Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşadətli ordumuz dünyanın ən güclülərindən olduğunu təsdiqlədi

Mən Birinci Qarabağ müharibəsində Laçın polis batalyonunda döyüşlərdə oldum. O vaxt yeni ailə qurmuşdum, ilk övladımın hələ 1 yaşı tamam olmamışdı. Hadisələr elə sürətlə cərəyan etdi ki, heç evə – ailəmizin yanına da gedə bilmirdik. Atama zəng edib deyə bildim ki, bacılarımı, ailəmi, uşaqları götürüb çıxın, biz döyüşəcəyik. O vaxt nə nizami ordumuz vardı, nə də vahid komandanlıq, sadəcə olaraq özümüz çalışırdıq ki, ermənilərin qarşısını alaq. Düşmən silah-sursat sarıdan bizdən çox üstün idi.

Heç vaxt yadımdan çıxmayan və bəlkə də hələ gənc ikən saçlarımı ağardan hadisə ermənilərin girov götürdükləri qız-gəlinlərimizi, qocalarımızı incidərək ratsiya ilə səslərini bizə eşitdirməkləri idi... O dəhşətli o səslər indi də qulaqlarımda səslənir. Süfrəmizdə oturub çörəyimizi yeyən bədxah düşmən necə əzazil, qəddar, amansız imiş, İlahi... İnsan deyilən kəs bu qədərmi əzazil olar? İnsan deyilmiş onlar. Qismətimizə belə düşmən düşüb...
Bacardığımız qədər döyüşdük. Silahlarımızın keyfiyyətini nəzərə alsaq, demək olar ki, əslində, əliyalın döyüşürdük. Mühasirəyə də düşdük, amma öz dağımız-dərəmiz olduğu üçün yollar tapıb xilas ola bildik. 
Aradan illər keçib... Bütün ağrı-acılarımızı ermənilərin gözlərindən tökdük. Nəhayət, möhtərəm Prezidentimizin, müzəffər Ali Baş Komandanımızın, güclü Azərbaycan Ordusunun sayəsində torpaqlarımız işğaldan azad edildi. Dövlət başçımızın cəbhə, diplomatiya və informasiya sahələrindəki düşünülmüş strategiyası Ermənistan ordusunu, onun havadarlarını darmadağın etdi. 27 ildən sonra doğma Laçınımız düşmən tapdağından azad edildi. 
Var olsun Azərbaycan dövləti! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Etibar ƏHMƏDOV,
Laçın rayonu, qazi 

5 Dekabr 2020 20:14 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə