Böyük Qələbəmizi təmin edən mühüm amillər olmuşdur. Möhtərəm Prezidentimiz, zəmanəmizin böyük sərkərdəsi İlham Əliyevin müdrik siyasəti, ordumuzun misilsiz fədakarlığı sayəsində xalqımızın  daha bir şanlı qəhrəmanlıq salnaməsi yazılmışdır. Bu gün hər bir azərbaycanlı başını dik tutub gəzir, çünki biz qalib xalq olduğumuzu bütün dünyaya sübut etmişik.   
Prezident İlham Əliyevin bu misilsiz qələbənin əbədiləşdirilməsi – hər il noyabrın 8-nin respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi barədə sərəncam imzalaması ürəklərimizi sonsuz qürur hissi ilə döyündürür. Bu bayram bizi daha sıx birləşdirəcək, daha böyük qələbələrə ruhlandıracaq. Dostlarımız təntənəmizə sevinəcək, düşmənlərimiz xar olacaqlar.  
Eyni zamanda, “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı şəhid ruhlarına xalq və dövlət səviyyəsində böyük ehtiramın təzahürüdür. Ərazi bütövlüyümüz uğrunda ölüm-dirim mübarizəsində, haqq savaşında bir çox həmvətənimiz şəhid olmuş və ya itkin düşmüşdür. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda ucaltmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, bundan sonra hər il sentyabrın 27-si  ölkəmizdə Anım Günü kimi qeyd ediləcək. Bu, həm də böyüyən nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından çox mühüm önəm daşıyacaq.
Zəfər və Anım günləri haqqında sərəncamlardan bir gün sonra dövlətimizin başçısı daha bir sərəncam imzalamışdır. Həmin sənədə görə, Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması qərara alınmışdır. Bundan məqsəd xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığını və  möhtəşəm tarixi zəfərini nümayiş etdirmək, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir.Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi daha bir müqəddəs anım ünvanımız olacaqdır. 
Qədirbilən xalqımız bir an belə unutmur ki, onillər boyunca düşmən tapdağı altında olmuş  torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun   yazdığı şanlı tarix sabahın daha güclü Azərbaycanı üçün sarsılmaz təməl, möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.
Bəli, bu gün yazılan tarix bizim yeni tariximizdir. Zəfər tariximizdir. Bu tarixin müəllifləri müzəffər Ali Baş Komandanımız və rəşadətli Silahlı Qüvvələrimiz, qəhrəmanı isə Azərbaycan xalqıdır.  

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

5 Dekabr 2020 20:21 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə