Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Torpaq uğrunda ölən varsa, Vətəndir!

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Vətən müharibəsində qələbə əldə olunmasında dövlətimizin ­başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq-Prezident-Ordu vəhdəti ərazi ­bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.  

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə əsgər və zabitlərimiz tərəfindən qəhrəmanlıq göstərildi, arxa cəbhədə çalışan hər bir mülki şəxs əzm və iradə nümayiş etdirdi. Bir sözlə, xalqımızın bir yumruq kimi birlik və həmrəylik sərgiləməsi nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi.  
Həmvətənlərimizin bir çoxu şəhid oldu, itkin düşdü, yaralanaraq sağlamlığını itirdi. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Müzəffər ordumuzun bu gün yazdığı tarix Azərbaycanın sabah daha da güclü inkişafını, çiçəklənməsini şərtləndirdi. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amilə çevrildi.  
Azərbaycan hər zaman olduğu kimi, bu gün də mübariz övladlarının şücaətini, qəhrəmanlığını  yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Bu müharibədə mərdliklə döyüşən,  Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramını bildirir.   Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında ölkə Prezidenti tərəfindən 2 dekabr 2020-ci il tarixli sərəncam imzalanması da bunun parlaq ifadəsidir. Xatırladaq ki, bu sərəncamla hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd ediləcək. 
Dekabrın 3-də isə Azərbaycan Prezidenti İlham Əliyev “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” sərəncam imzalayıb. Sənədə əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilməsi qərara alınıb. 
Həmin gün–dekabrın 4-də ölkəmizin hər yerində – idarə və müəssisələrdə, küçə və parklarda insanların, necə deyərlər, bir gözündə fərəh, bir gözündə kədər var idi. Sevinc 30 ildən bəri erməni qəsbkarlarının işğalı altında olan Qarabağımızın cəmi 44 gün ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi ilə yaşanan parlaq qələbənin məntiqi nəticəsi, kədər isə vətənimizin azadlığı uğrunda canından keçən və əbədiyyətə qovuşan 2783 nəfər şəhidimizin qəlblərdə yaşatdığı ağrı-acı idi.  
O gün saat 12:00-da respublikamızın bütün guşəsi  bir dəqiqəlik sükuta qərq oldu. Hamı əbədiyyətə qovuşan şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Məscidlərdə keçirilən mərasimlərdə şəhidlərimizin ruhlarına dualar oxundu, namaz qılındı. 
Mərasimlərdə əldə etdiyimiz tarixi zəfərin Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın şücaətli oğullarının sayəsində mümkün olduğu diqqətə çatdırıldı. Torpaqlarımızı qanı bahasına azad edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilənildi. 
Bildirildi ki, mənfur düşmən Qarabağdakı məscidlərimizin, ziyarətgahlarımızın və türbələrimizin demək olar ki, hamısını məhv edib. Prezident İlham Əliyevin də dediyi kimi, o məscidlər, ziyarətgahlar, türbələr bərpa ediləcək. Allahdan arzumuz odur ki, qalibiyyətimiz daimi olsun, dövlətimiz daim inkişaf etsin. Bütün dünyada bizim qalibiyyətimiz öyrənilir. Allah bizə hər zaman böyük müjdələr qismət etsin!
Vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın şanlı zəfər tarixini öz qanları ilə yazan şəhidlərimiz heç vaxt unudulmayacaq. Hər bir kəs şəhidlərimizlə fəxr edir və onların valideynləri qarşısında baş əyir. 
Yeri gəlmişkən, dekabrın 4-də canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi  Heydər Əliyev Mərkəzi, “Alov qüllələri” və Bakı Olimpiya Stadionunun Azərbaycan bayrağı ilə işıqlandırılması ilə yad edilib.  
Sonda bir məqamı da xatırlatmaq istərdik. Azərbaycanda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə hər zaman yüksək qayğı və diqqət göstərilib və bu həssas münasibət bu gün də davam edir. Dövlətimiz tərəfindən onların problemlərinin həlli, sosial şəraitlərinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır,  mənzil və fərdi evlərlə təmin edilir.  
Yeri gəlmişkən, ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9 minə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir.
Bu gün 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bundan fərəhli heç nə ola bilməz. Torpaqlarımızın təcavüzkar Ermənistanın işğalından azad edilməsi şəhidlərimizin də ruhunu sevindirir.

 

“Xalq qəzeti”

5 Dekabr 2020 20:18 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə