Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa özünün qərəzli mövqeyi ilə Dağlıq Qarabağla bağlı proseslərə qayıda bilməz

Azərbaycan xalqının 44 günlük müharibədə Ermənistana qalib gəlməsi bir çox ölkələrin aşına su qatıb. Azərbaycandan min kilometrlərlə məsafədə yerləşən bəzi ölkələrin, xüsusən Fransanın mövqeyini ümumiyyətlə başa düşmək mümkün deyil. Bu ölkə istər Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı aparılmış təxminən 30 illik danışıqlar dövründə, istərsə də Azərbaycanın əks-hücum əməliyyatları zamanı sonadək işğalçı və terrorçu Ermənistanı dəstəkləyib. Bu dəstək indinin özündə də və daha eybəcər şəkildə davam edir. 

Azərbaycan ictimaiyyətinə yaxşı məlum olduğu kimi, bir qədər əvvəl Fransa Senatı “dqr”in tanınması ilə bağlı hökumətə müraciət etmişdi. Senatda “Avropa və Şərqin xristian icmalarının və erməni xalqının qorunması” adlı qətnamənin qəbulundan cəmi bir həftə sonra, dekabrın 3-də Fransanın Milli Assambleyası da eyni addımı atıb. Qərarda Dağlıq Qarabağın təcili olaraq tanınmasının vacibliyini vurğulanır. Milli Assambleya deputatlarından 188 nəfər qərarın lehinə, 3 nəfər isə əleyhinə səs verib.
Əlbəttə, Fransa Milli Assambleyasının qərarı tövsiyə xarakterlidir və heç bir hüquqi təsir gücünə malik deyil. Bununla belə, ATƏT-in Minsk qrupunun həmsədri funksiyasını üzərinə götürmüş Fransanın əsl simasını göstərmək üçün yaxşı tutarlı dəlildir. Buna görə də Fransanın həmsədrliklə bir araya sığmayan təxribatçı hərəkətləri beynəlxalq aləmdə ciddi qınaqla qarşılanıb. İlk növbədə, Azərbaycan Prezidenti İlham Əliyev verdiyi müsahibələrdə və etdiyi çıxışlarda Fransanın ədalətsiz mövqeyini dəfələrlə tənqid edib. 
Azərbaycan lideri Laçın rayonunun işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində də bu barədə ətraflı danışıb. Azərbaycanın erməni faşizminə ağır zərbə vurduğunu və bununla fəxr etdiyini deyən dövlət başçısı əlavə edib ki, əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə, buyurub versin: “Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr, indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər. Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz”. 
Bu, Azərbaycan Prezidentinin prinsipial mövqeyidir: heç kəs Azərbaycanın daxili işlərinə qarışmasın. Bu mövqe rəsmi Moskva və Ankara tərəfindən də birmənalı dəstəklənir. Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağın tarixən Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın addımlarına qarşı sərt mövqe nümayiş etdirərək deyib ki, bu ölkə ATƏT-in Minsk qrupunda vasitəçidir, amma onun bu cür bitərəf olmayan yol tutması düşündürücüdür: “Bundan sonra Fransa vasitəçi kimi etibarlılığını itirib. Makronun prezidentliyi dövründə Fransa çox təhlükəli dövr yaşayır. “Sarı jiletlilər” “Qırmızı jiletlilər”ə çevrilə bilər. İdarəçi olaraq hansı qərarı verəcəklərini görəcəyik”.
Türkiyə Prezidenti daha sonra bildirib ki, Prezident İlham Əliyevin fransızlara bir tövsiyəsi olub: “Dedi ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də eyni məsləhətləri verirəm. Bu münaqişəni azərbaycanlı qardaşlarım özləri həll etdilər və hazırkı vəziyyət yarandı”.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da Fransa Milli Assambleyasının qəbul etdiyi “Avropa və Şərqin xristian icmalarının və erməni xalqının qorunması” adlı qətnaməni qınayaraq deyib ki, onun qəbulundan sonra Fransa Milli Assambleyası parlament kimi öz ciddiliyini itirib. Onun sözlərinə görə, dünyada heç bir dövlətin, hətta Ermənistanın belə tanımadığı Dağlıq Qarabağı dövlət olaraq tanımaq qərarı qəbul edən bir parlament ancaq fransız nağıllarında özünə yer tapa bilər: “Fransa hökumətinin də beynəlxalq hüquqa görə Azərbaycana aid olduğunu qəbul etdiyi torpaqları müstəqil bir dövlət kimi tanıyan qətnamə qəbul edən parlamentarilər ancaq komik aktyorlar olaraq iş görə bilərlər. Fransa hökumətini ciddi olmağa dəvət edirik, fransız xalqının bu absurd qərarı qəbul etməyəcəyinə inanırıq”.
Qeyd edək ki, Fransa parlamentarilərinin belə bir qərar etməsi ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan XİN-in məlumatına görə, görüşdə Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmalarının və erməni xalqının qorunması” adlı 3 dekabr tarixli qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası səfirə təqdim edilib. Səfirin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb. Fransa səfiri Azərbaycan XİN-in mövqeyini Parisin diqqətinə çatdıracağını bildirib.
Azərbaycan ictimaiyyətinin fikrincə də, Fransa Senatının ardınca parlamentin aşağı palatası olan Milli Assambleyanın da bu cür qərəzli bir qətnamə qəbul etməsi siyasi riyakarlıq nümunəsi kimi qiymətləndirilməlidir. Çünki Fransa parlamenti və hökuməti Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərə həmişə birtərəfli yanaşıb və birmənalı olaraq işğalçı və terrorçu dövlət olan Ermənistanın yanında olub. Azərbaycan ərazilərinin, eləcə də dini və mədəni abidələrimizin son 30 il ərzində Ermənistan ordusu və əhalisi tərəfindən daşına, kərpicinə qədər dağıdılıb oğurlanması Fransanı qəti narahat etməyib. Azərbaycanın öz ərazi bütövlüyü bərpa etməsindən sonra Fransanın yadına düşüb ki, Şərqdəki xristian abidələrini qorumaq lazımmış. Və belə iyrənc bir qətnamə meydana çıxıb. Azərbaycan ərazisindəki xristian abidələrinin Fransaya, eləcə də Ermənistana heç bir dəxli olmadığı (onlar alban irsidir) halda, Parisin bu qədər səs-küy qaldırmasını riyakarlıqdan başqa necə adlandırmaq olar?!
Bu barədə Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində çox dəqiq məlumat verib. Bildirib ki, Kəlbəcər ərazisindəki tarixi abidələr – həm məscidlər, həm də kilsələr bizim tarixi sərvətimizdir: “Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq”. 
Prezident deyib ki, Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdir olunur. Bununla bağlı “narahatlıq keçirən” bəzi Qərb dairələri dönüb Azərbaycan ərazisində vəhşi və barbar ermənilər tərəfindən dağılmış məscidlərə –Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə baxsınlar. Həmin məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib. Onların içərisində donuz saxlayıblar. Azərbaycan lideri haqlı olaraq soruşur: “Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın”.
Təbii ki, Fransanın antiislam, antisemit davranışları, ermənipərəst, antitürk, anti-Azərbaycan mövqeyi Avropa İttifaqı daxilində dəstək tapa bilmədi və tapa bilmir. Artıq vəziyyət o həddə çatıb ki, Fransanın xarici işlər naziri senatın qətnaməsinə açıq şəkildə etirazını bildirərək bəyan edir: Ermənistan özü Qarabağı tanıya bilmir və tanımır, biz necə tanıya bilərik. Bütün bu deyilənlərdən belə bir nəticə hasil olur ki, Fransa qatı ermənipərəst və antitürk mövqeyi ilə özünü Dağlıq Qarabağla bağlı prosesdən kənarda qoyub və yenidən hansısa formada bu proseslərə qayıtmaq istəyir. Ancaq unudur ki, artıq qatar gedib...

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

5 Dekabr 2020 20:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə