Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ruhun gücü ilə qazanılan zəfər

Vətən müharibəsi ordumuzun tarixi zəfəri ilə başa çatdı. 30 ilə yaxın müddətdə işğalçılıq siyasətini “qalib tərəf” ədası ilə “əsaslandırmaq” cəhdində olan, öz “qalibiyyət”indən başı gicəllənən düşmən, tarixi məğlubiyyətə uğradı. Müzəffər ordumuzun məğlub etdiyi qüvvələr yalnız Ermənistan silahlı qüvvələri deyildi, yalnız Ermənistan hərbi-siyasi rəhbərliyi deyildi... Azərbaycanın qələbəsi yalnız bəlli şəhərlərin, qəsəbə, kənd və strateji yüksəkliklərin azad edilməsi deyildi. Bu zəfər, necə deyərlər, öz bəşəri mahiyyəti ilə bir zəfərdən daha artıqdır! 

Ermənistan yalnız özünü təmsil etmir, o, bütün şər qüvvələrin ümumiləşmiş obrazıdır, xüsusilə, XXI əsr faşizminin əsas simasıdır. Almaniyanın, İtaliyanın müvafiq olaraq, Hitler və Mussolinidən sonra rəsmən imtina etdiyi faşizmin XX əsrin sonları, XXI əsrin əvvəllərində harada baş qaldıracağı barədə 40 -- 50 il bundan öncə müzakirə açılsaydı, çox güman ki, bunun postsovet məkanında “müttəfiq respublika”da baş verəcəyini proqnozlaşdıran olmazdı. O zaman ki, Ermənistan SSRİ-nin tərkibində idi. SSRİ-nin əsas tarixi nailiyyəti isə məhz faşizm üzərindəki qələbə idi. Deməli, faşizm əleyhinə çıxış edə-edə, beynəlmiləlçiliyi, bərabərliyi, sosializm qardaşlığını və s. tərənnüm edərək də nasizmi bəsləmək mümkün imiş. Bu mümkünsüzü mümkün etmək üçün gərək erməni olasan, Ermənistan olasan. Gərək dildə beynəlmiləlçilik deyə - deyə beynində faşizmi “bəsləyən”, ruhun zədəli ola gərək. Başqa necə bu qədər diametral şəkildə ikiləşmək, nihilizmə yuvarlanmaq olar? Qaregin Njdeyə 6 metrlik heykəl ucaldan, terrorçuluğu danılmaz Monte Melkonyana “Ermənistanın Milli Qəhrəmanı” adı verən, onun qəhrəmanlığını kitab-dəftərə salan hansı zehniyyətdir?

Ermənistan belə Ermənistandır: Köçəryan, Sarkisyan, Paşinyan... adlar dəyişir, ideoloji-siyasi qiyafə dəyişir, faşizm xətti isə əsla dəyişmir. Əgər Xocalı günahkarları Köçəryan -- Sarkisyan tandemindən sonra, onları tənqid edərək, inqilab yolu ilə hakimiyyətə gəlmiş Paşinyan da faşizm yolu tutdusa, deməli, adlar yox, o cəmiyyət, o dövlətin özülü zədəlidir. Guya, “demokrat” Paşinyan sələflərinə “rəhmət oxutduracaq” qədər nadürüst oldu, cəbhədən uzaq Gəncəyə, Bərdəyə dinc sakinlərə, körpələrə, uşaqlara, qadınlara, qocalara qadağan olunmuş raketlər atdı. Sələflərindən fərqli olaraq, “mən etməmişəm” -- dedi. Əlbəttə, etiraf edib-etməməsindən asılı olmayaraq, Köçəryan - Sarkisyan cütlüyünün adı üstündə Xocalı günahkarlarıdır. Bununla belə, Paşinyan “demokrat” libası geyərək meydana atılmışdı və onlardan daha uzağa getmək planları içindəydi. Azərbaycanın “dəmir yumruğu” onun ərazilərimizin qəsbi ilə bağlı hərbi-siyasi planlarını ildırıma, zəlzələyə məruz qoydu. 44 gündə Ermənistan cəmiyyətinin qəflət yuxusu qaçdı. İndi olmayan papaqlarını qabaqlarına qoyub fikirləşmələri lazım. Qriqorianlıq yarımməzhəbində də tövbə formulu var, yəqin. Tövbə etməlidir o cəmiyyət, o toplum. Tövbə Tanrı ilə bəndəsi arasında olan məsələlər kateqoriyasına aiddir, biz isə uğursuz, baş tutmamış Ermənistan dövlətini beynəlxalq məhkəmələrə verəcək, təzminat tələb edəcəyik. O qədər təzminat ki, Ermənistanda tutar qalmayacaq... Qalmasın da! Özünə xeyri olmayan, yalnız başqasına ziyan vermək üçün mövcud olan bir dövlətin batması haqdır! Bu missiyanı Azərbaycan dövlətinin əli ilə edən Allaha şükürlər olsun! Demək ki, bizim işimiz haqq işidir, mübarizəmiz İlahi qaynaqlıdır.
Görün, biz kimi məğlub edərək Zəfər qazanmışıq! 
Sentyabrın 27-dən başlayan döyüşlərin gedişatı, tapdaqdan qurtulmuş torpaqlarımızda aşkarlanan heyrətamiz hərbi istehkamlar, sıradan çıxarılmış, qənimət götürülmüş (təqribən 3 - 4 milyard dollar civarında), müxtəlif çapda və növdə olan hərbi texnika, silah - sursat... aydın göstərir ki, ordumuzun qarşısında, illər uzunu aşırı dərəcədə təşkilatlanmış düşmən vardı;
Kürəyində güclü əllər duran Ermənistan, beynəlxalq aləmdə xərçəng kimi yayılmış dünya erməniliyi ilə özünü yenilməz hiss edirdi. 44 günlük müharibə boyu “kürəkdəki əllər” görünməmiş dərəcədə fəallaşdı. Xeyirin təmsilçisi Azərbaycana qarşı öz Şər üzü (üzsüzülüyü) ilə ciddi təzyiqlərə başladı;
Ermənistan 30 il ərzində “Azərbaycanın öz torpaqlarını hansı istiqamətdən azad etmə hərəkatına başlayar?” – sualına qarşı tədbirlər tökərək, xüsusilə, Ağdam, Füzuli istiqamətində bir neçə qat möhkəmləndirilmiş, eşelonlaşdırılmış müdafiə sistemi, “siçovul yuvaları”, hərbi hiylə mexanizmləri və s. qurmuşdu. Tank əleyhinə artilleriyanı, dağatıcılarını, bəlkə digər bölmələrdən bir neçə dəfə güclü hazırlamış, tər yerinə qan çıxıncayadək məşq etmişdilər. Ancaq bir şeyi hesablamamışdılar – onlar işğalı möhkəmləndirmə işlərini (qara niyyətlə və) əllə görmüşdü, biz isə öz torpağımızı azad etmək işini yalnız əl-ayaqla deyil, eşqlə, həsrətlə və ruhun gücü ilə gördük! Bu halda, erməni tərəfi şeytan fəhləliyi edib, bizim hərbçilərin gördüyü iş isə sənətkarlıqdır. Bəli, bu, sənətdir, bu estetikadır. Müharibəni də, dinc yaşamı da urvatdan salan Ermənistana qarşı ləyaqətli müharibə apardıq biz. Əcdadlarımızın ənənələrini çağdaş hərb texnologiyalarının kamil tətbiqi ilə birləşdirərək, doğrudan da, sənətkarlıq etdik. Və bu, düşmənin miskinliyini, saxtakarlığını bir daha üzə çıxardı, öz qazdığı quyuya özünün düşməsini şərtləndirdi.
Qarabağ torpaqlarımıza bəlkə Ermənistandakı ailələrin sayı qədər mina basdıran düşməni nə o minalar, nə “keçilməz Ohanyan xətt”i, nə torpağın altında qazdıqları “siçovul yuvaları”, nə bizim olan Qarabağın göy üzünü bizdən “qoruyan” “S-300” -- lər, filanlar... xilas edə bilmədi. Bizim qabağımızı kəsə bilmədilər, işğalçıları iti qovan kimi qovduq. Azərbaycan əsgəri yalnız irəli getdi! Həmin o Ohanyan da, başqa yaxası dəmir-dümür dolu saxta “qəhrəman”lar da rüsvayçılıqdan qurtula bilmədi. O Ohonyan Şuşa ətrafında doğulmuş, böyümüşdü, Şuşanın azadlığından az öncə öz istəyi ilə “Şuşa komendantı” təyin olunmuşdu. Şuşa da Şuşadır – məlumunuz – dağlar başında təbii istehkamlı, az yollu, çox qayalı bir şəhər. O şəhər ki, biz, orada tankla-topla, minamyotla və s. müdafiə olunan düşmənə dağlardan dırmaşaraq, bıçaqla, tapança ilə qalib gəldik! Dağa dırmaşanlarımız içində ən yüksək rütbə polkovnik idisə, şəhərin erməni “komendantı” yaxası dəmir-dümür dolu, sərəncamında çoxsaylı hərbi bölmələr olan təcrübəli general-polkovnik idi! Deməli, məsələ malik olduğun ruhda, ruh gücündə, qan yaddaşındadır! Ohonyanın zabit şərəfi olsaydı, intihar edərdi. Ümumən Şuşanın azad edilməsində sonra Ermənistan hərbi-siyasi rəhbərliyi öz dəmir-dümürlərindən, fəxri ad və titullarından, daşıdığı vəzifədən imtina etməyibsə, deməli, abırsızlıqdan ciddi əziyyət çəkirlər.
Gəlin etiraf edək ki, işğalçı Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda, başqa ölkələrdə ali hərbi təhsil almış, ixtisasa uyğun xidmət etmiş və çağdaş hərb texnologiyalarını, yenilikləri vaxtaşırı öyrənmişdi. Rusiyadan, Fransadan, digər ölkələrdən erməniəsilli döyüşçülər, xüsusi təyinatlılar, PKK, ASALA terrorçuları, Suriyadan, Livandan və başqa yerlərdən xeyli sayda peşəkar muzdlu bizim ordumuza qarşı döyüşlərdə vuruşurdu.
Ordumuz bax belə mürəkkəb, dolaşıq amillərin mövcudluğu ortamında tarixi zəfər qazandı.
Bu tarixi zəfəri daha da qiymətli edən, onu şərtləndirən daha hansı məqamları fərqləndirə bilərik: 
Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi;
Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda dəmir nizam-intizamın, çevikliyin olması;
Dərin düşünülmüş hərb strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikasının seçilməsi;
Doğma torpaqlar uğrunda vuruşan Azərbaycan əsgər və zabitinin yüksək mənəvi-psixoloji durumu, vətənpərvərliyi;
Dövlət -- xalq birliyi və ­başqaları...
 Bunlar hər dövrdə, hər xalqda olmur. Bunlar bizim nemətimizdir.
 Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan 8 noyabrı – Zəfər Günü elan etmək haqqında sərəncam imzalayıb. O, Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. 2020-ci il, dekabrın 4- də, saat 12.00-da respublika ərazisində bir dəqiqəlik sükut elan edildi. Eləcə də, 10 dekabrda Qələbə Paradı keçiriləcək. Bütün bunlar şəhidlərimizin ruhuna əbədi ehtiramın ifadəsi, milli dövlətçilik irsimizə sədaqətin təntənəsi, ulularımızın ruhuna dərin sayğının parlaq təcəssümüdür.
 Böyük Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçumuz şəhid olub, 100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab edilir, 1245 hərbi qulluqçumuz hazırda tibb müəssisələrində müalicə alır. Heç şübhəsiz, şəhidlərimizin adı, təvəllüdü, rütbəsi, keçdiyi döyüş yolu haqqında layiqli şəkildə məlumatlar toplanacaq, qəhrəmanlarımızın həyatı dastanlaşacaq, döyüş yolu öyrəniləcək. İtkin hərbçilərimizin tapılması üçün zəruri tədbirlər görüldüyü də şübhəsizdir. Həkimlərimiz də öz sıralarında yaralı hərbçilərimizə fədakarcasına qulluq edir. Hər kəsə təşəkkürlər! 
Zəfərin mübarək olsun, Azərbaycanım!
Bayrağın uca olsun, əziz dövlətim!
Ordumuzun uğurları bol olsun, yaralı qazilərimiz tez sağalsın!
Şəhidlərimizin ruhu şad, itkinlərimizin yolu yaxın olsun!
Dövlətimiz zaval görməsin! Amin!
 
 
Əkbər Qoşalı,
Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı
5 Dekabr 2020 20:12 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə