Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Robert Köçəryan və Serj Sarkisyan çoxsaylı cinayətlərin və terror aktlarının təşkilatçılarıdır

Şanlı 44 günlük müharibə Azərbaycanın 30 illik həsrətdən sonra öz ərazi bütövlüyünü bərpa etməsi, doğma torpaqlarını işğaldan azad etməsi, bir sözlə, Qələbə ilə bitdi. İstər döyüş, istər diplomatik, istərsə də informasiya sahəsində işğalçı ölkənin məğlubiyyəti Ermənistan cəmiyyətində və ictimai-siyasi sferada gərginlik, yaradıb, hakimiyyət əleyhinə etiraz aksiyaları səngimək bilmir.

Ermənistanın sabiq rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın mətbuatda müharibənin gedişatı və səbəbləri ilə bağlı səsləndirdikləri fikirlər ölkədə vəziyyəti daha da gərginləşdirib. 
Ölkənin sabiq prezidenti Robert Köçəryanın “5-ci kanal”a verdiyi müsahibədə müharibəni yaxınlaşdırmaq üçün iqtidarın hər şeyi etdiyini bildirməsi, ölkəsinin məğlubiyyətinin səbəblərinə və Azərbaycan ordusunun qələbəsinə toxunması diqqətçəkən məqamlardandır. 
Birinci Qarabağ müharibəsində əli dinc azərbaycanlıların qanına batmış Robert Köçəryan müsahibəsində etiraf edib ki, bu ilin iyununda Tovuz istiqamətində baş vermiş təxribatların başlamasında məhz erməni tərəfi təhrikedici rol oynayıb: “Bu döyüşlər bizim tərəfimizdən başladıldı. Baş qərargah rəisinin 12 iyunda Ermənistanın müharibəyə hazır olmaması barədə məruzəsindən bir ay sonra müharibəyə başlamaq, bu hadisənin əhəmiyyətini şişirtmək, 70 əsgərə medal vermək, həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək təxribat deyilsə, nədir?”
Ermənistanın Qarabağa aid olmayan ərazidə Ermənistan--Azərbaycan sərhədində Tovuz sərhədi boyunca təxribatçı əməlləri qarşı tərəfin işğalçı mahiyyətini dünyaya nümayiş etdirdi. Robert Köçəryanın iqtidarı tənqid etmək fonunda ölkəsinin bu təxribatını etiraf etməsi onu göstərir ki, ölkənin ictimai siyasi elitasının 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətdən sonra həqiqətləri dilə gətirməkdən başqa çarələri qalmayıb: “Erməni tərəfinin günahı ucbatından hər şey uğursuz oldu. Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”. 
Robert Köçəryan o adamdır ki, Birinci Qarabağ savaşında müharibə cinayətlərində iştirak etmiş, 1994-1996-cı illərdə Azərbaycanın işğal altında olan ərazisində yaradılmış qondarma separatçı rejiminə rəhbərlik etmiş, daha sonra 1998-2008-ci illər ərzində Ermənistanın prezidenti olmuşdur. Nərəzə alaq ki, onun 10 illik prezidentliyi dövründə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin danışıqlar yolu ilə həlli prosesi Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi üzündən nəticəsiz qalıb. 
2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərində müşayiət olunan pozuntulara qarşı olan kütləvi etirazlar polis zorakılığı, bir sıra nümayişçilərin ölümü ilə nəticələnmişdi ki, bunun da əsas günahkarı məhz Robert Köçəryan idi. 
O vaxt prezident seçkilərinin nəticələrini tanımayanların nümayişinin dağıdılması zamanı silah tətbiq edilməsi və nəticədə, 10 nəfər mülki şəxsin, iki polis əməkdaşının həlak olması, 200-dən çox insanın xəsarət alması ölkədə böyük rezonans yaratmışdı. 
Həmin dövrdə Robert Köçəryan aksiya iştirakçılarına divan tutulmasına dair öz qərarını nümayişçilərin bir hissəsinin Maştots prospekti yaxınlığındakı mağazaları qarət etməsi, bir neçə polis avtomobilini və avtobusları yandırması, həmçinin polis işçilərinə ağır xəsarət yetirilməsi ilə əsaslandırmağa ­çalışmışdı. 
Sabiq prezident yalnız illər sonra --2018-ci ildə on il əvvəl baş vermiş etiraz aksiyalarının dağıdılmasına görə konstitusion quruluşu devirmək ittihamı ilə həbs edildi. Nəticədə baş vermiş hadisələrlə bağlı onun məhkəmə prosesi başladı və bu, yerli medianın uzun illər baş mövzusuna çevrildi. Bu dəfə yerli mətbuat səhifələri Robert Köçəryanın öz xalqına qarşı cinayət törətməsindən, divan tutmasından, yüzlərlə insanın xəsarət almasından yazdı. 
Törətdiyi cinayət əməllərinə görə məhkəmə qarşısında ifadələr verən Robert Köçəryan 4,1 milyon dollar girov məbləğində azad edildikdən sonra yenidən baş qaldırdı. 
Robert Köçəryandan sonra, ölkənin prezidenti postunda əyləşmiş Serj Sarkisyanın da avtobioqrafiyasında Xocalıda qanına qəltan edilmiş günahsız azərbaycanlıların, məsum körpələrin qətli yer tutur. Və o, bu cinayətləri etiraf etməkdən çəkinmir. Əksinə, Xocalıda baş verən qətliamların fəal iştirakçısı olan Serj Sarkisyan britaniyalı jurnalist, Karnegi Beynəlxalq Sülh Fondunun təhlilçisi Tomas de Vaala müsahibəsində deyib: ”Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Və həmin müsahibədə Sarkisyan erməni qüvvələrinin Xocalıda məqsədyönlü şəkildə dinc əhalini qırdığını öz etirafı ilə təsdiqlədi və bir daha işğalçı ölkənin əsl mahiyyətini nümayiş etdirdi.
Serj Sarkisyanın adı 1999-cu ildə parlamentdə törədilmiş terror aktının təşkilatçısı kimi çəkilməkdədir. 
1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində dövlət rəsmilərinə qarşı həyata keçirilmiş terror bu ölkənin on doqquzuncu əsrdən bu yana, başladığı “qanlı ənənə”nin müasir dövrdə də davam etdiyini sübut etdi. Araşdırma və iddialar göstərir ki, parlamentdə terror aktının törədilməsində həm Robert Köçəryanın, həm Serj Sarkisyanın əli var. Belə ki, erməni siyasətçilər və təhlilçilər hesab edirlər ki, baş nazir Vazgen Sarkisyanın, parlament sədri Karen Dəmirçiyanın və digər aparıcı siyasətçilərin qətlinin arxasında prezident Robert Köçəryan və Serj Sarkisyan durur.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dəfələrlə "Köçəryanı və Serj Sarkisyanı və onların cinayətkar-oliqarxik sistemini parlamentə hücumun həqiqi günahkarları olmaqda" ittiham edib və çıxışlarında bu məsələlərə toxunub. 
Erməni Milli Konqresi qanlı terror aktının 10-cu ildönümü ilə əlaqədar açıqlamasında Köçəryan və Serj Sarkisyanı qətllərdə günahlandıraraq bir çox şəxslərin onları hadisələrin əsl günahkarları hesab etdiklərini bildirdi. Konqresin açıqlamasında deyilirdi: "27 oktyabr terror yolu ilə iqtidarın zorla ələ keçirilməsi idi”.
Göründüyü kimi, təkcə Azərbaycan xalqına qarşı deyil, öz xalqının nümayəndələrinə qarşı da qanlı cinayətlər törətmiş bu şəxslər xalqın etibar və etimadını çoxdan itiriblər və gec-tez cinayətlərinə görə beynəlxalq məhkəmə və xalq qarşısında cavab verəcəklər.

 

Əfsanə ƏLƏSGƏRLİ, 
“Xalq qəzeti”

5 Dekabr 2020 20:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə