Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin parlaq diplomatik və hərbi məharəti sayəsində Azərbaycan inamla xoşbəxt gələcəyə doğru irəliləyir!

Dövlətçilik tarixi müəyyən mənada diplomatiya tarixi ilə sıx bağlıdır. Məhz diplomatik fəaliyyət dövlətin suverenliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında, onun yerinin, rolunun, bütövlükdə imicinin və beynəlxalq miqyasda mövqeyinin formalaşmasında çox mühüm rol oynayır. Danılmaz faktdır ki, bu gün müstəqil Azərbaycan dövlətçiliyi ulu öndər Heydər Əliyevin mükəmməl fəaliyyəti sayəsində möhkəmlənmiş və inkişaf etmişdir. Təsadüfi deyil ki, ümummilli lider ərazi bütövlüyü pozulmuş, müharibə şəraitində yaşayan və müxtəlif istiqamətlərdən gələn təhdidlərlə üzləşən ölkə qarşısındakı çoxsaylı vəzifələrin həllini təmin etmişdi. 

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev bu kursu uğurla davam etdirir. Nüfuzlu siyasi şərhçilər də etiraf edirlər ki, qısa müddət ərzində Azərbaycan diplomatiyasının beynəlxalq səviyyədə əldə etdiyi uğurların əsas səbəbləri, məhz xarici siyasətdə varisliyin təmin edilməsi və Heydər Əliyev kursunun müasir reallıqlara uyğun tətbiq olunmasıdır. Məhz Prezident İlham Əliyevin mükəmməl diplomatik bilikləri sayəsində Azərbaycan ölkə ərazisinin bütövlüyünün bərpasını təmin etdi və Cənubi Qafqaz regionunda çoxdandır gözlənilən sülhün və təhlükəsizliyin bərqərar olunmasına şərait yaratdı.
Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günlər yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Bu 30 ildə Azərbaycan xalqı yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm xəbəri səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha  sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı. 
Aydındır ki, Avrasiya məkanı bir çox aktorun maraq dairəsindədir. Ancaq dünyanın ən böyük materiki bizim də maraqlarımızın zonasıdır. Azərbaycan bu strateji bölgədə yerləşir və buna görə də milli maraqlarımıza əsaslanan, xarici aktorlardan prioritetlərimizə hörmətlə yanaşmağı tələb edən və ən həssas mövzularda ustalıqla dialoq aparmağa imkan yaradan xarici siyasətin yürüdülməsi strateji əhəmiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin həmişə diplomatik məharət nümayiş etdirdiyini vurğulamaq lazımdır. Təsadüfi deyil ki, ölkə başçısının səsləndirdiyi bütün şərhləri, istəkləri və şərtləri hər zaman aktuallıq kəsb edir və Azərbaycanın bütün sahələrdə uğur qazanmasına imkan yaradır. Bu gün hamı etiraf edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq nüfuzu və dünyanın aparıcı ölkələri ilə tərəfdaşlığı öz bəhrəsini verir. Məhz belə fəal və düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycanın bir çox beynəlxalq platformalarda etibarlı tərəfdaşları var. Bu faktı istər yerli, istərsə də əcnəbi mütəxəssislər də təsdiqləyirlər. Azərbaycanın diplomatik qələbəsini təsdiqləyən faktlardan biri də bu oldu ki, II Qarabağ müharibəsinin fəal mərhələsində bəzi dövlətlər BMT çərçivəsində Ermənistanın maraqlarını təmin edəcək hüquqi zəmin yaratmağa can atdılar. Ancaq Azərbaycanın uzun illər ərzində çevik diplomatik fəaliyyəti nəticəsində müxtəlif tərkibə malik əməkdaşlıq formatlarının yaratması sayəsində çox sayda ölkələrin ədalətli mövqe sərgiləmələri Ermənistanın maraqlarına xidmət edən səsvermənin BMT divarları arasında qalmasına gətirib çıxardı. 
Xatırladaq ki, iyirmi beş illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan--Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabr tarixlərində müzakirələr keçirilmişdi. Oktyabrın 19-da BMT TŞ-də Ermənistan--Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra Təhlükəsizlik Şurasının sədri adından bəyanat layihəsi hazırlanmışdı. Bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmamışdı. Sözügedən layihə əsasən Rusiya və Fransa tərəfindən hazırlanmışdı. BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının (QH) üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ-nin qətnamələrinə istinadın bəyanata daxil edilməsinə vacib saymışdılar. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nin sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirmişdilər. Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülmüşdü. Prezident İlham Əliyev İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasına həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə etmişdi. Adı sadalanan ölkələrin kritik anda Azərbaycanın mövqeyini qətiyyətlə müdafiə etmələri, əlbəttə ki, Azərbaycanın böyük diplomatik qələbəsi kimi qiymətləndirildi. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatı kimi qlobal təşkilatlar çərçivəsində uğurlu fəaliyyətinin məntiqi nəticəsi idi. 
Beləliklə, demək olar ki, Azərbaycanın çoxvektorlu siyasəti bu çətin dövrdə özünü çox gözəl göstərdi və bizim ölkəmiz üçün bu cür vacib mərhələdə kimlərə güvənəcəyimizi nümayiş etdirdi. Siyasi şərhçilər hesab edirlər ki, bütün parametrlərinə görə,  möhtəşəm olan bu diplomatik qələbədə Azərbaycanın müasir siyasətinin tam mənası əks olunmuşdur. Bu, həm də son illər ölkəmizin siyasi imicinin və kapitalının möhkəmləndirilməsinin, həm də güclü strateji beynəlxalq tranzit layihələrinin olmasının real nəticələridir. Mütəxəssislərin sözlərinə görə, Azərbaycanın çoxvektorlu və çoxmədəniyyətli siyasəti ölkəmizin həm bu gününün, həm də gələcəyinin formuludur. Bu mənada cəbhə xəttindəki qələbəni yalnız hərbi deyil, həm də Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirən mütəxəssislər əminliklə vurğulayırlar ki, bütün bu uğurların arxasında Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomat kimi istedadı və məharətli idarəçilik bacarığı dayanır. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin iştirak etdiyi çoxsaylı beynəlxalq tədbirlərdə çıxışlarının əsas leytmotivi məhz Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə ilə bağlı mövcud vəziyyət olurdu. Azərbaycan Prezidenti münaqişənin yaranma tarixi və dalana dirənmiş danışıqlar, həmçinin Ermənistanın təxribatçı əməlləri üzündən atəşkəs rejiminə zidd olaraq davam edən hərbi əməliyyatlar barədə ətraflı məlumat verirdi. Dərin biliyə və zəngin tarixi məlumatlara malik olan Prezident İlham Əliyevin nəzərə çatdırdığı bütün faktlar və mətləblər təkzibedilməz reallığı əks etdirirdi.
Xüsusilə qeyd etmək lazımdır ki, II Qarabağ müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına və aparıcı qəzetlərinə Dağlıq Qarabağ münaqişəsinin tarixi və əks-hücum əməliyyatlarının səbəbləri haqqında geniş müsahibələr verməsi Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında böyük yol oynadı. Ölkə başçısı həmişə olduğu kimi, çoxmilyonlu auditoriyaya malik KİV-ə müsahibələrində də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bildirdi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zərurəriyyətini diqqətə çatdırdı. Prezident İlham Əliyevin qarşılıqlı milli maraqlar əsasında ABŞ, Avropa İttifaqı, GUAM və MDB ölkələri, Türkiyə, İran, İsrail və Pakistan ilə çoxvektorlu əməkdaşlığı özündə əks etdirən bir idarəetmə modeli formalaşdırdığını vurğulayan siyasi şərhçilər də həmçinin vurğulayırlar ki, ölkə başçısının  müsahibələrində səriştəliliyi, jurnalistin suallarına təmkinli və dəqiq cavabı Azərbaycanın dövlət və ictimai maraqlarının klassik müdafiəsinin növbəti təzahürü idi. Ölkə başçısının Qərb jurnalistlərinin yanlış və qərəzli təxəyyülünün məhsulu olan suallara düşünülmüş cavabları da "master-klass" nümunəsi kimi qiymətləndirildi. Bir çox siyasi analitiklər həmçinin Prezident İlham Əliyevin özlərini prokuror kimi aparmağa alışmış Qərb müxbirlərinə müsahibələrində Qərb auditoriyasına ölkəmiz və onun siyasəti haqqında dərs verdiyini də vurğulayırlar. Əlbəttə ki, bütün bu cavablar Prezident İlham Əliyevin yüksək intellektə, məlumatlılığa, natiqlik bacarığına, diplomatik məharətə malik dövlət başçısı olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ən əsası, dövlət başçımız həssas dövrdə istər Qərb mediasına verdiyi müsahibələrində, istərsə beynəlxalq səviyyəli tədbirlərdəki çıxışlarında özünün fərqli intellektual düşüncəsi, güclü məntiqi, aydın diplomatik mövqeyi ilə hamının sonsuz rəğbətini qazanmaqla yanaşı, Azərbaycanın haqlı mübarizəsində beynəlxalq hüquq normalarına uyğun davrandığını və bəşəri dəyərlərə hər zaman hörmətlə yanaşdığını diqqətə çatdırdı.
Bir sözlə, Prezident İlham Əliyev II Qarabağ müharibəsi başlanana qədər və sonra özünün diplomatik manevrləri, arqumentlərini əsaslandırmağa imkan verən tarixi-siyasi biliyi ilə dünyaya növbəti nümunə göstərdi. Siyasi analitiklər də bu fikirlə həmrəydirlər ki, Azərbaycan lideri beynəlxalq ictimaiyyətə diplomatik və hərbi məharətin mükəmməl sintez olunduğu bir strategiya təqdim etdi. Məhz bu strateya sayəsində diplomatik sahədə ciddi uğurlar əldə edildi, münaqişənin həlli ilə bağlı hüquqi baza formalaşdırıldı, tarixi həqiqətlər və real vəziyyət dünya ictimaiyyətinə çatdırıldı. Bu haqq mübarizəsində son nöqtəni isə Azərbaycan xalqının müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qoydu. 

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

5 Dekabr 2020 20:15 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə