Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rəşadətli ordumuz dünyanın ən güclülərindən olduğunu təsdiqlədi

Mən Birinci  Qarabağ müharibəsində Laçın polis batalyonunda döyüşlərdə oldum. O vaxt yeni ailə qurmuşdum, ilk övladımın hələ 1 yaşı tamam olmamışdı. Hadisələr elə sürətlə cəryan etdi ki, heç evə ailəmizin yanına da gedə bilmirdik. Atamgilə zəng edib deyə bildim ki, bacılarımı, ailəmi, uşaqları götürüb çıxın, biz döyüşəcəyik.

O vaxt  nizami ordumuz yox,  vahid komandanlıq yox,  sadəcə özümüz çalışırdıq ki, ermənilərin qarşısını alaq. Onlar silah-sursat baxımından bizdən  çox üstün idilər.

Heç vaxt yadımdan çıxmayan və bəlkə də hələ gənckən saçlarımı ağardan hadisə ermənilərin girov götürdükləri qız-gəlinlərimizi, qocalarımızı incidərək ratsiya ilə səslərini bizə eşitdirməkləri idi... Qulaqlarım o səsləri indi də  unutmayıb. Süfrəmizdə oturub çörəyimizi yeyən bədxah düşmən necə əzazil, qəddar, amansız   imiş İlahi... İnsan deyilən kəs bu qədərmi əzazil olar? Demək ki, insan deyilmiş onlar.  Qismətimizə şərəfli düşmən düşməyib...

Bacardığımız qədər döyüşdük. Silahlarımızın keyfiyyətini nəzərə alsaq, demək olar ki, əslində, əliyalın döyüşürdük. Mühasirəyə də düşdük, amma öz dağımız-dərəmiz olduğu üçün yollar tapıb xilas ola bildik. Davamlı döyüşmək üçün ayaqda idik...

Aradan illər keçib... Bütün ağrı-acılarımızı ermənilərin gözlərindən tökdük. Bu gün möhtərəm Prezidentimizin, müzəffər Ali Baş Komandanımızın,  güclü Azərbaycan Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildi. Dövlət başçımızın cəbhə, diplomatiya və informasiya sahələrindəki düşünülmüş  strategiyası  Ermənistan ordusunu, ounn havadarlarını darmadağın etdi. 27 ildən sonra doğma Laçınım düşmən tapdağından azad edildi.

Var olsun Azərbaycan dövləti! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Etibar ƏHMƏDOV,
Laçın rayonu, qazi

5 Dekabr 2020 10:46 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə