Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tarixi qələbəsi ilə bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaratdı

Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatları noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə Bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi. 

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq qələbə, eyni zamanda, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını şərtləndirdi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Bu il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycan Respublikasına qaytarılması qərara alındı və bu, uğurla reallaşdırıldı. 
Birgə Bəyanatın müddəalarına əsasən, daxili məcburi köçkünlər və qaçqınların Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında qayıtmaları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutuldu. Ermənistan tərəfindən vətəndaşların, nəqliyyat vasitələrinin  və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verildi. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması qərara alındı.    
Azərbaycan Prezidenti ­İlham Əliyev noyabrın 1-də xalqa müraciətində bununla bağlı deyib: “Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq...”.
Dövlətimizin başçısı həmin müraciətində daha sonra vurğulayıb ki, bu, Azərbaycanın tarixi nailiyyətidir. Bununla Naxçıvanı həm mühasirədən çıxarılır, həm də yeni bir nəqliyyat “damar”ı açılır. Beləliklə, bütün ölkələrin belə bir vəziyyətdən faydalanması üçün əlverişli zəmin yaranır: “Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq...”.
Azərbaycan Prezidenti xalqa müraciətində mənfur düşmən tərəfindən dağıdılan Horadiz-Zəngilan dəmir yolunun təhlilini aparmaq, ilkin hesablamaları həyata keçirmək üçün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verdiyini də diqqətə çatdırıb.  
Beləliklə, Naxçıvana quru dəhlizin açılması Azərbaycan iqtisadiyyatının vahid milli təsərrüfat sistemi kimi fəaliyyət göstərməsi istiqamətində olduqca zəruri addımdır. Ölkəmizin iqtisadi potensialı, şübhəsiz ki, coğrafi imkanlarından daha böyükdür və bu potensialın reallaşdırılması üçün biz həm işğaldan azad olunan torpaqların, həm də Naxçıvan ərazisinin tam formatlı şəkildə Azərbaycan iqtisadiyyatı ilə təsərrüfat inteqrasiyasını təmin etməliyik. Bunun üçün logistik əlaqənin Naxçıvanla quru yol vasitəsilə formalaşması olduqca mühüm hadisədir.
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyaların inşasının təmin ediləcəyi ilə bərabər, Bərdə- Ağdam- Xankəndi dəmir yolunun çəkilişi də nəzərdə tutulur. Əlbəttə, belə bir layihənin gerçəkləşməsi də istər azərbaycanlıların, istərsə də ermənilərin rifahının yaxşılaşdırılması məqsədi daşıyır. Bununla bağlı dövlətimizin başçısının xalaq müraciətində dediyi sözlər xüsusi diqqət çəkir: “Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır - yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə. Ağdamdan isə Xankəndiyə yarım saat”.
Sonda qeyd etmək istərdik ki, üç dövlət başçısının imzaladığı  birgə bəyanat Azərbaycan üçün milli təhlükəsizlik və milli həmrəylik məsələsi olaraq, respublikamızın gələcək siyasi, sosial-iqtisadi inkişafını şərtləndirdi, eyni zamanda, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaratdı. Çünki ərazi bütövlüyümüzün işğalçı tərəfindən pozulması 30 il ərzində ölkəmizin sürətli tərəqqisinə mənfi təsir göstərirdi, məcburi köçkünlərimizin həyat tərzində natamamlıq kompleksi yaradırdı. Bu həssas məsələyə beynəlxalq təşkilatların, nüfuzlu dünya dövlətlərinin lazımi qiymət verməmələri də münaqişənin birdəfəlik həllini ləngidirdi. Təbii ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun güc-qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Beləliklə, Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bugünkü yekdilliyi fəth etməyən ümummilli həmrəyliyi Azərbaycanı parlaq qələbəyə qovuşdurdu. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canından belə keçdi, Şuşa qalasını fəth etdi.  

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

5 Dekabr 2020 20:17 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə