Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Azərbaycana qazdığı quyuya özü düşdü

Əvvəllər də müsahiblərimizin, ətrafımızdakıların ağlasığmaz fakt və hadisələrlə üzləşəndə söylədikləri “deməyə söz tapmıram” ifadəsini Qələbə sevinci və bu yolda itirdiklərimizin göynərtisi ilə yaşadığımız son günlərdə tez-tez, az qala, hər rastlaşdığımız adamın dilindən eşidirik. Teleradio çıxışlarında, qəzet yazılarında soydaşlarımız Qarabağın işğaldan azad edilməsi ilə bağlı şükranlıqlarını, erməni quldurlarının ələ keçirdikləri ərazilərdə törətdikləri vandallıqlar barədə ağrı və qəzəblərini dilə gətirəndə, bir qayda olaraq, bildirirlər: deməyə söz tapmıram. Əlbəttə, söhbət indiki məqamda sevincin də, kədərin də təsəvvür edildiyindən artıq olmasından gedir.

Ağdamın işğaldan azad edildiyi gün rayonun Mahrızılı kəndindəki orta məktəbdə məndən xeyli əvvəl oxumuş, bu obada qohum-əqrabası yaşayan-- Bakı Dövlət Universitetinin türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Elbrus Əzizovla zəngləşib bir-birimizə gözaydınlığı verəndən sonra müsahibim ermənilərin işğaldan azad edilmiş ərazilərdə törətdiyi dağıntılara, Ağdam, Füzuli şəhərlərini, yüzlərlə kənd və qəsəbəmizi bütünlüklə Yer üzündən silmələrinə toxunub, ani bir duruxmadan sonra dedi: “Adam bu vəhşiliklər barədə danışmağa söz tapmır”. Cavabında dedim: “Bəli, o yerlərdə erməni vəhşiliyi o qədər hüdudsuzdur ki, hətta dil professoru da onu sözə çevirməyə çətinlik çəkir”.
Doğrudanmı, qonşunun yurdunu özününkü bilən, hiylə və qan tökməklə ələ keçirən erməni yırtıcılarının torpaqlarımızda törətdiklərini-- insan olmaqla bir araya sığmayan əməllərini ifadə etməkdə zehnimiz gücsüz, dilimiz acizdir? Bu əraziləri “özlərininki” sayırdılarsa, niyə belə viran qoyublar? “Bu yurd aşiqləri”, əslində, qonşunun yurdunu hansı əxlaq və məsləklə xarabazara döndəriblər? Bir neçə gün sonra Elbrus müəllimlə zəngləşib bu suallara cavab istədik. Müsahibimiz bildirdi:
– Ermənilərin Qarabağ münaqişəsinin ilk günlərindən elədikləri əxlaqsızlıqlar, yol verdikləri qanunsuzluqlar, törətdikləri dağıntılar, ilk növbədə, tarixdə oxşar vəhşiliklərlə qədim Romanı dağıtmış qot tayfası vandallardan məna almış “vandalizm” anlayışını yada salır və qısaca olaraq bu tarixi terminlə ifadə olunur. Dildən məişət səviyyəsində istifadə edənlərin erməni vəhşiliklərindən danışmağa uyğun söz tapa bilməməsi təbiidir. Bu çeşidli vəhşiliklərin hüqüqi dildə ümumi bir adı var: cinayət. Həmin cinayətlərinsə hər birinin öz tövsifi və uyğun cəzası olur. O ki qaldı, necə deyərlər, ürəyimizi soyudan çoxçalarlı, zəngin tutumlu, qanadlı söz və ifadələrə bu, bədii üslubda axtarılıb-tapılır. 
Şair və yazıçılarımz bu vaxtadək ermənilərin xalqımıza qarşı xəyanət və cinayətlərinin mənzərəsini yaratmaqda, bu əməllərə ad verməkdə az iş görməyiblər. Şübhəsiz, bədii söz adamları bundan sonra da erməni başkəsənlərinin, yırtıcılarının, goreşənlərinin, quldurlarının, oğrularının (nə qədər pis anlamlı, mənfi çalarlı söz varsa işlətmək olar) insanı dəhşətə gətirən əməllərinə dilimizin zənginliklərindən, təxəyyüllərinin gücündən yararlanmaqla bütün incəliklərinə qədər söz donu biçəcəklər. Mən isə bu vandallığa verilən ermənilik, erməni xəstəliyi, erməni vandalizmi, erməni faşizmi, ermənizm sözlərinin ana dilimizdə hamılıqla işlədilməsini istərdim.
– Ermənilər tutduqları əraziləri özlərininki elan etsələr də, özlərininki saymadıqlarına görə hər şeyi qarət edib, yandırıblar xarabazara döndəriblər. 
–Özünü insan sayanlar – normal hissiyatı və düşüncəsi olan adamlar bu vəhşiliyi törətməzlər. Soydaşlarımızın bütün bunlara ad tapa bilməməsi ermənilərin ikiayaqlı olub bu vandallığa yol verməsindən doğan heyrətlə də bağlıdır. Axı hər vəhşi heyvanın vurduğu ziyanın öz adı var: ilan çalır, anakonda udur, qurd parçalayır, it qapır və s. Bu məntiqlə gərək deyək: ermənilər bütün heyvani vəhşilklərin hamısını edirlər.
Yeri gəlmişkən təəssüflə xatırlayaq ki, ermənilərin vəhşilikləri təkcə işğal etdikləri əraziləri deyil, bütün cəbhə bölgəsini, ondan kənardakı şəhər və kəndlərimizi də əhatə etdi. Cəbhə xəttindəki əksər yaşayış məntəqələri də raket-mərmi zərbələri ilə dağıdıldı. Dinc insanların yaşadığı belə geniş ərazilərə ölümsaçan raket və bombaları yalnız hər vəhşiliyi özlərinə rəva bilən ermənilər ata bilərdilər. 
Onların bu hücumları hər ikimizin oxuduğu Mahrızlı kənd orta məktəbini və bu məktəbin direktoru olmuş mərhum müəllimimiz Gəray Gərayevin evini də dağıtdı. Mahrızlı məktəbi 1987-ci ildə qonşu Gürcüstanda 150-dək sakini daşqından xilas edərkən həlak olmuş qəhrəman Rahib Məmmədovun adını daşıyır. Çox təəssüf ki, erməni mərmiləri Rahibin anası 71 yaşlı Roza Məmmədovanın da ölümünə bais oldu.
Söhbətin bu yerində professor Elbrus Əzizovun yadına saldıq ki, ötən illərdə ermənilərin xalqımıza qarşı cinayət və xəyanətlərinin mahiyyətini və çevrəsini anlayıb-anlatmaqda bədiiləşmiş xalq deyimləri dilimizdə yeni işləklik qazandı. Ümumiyyətlə, “qızıl həyat düsturları” sayılan atalar sözlərimiz zaman-zaman Xeyiri və Şəri anlayımaqda,  dəyərləndirməkdə köməyimizə gəlib. Son bir qərinəlik dövrdə isə bu hikmət xəzinəsi üzləşdiyimiz erməni şərinə də işıq salıb. Ermənilərin başımıza gətirdikləri bəlaların mahiyyətini dərindən anlamağa imkan verən bir sıra uyğun atalar sözümüz mənəvi yarağımıza çevrilib. Dilçi alim nə dediyimizi göydə tutdu:
– Ötən illərdə ermənilərin dünyanı başına alan yalan və böhtanlarından xəbər tutduqca ataların bir ölməz kəlamı yada düşdü: “Adımı qoyaram sənə, səni də qoyaram yana-yana”. Başdan-başa xəstə təxəyyüllü erməni toplumundan söz açdıqca, onların ən ağıllısının, tanınmışının da millətçilik bəlasına yoluxduğunu yəqin etdikcə, hamılıqla xalqımıza dərin kin-küdurət bəslədiklərini gördükcə başqa bir atalar sözümüzü bu duruma uyğunlaşdırıb dedik: “Erməninin pisinə də lənət, yaxşısına da”.
Ermənistan Qərbi Azərbaycan dediyimiz tarixi torpaqlarımızdan soydaşlarımızı son nəfərinədək qovub, havadarlarının köməyi ilə ölkəmizin 20 faiz ərazisini işğal edib, 1 milyon azərbaycanlını qaçqın-köçkünə çevirib xalqının qələbəsindən, ordusunun yenilməzliyindən dəm vuranda acı-acı düşündük: “İt ağac kölgəsində yatır – elə bilir ki, öz kölgəsidir”. Belə vaxtlarda “Gülmə qonşuna, gələr öz başına” həqiqətini yada salmaqla, az da olsa, ovunduq. Ermənilərin havadarlarının bizə qarşı bədxahlığını isə bu günün özündə də belə dəyərləndiririk: “İt itin ayağını basmaz”. 
Ötən 30 ildə ədalətin gec-tez üstün gəlməsi məntiqinə dayaqlandıq, xalqımızın misilsiz yurd sevgisindən, torpağı ana qədər müqəddəs bilməsi gerçəyindən güc aldıq. İşğalçı Ermənistanın layiq olduğu cəzanı alacağına inamımızı bir an da itirmədik– “Nə tökərsən qazanına, o da çıxar qaşığına” və “Özgəyə quyu qazan bir gün özü düşər” kəlamlarının hikmətinə bir daha tapındıq. Bu inamımızı babaların “Qisas qiyamətə qalmaz” hökmü daha da gücləndirdi. 30 illik Qarabağ münaqişəsi və müharibəsi Ermənistanın ilk gündən gözlənilən, lakin müxtəlif səbəblərdən çox uzanan məğlubiyyəti ilə bitdi. Xalqımızın qızıl düsturunda mənalandığı kimi: Ermənilərə “gec oldusa da – güc oldu”. 
– Bəli, Azərbaycan Ordusunun Ermənistanın ordu adlanmağa layiq olmayan silahlı quldur bandalarına vurduğu sarsıdıcı zərbələrlə düşmən xalqa verilən cəza gec oldusa da-- güclü oldu. İşğalçı ölkə indi belə bir çıxılmaz duruma gəlib: onun ordusu silahı atıb qaçıb, siyasətbazları məğlubiyyətlə barışmayıb savaşı davam etdirməyi tələb edir, xalqı isə övladlarını qırğına verdiklərinə görə məsuliyyətsiz rəhbərlərinin yaxasından yapışıb. Bu yerdə Azərbaycan Prezidenti İlham Əliyevin dillər əzbərinə çevrilən, müdrik ata sözləri sırasına yazılan “Qarabağ Azərbaycandır!” və “Bəs nooldu, Paşinyan?” qanadlı ifadələri haqqın-ədalətin qələbəsinin geç olsa da – güclü olmasının təsdiqi kimi səslənir.

 

Söhbəti yazdı: 
Tahir AYDINOĞLU, 
“Xalq qəzeti”

5 Dekabr 2020 20:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə